Azərbaycana səmimiyyətin göstəricisi

24-08-2023, 22:03

Azərbaycana səmimiyyətin göstəricisi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin bu səfərindən sonra iki dövlətin əlaqələrinin səviyyəsi daha da yüksələcək

 Tarixən Azərbaycan-Özbəkistan dostluq və qardaşlığa əsaslanan münasibətlər qurub. Müxtəlif zamanlarında bu münasibətlər hər iki dövlətin bir-birlərini dəstələməklə daha da möhkəmlənib. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana və Ümummilli Lider Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyən edilib. Belə ki, Prezident İslam Kərimovun 1996-cı il mayın 26-27-də Azərbaycana ilk rəsmi səfəri zamanı iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanıb. Özbəkistan daima beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Yeri gəlmişkən, Özbəkistan 2008-ci ilin martında BMT Baş Assambleyasında səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs verən və Azərbaycanı birmənalı olaraq dəstəkləyən  yeganə Mərkəzi Asiya dövləti olub. Biz bu dəstəyi Vətən müharibəsi günlərində də gördük. 2021-ci ilin martında Türk Dövlətləri Birliyinin videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirilib. Həmin görüşdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan xalqını və şəxsən Prezident İlham Əliyevi Qarabağın işğaldan azad olunması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. 2021-ci ilin noyabrında da İstanbulda Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə Şavkat Mirziyoyev bu mövzuda səmimi çıxış edib. Bu gün isə Azərbaycan-Özbəkistan əlaqləri ən yüksək səviyyəyə qalxıb. İki dövlət rəhbərinin dostluq münasibətləri əlaqələrin inkişafına əhəmiyyətli şəkildə öz təsirini göstərib. Bu da əməkdaşlıq əlaqələrinin uğurunu təmin edən önəmli amildir. Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Bütün sahələrdə ildən-ilə qarşılıqlı şəkildə edilən əməkdaşlıq güclənir. Əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qarşılıqlı rəsmi səfərləri iki dövlət arasında münasibətləri daha da möhkəmləndirir. Bu gün istər rəsmi Daşkənd səviyyəsində, istər özbək xalqı səviyyəsində Azərbaycana xüsusi münasibət göstərilir. Bu haqda Prezident İlham Əliyev 22 avqust tarixində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanat da qeyd edib.

Prezident İlham Əliyev bu səfəri dostluq və etibarlı münasibətləri bildirən əlamətdar səfər olaraq dəyərləndirib: "Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərinin məhz Azərbaycana etməsi əlamətdar haldır. Sözügedən fakt bizim qardaşlığımızın və dostluğumuzun göstəricisidir".

Qeyd edək ki, Azərbaycan bu yaxınlarda Özbəkidtanda keçirilən Pezident seçkilərinin gedişatını və nəticələrin yüksək səviyyədə qiymətləndirib. Şavkat Mirziyoyevin yenidən Özbəkistan Prezidenti seçilməsi bu ölkədəki demokratiyanın əyani nümunəsidir. Özbək xalqı bu seçimi ilə ölkənin inkişafına səs vermiş olub. Onu da deyək ki, Prezident İlham Əliyev Şavkat Mirziyoyevi yenidən Özbəkistan Prezidenti seçilməsi münasibəti ilə ilk təbrik edənlərdən olub.

Özbəkistan Prezidentinin avqustun 22-də ölkəmizə növbəti səfəri daha bir səmimiyyət göstəricisidir. Bu səfər perspektiv əməkdaşlıq üçün yeni-yeni istiqamətlər açır. Prezident İlham Əliyevin bəyanatında qeyd etdiyi kimi, səfər çərçivəsində səmərəli görüşlər təşkil olundu: "Görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edildi, eləcə də bütün sahələrdə - beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları müəyyən olundu".

Səfər çərçivəsində Prezidentlərin təkbətək və geniş tərkibdə görüşlərdə apardıqları müzakirələr və imzalanan sənədlər əməkdaşlığı daha da dərinləşdirəcək. Bunu dövlətimizin başçısı belə qiymətləndirib: "Səfər çərçivəsində imzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilədir. Sözügedən fakt ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir".

Özbəkistanla humanitar əməkdaşlığın da əhəmiyyəti böyükdür. Azərbaycan Prezidenti İlham Əliyev isə ölkələrimiz arasında əlaqələrin, xüsusilə də humanitar sahədə əməkdaşlığın əhəmiyyətini önə çəkərək qeyd edib: “Biz ölkələrimiz arasında humanitar əməkdaşlığı çox yüksək qiymətləndiririk. Bu, tamamilə təbiidir, çünki xalqlarımız qardaş xalqlardır, yaxın xalqlardır. Biz özbək ədəbiyyatını, musiqisini, mədəniyyətini çox sevirik. Yəni, bunlar sizin üçün olduğu kimi, bizim üçün də əziz və doğmadır".

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin bu səfərindən sonra iki dövlətin əlaqələrinin səviyyəsi daha da yüksələcək. Çünki bunun üçün çox geniş potensial və imkanlar mövcuddur. İnanırıq ki, yaxın gələcəkdə  Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artacaq.



Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent




Facebook'da Paylaş