Regional əməkdaşlığın əhəmiyyəti

18-09-2023, 13:28

Regional əməkdaşlığın əhəmiyyəti

Həmkarları Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etməsini yüksək qiymətləndirblər
Azərbaycan hər zaman regional əməkdaşlığa da xüsusi önəm verir. Məkəzi Asiya ölkələri ilə də Azərbaycan istər ökələrarası, istərsə də ümumi regional olaraq sıx əməkdaşlıq edir. Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Prezident İlham Əliyevin son 1-2 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Bu baxımdan sentyabrın 14-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünün keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Öncəliklə xatırladaq ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinin keçirilməsi təşəbbüsü 2017-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürülüb. Birinci görüş Qazaxıstanda, ikinci görüş Özbəkistanda, üçüncüsü Türkmənistanda, dördüncüsü isə Qırğızıstanda keçirilib.
Diqqət çəkən məqam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etməsidir. Çünki görüşdə çıxış edən Tacikistan Prezidenti Emoməli Rəhmon, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dövlətimizin başçısının tədbirdə iştirakını yüksək qiymətləndiriblər. Çıxışlarda Prezident İlham Əliyevin bu sammitdə iştirakı türkdilli xalqların çoxəsrlik dostluq tellərinin və qarşılıqlı anlaşmanın hərtərəfli möhkəmlənməsinə yönəlmiş səmimi səylərinin göstəricisi olaraq vurğulanıb.
Öz növbəsində Prezident İlham Əliyev görüşdə çıxış edərək bu tədbirdə Azərbaycanın iştirakına verdikləri dəstəyə görə həmkarlarına minnətdarlığını bildirib: “Mən bu il qardaş Tacikistana ikinci dəfə səfər edirəm. Apreldəki dövlət səfərim, səfər çərçivəsində qəbul olunmuş qərarlar və imzalanmış sənədlər münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdi. Tacikistan Prezidentinin Azərbaycana dövlət səfərini səbirsizliklə gözləyirik. Əminəm ki, səfər əlaqələrimizin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Bu fürsətdən istifadə edərək dost Tacikistan xalqını Müstəqillik Günü münasibətilə təbrik etmək istəyirəm”.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri də xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. İki ölkə arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Bu il isə aşağıdakı memorandumlar imzalanıb; “Azərbaycan Sahibkarlar Konfederasiyası və Tacikistanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair”, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası İctimai Birliyi və Tacikistan İş Qadınlarının Milli Assosiasiyası arasında əməkdaşlığa dair”, “Azərbaycan Beynəlxalq Mədən Şirkəti və Tacikistanın Talco Management şirkəti arasında əməkdaşlığa dair”, “AzərTürk Bank və Аmonatbonk arasında anlaşma memorandumu”. İmzalanmış bu sənədlər iki dövlət arasında əlaqələri daha da çoxşaxəli səviyyəyə qaldırıb. Bu da əməkdaşlığın yeni istiqamətlərinin yaramasına rəvac verib. Ayrıca Mərkəzi Asiya ökələri, eləcə də Tackitanla ticarət dövriyyəsi daha da artıb. Prezident İlham Əliyev bu haqda da danışaraq deyib ki, ikitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır: “Sevindirici haldır ki, həmin iki istiqamət üzrə göstəricilər davamlı artıma malikdir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb”.
Bu gün Orta Dəhlizin artan əhəmiyyəti də xüsusi vurğulanmalıdır. Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzinə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək. Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının artması türk birliyinin güclənməsi baxımdan da önəmlidir. Bunun üçün çox böyük potensial var. Cənab Prezidentin dediyi kimi, regional formatda əməkdaşlıq ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq.

Paşazadə Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi




Facebook'da Paylaş