Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı

19-03-2024, 12:15

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı

İqtisadi, siyasi, sosial və s. sahələrdə qurulan əməkdaşlıq münasibətləri dünya dövlətləri arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir. Mövcud münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib. Azərbaycanın bir sıra dünya ölkələri ilə qurduğu münasibətlər möhkəm təməl üzərindədir. Azərbaycan ilə Gürcüstan arasında da əlaqələr də möhkəm təməllər üzərində qurulub. İki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb. Dövlətlərarası diplomatik əlaqələr ikitərəfli münasibətlərin inkişafına stimuldur və regionlarası əməkdaşlıq yüksələn xətlə inkşafdadır. Mövcud münasibətlər enerji, nəqliyyat və logistika kimi sahələrdə əməkdaşlığa öz töhfəsini verir. Onu da bildirək ki, Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir və hər il ilk beşlikdə yer alır.
Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəmizə rəsmi səfəri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin göstəricisidir. Gürcüstanın Baş nazirinin ölkəmizə rəsmi səfəri çərçivəsində ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb ki, bu da əməkdaşlığın daha da genişlənməsi işinə töhfədir .
Prezident İlham Əliyev mətbuata bəyanatında bildirib ki, Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır: "Bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar. Bu möhkəm zəmin üzərində dövlətlərarası münasibətlər qurulmuşdur".
Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi kökləri tarixi dövrü əhatə edir. Əsrlər boyu qonşu olan Azərbaycan və gürcü xalqları arasında heç bir zaman ciddi problem, münaqişə olmayıb. Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliyin qarantına çevrilib. Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstanın dövlətçiliyinə dəstək olmuşlar. Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və Azərbaycan da öz növbəsində hər zaman Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən dövlətdir. Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir.
Həyata keçirilən qlobal layihələr də bu münasibətlərin dərinləşməsində müstəsnalıq təşkil edir. Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Ötən dövrdə hər iki ölkənin həyatında tarixi əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin tikintisi sahəsində intensiv işlər aparıldı və 2005-ci il mayın 24–25-də neft kəmərinin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin istifadəyə verilməsi mərasimi keçirildi. Hər iki ölkənin səyləri ilə reallaşan layihələr iqtisadi inkişafa təsir göstərməklə yanaşı, bölgə üçün, eləcə də Avrasiya üçün də bu dövlətlərin əhəmyyətini artırıb. "Birgə həyata keçirdiyimiz infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq. Xüsusilə nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq" – deyə Prezident bildirib.
Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması əldə olunan nailiyyətlər sırasındadır. "Bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq" - deyən Prezident bu dəmir yolunun fəaliyyətinin bir çox ölkələr üçün də cəlbedici olacağını da vurğulayıb. Bu ayın əvvəlində Bakıda ənənəvi Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının keçirildiyini xatırladan dövlətimizin başçısı Gürcüstanın bu tədbirdə yüksək səviyyədə təmsil olunduğunu və Azərbaycan, Gürcüstan və Türkiyənin bu layihənin təşəbbüskarları kimi xüsusi rola malik olduqların qeyd edib.
Prezident İlham Əliyevin mətbuata bəyanatla çıxışında Azərbaycan Gürcüstan arasında çoxşaxəli əməkdaşlığı əks etdirən məqamlara nəzər salarkən, Azərbaycan qazının Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edildiyini bildirib. Azərbaycan qazını alan ölkələrin sayı artıq 8-ə çatıb və yaxın gələcəkdə bu ölkələrin sayının artacağını dövlətimizin başçısı bir mesaj olaraq diqqətə çatdırıb. Avropa qitəsində də Azərbaycan qazına tələbat ildən-ilə artacaq.
Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin - Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s. reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir.
"Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcəkdir" deyən Prezident həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı olduğunu diqqətə çatdırıb. Onu da bildirək ki, Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 900 milyon dollara yaxındır və keçən il təxminən 15 faiz artıb.
Möhkəm təməllərə əsaslanan dövlətlərarası münasibətlər, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlıq buəlaqələrin daha da dinamik inkişafına xidmət edir. Dövlətləri birləşdirən çoxtərəfli əlaqələr, eləcə də çoxəsrlik dostluq, qardaşlıq münasibətləri möhkəm, qırılmaz bağlara əsaslanır.


İman ABDUYEV, politoloq




Facebook'da Paylaş