Azərbaycan enerji təminatında böyük layihələr müəllifidir
Azərbaycan Avropa enerji təminatının şaxələndirilməsində mühüm əhəmiyyətə malik ölkədir. Belə ki, tranzit ölkə olaraq beynəlxalq aləmdə reallaşdırdığı layihələrlə yüksək imicə sahibdir. Ölkəmizin həyata keçirdiyi xarici siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələr müəllifi olaraq çıxış edir.
Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib və hazırda tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə töhfə verərək, Avropa bazarında enerji resurslarını şaxələndirərək yeni bazarlar əldə edib.
Görülən işlərin nəticəsidir ki enerji məsələləri ilə bağlı mühüm əhəmiyyətli beynəlxalq tədbirlər paytaxt Bakıda keçirilir. Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları bunun təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı "Euronews" televiziyasına müsahibə verərək, çox önəmli məsələlərə toxunub.
Prezident İlham Əliyevin "Euronews" televiziyasına verdiyi müsahibədə toxunduğu məsələlər bir mesaj olaraq ötürüldü. Prezident İlham Əliyev müsahibəsində Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar bir çox müxtəlif ideyaların olduğunu diqqətə çatdırıb. Cənub Qaz Dəhlizinin uğurlu istismarı və inkişafındakı nailiyyətlər və gələcək addımlarla bağlı fikirlərini ifadə edib. "Biz bu layihəyə başlayanda bunun necə olacağına dair çoxlu müxtəlif ideyalar var idi"-deyən Prezident bildirib ki, nikbin düşünənlər də, bədbin düşünənlər də var idi:"Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik. Lakin biz əzmli idik və bilirdik ki, bunu etmək mümkündür. Ancaq bizim geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız var idi". Azərbaycan Cənub Qaz Dəhlizi layihəsini həyata keçirməklə həm Azərbaycan-Aİ əməkdaşlığına, həm də Avropanın enerji təhlükəsizliyinin təminində ciddi rola malikdir. Əlbəttə ki, bu eləcə də, iqtisadi münasibətlərimizin genişlənməsində mühüm şərt kimi səciyyələnir. Vurğulamaq yerinə düşər ki, Azərbaycanla əməkdaşlığı uzunmüddətlidir və bu səbəbdən, Azərbaycan Cənub Qaz Dəhlizinin genişləndirilməsi üzərində işlərin 2027-ci ilə qədər qaz ticarətinin iki dəfə artırılması nəzərdə tutulur.
Bütün bunlarla yanaşı, Azərbaycan alternativ enerji siyasətini gücləndirir, "Yaşıl enerji"yə böyük önəm verir. COP29-un bu il ölkəmizdə keçirilməsi də bunu təsdiqləyir. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Dövlətimizin başçısı müsahibəsində COP29-dan danışıb. Prezident İlham Əliyev jurnalistin bu məsələ ilə bağlı sualına cavabında COP29-un bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil etdiyini vurğulayıb: "Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik". Prezidentin bildirdiyi kimi Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır və Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Azərbaycan 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırır.
COP29-un Bakıda keçirilməsi qərarı, həm də Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir. ötən il dekabrın 25-də Prezident İlham Əliyev iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə "Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması barədə" Sərəncamında rəqabətqabiliyyətli iqtisadiyyatın dayanıqlı inkişafı, ölkənin təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsi kimi əsas prioritetlər nəzərdə tutulur.
Son 20 ildə həyata keçirilən layihələr nəticəsində Azərbaycanın enerji sektorunda bərpaolunan enerjinin payı sürətlə artır.Ölkəmizin bu il COP29-a ev sahibliyi etməsi yaşıl enerji amilinə verilən önəmin ifadəsidir.
Əbilfəz Mahmudov, Binəqədi Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın üzvü, energetik
Facebook'da Paylaş