Azərbaycanın enerji təhlükəsizliyi strategiyası
Xəzər dənizində hasil olunan qazın tranzit ölkələr vasitəsilə ixracı inkişaf etməkdədir
Xəzər regionu dünyanın enerji təchizatında getdikcə daha çox rol oynayır. Bu çərçivədə regionda yerləşən Azərbaycanın hasil etdiyi qaza Avropa ölkələrindən böyük maraq ifadə olunmaqdadır. Azərbaycanın enerji strategiyasının əsas istiqamətlərindən biri təbii qazın Avropa bazarlarına çatdırılmasıdır. Kommersiya baxımından Azərbaycan müxtəlif ölkələrlə bir sıra əhəmiyyətli layihələri nəzərdən keçirib. Azərbaycanın enerji sahəsində əməkdaşlıq etdiyi ölkələrdən biri də Macarıstandır. Yanvarın 30-da Prezident İlham Əliyev Macarıstana rəsmi səfəri zamanı Budapeştdə mətbuata verdiyi bəyanatda Avropa dövlətləri, eləcə də Macarıstanla enerji sahəsində əməkdaşlığın konturlarını açıqlayıb: “Uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratdı. Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır”. Onu da deyək ki, ölkəmizin beynəlxalq nüfuzunu artmasında “Cənub Qaz Dəhlizi”nin də əhəmiyyətli rolu var. “Cənub Qaz Dəhlizi”nin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir. 2011-ci ildə Aİ və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalayıb. Birgə Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaradıb. Azərbaycan təbii qazının 31 dekabr 2020-ci ildə Avropa bazarına tədarükünə başlanılıb. Cənub Qaz Dəhlizinin ümumi dəyəri, təxminən, 40 mlrd. ABŞ dollardır.
Azərbaycan enerji resurslarının ixrac marşrutlarının diversifikasiyasına böyük önəm verir. Enerji sektorunu ildən-ilə sürətlə inkişaf etdirən Azərbayacan bu sahədə önəmli sənədlərə imza atır. Məlumdur ki, ötən ilin iyul ayının 18-də Bakıda “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Bu sənəd Azəərbaycanın Avropa ilə enerji təhlükəsizliyi baxımında geniş əməkdaşlığının başlanğıcını qoydu. Prezident İlham Əliyev Macarıstanda bəyanatında bu məsələni də xüsusi qeyd edib: “Keçən il Avropa Komissiyası ilə imzalanmış sənədə əsasən, Azərbaycan qaz təchizatını iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırır. Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var”.
Azərbaycan təbii qazının sıxılaraq Avropaya ixracı prioritedir. Ümumiyyətlə, artıq Azərbaycan Avropanın qaz təchizatında aparıcı rol oynayır. Cənab Prezident çıxışında vaxtilə məşhur olan NABUKKO qaz kəməri layihəsini də xatırladıb: “Vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini biz indi canlandırmışıq. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək”. Qeyd edək ki, dəyəri 7,9 mlrd. avro olan NABUKKO qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qazın ixracı nəzərdə tutulurdu. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilmişdi. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləri idi. Avropa bazarının qaza olan tələbatının artması üçün NABUKKO layihəsi ilə bunun təmin olunacağı gözlənilirdi. Lakin bu layihənin reallaşması mümkün olmadı. Hazırda “Şahdəniz” yatağı üzərindən bu işlər görülür.
Uzunmüddətli enerji təhlükəsizliyinə nail olmaqda Xəzər dənizinin rolu artmaqdadır. Azərbaycanın dünyanın enerji tələbatını ödəmək üçün hasilatın artırılması, əldə olunan məhsulların ixraca yönəldilməsi, infrastruktur, logistika, nəqletmə, beynəlxalq və milli neft-qaz şirkətləri ilə əməkdaşlıq imkanları genişlənir. Xəzər dənizində hasil olunan qazın tranzit ölkələr vasitəsilə ixracı inkişaf etməkdədir. Bu baxımdan Macarıstanla da əməkdaşlıq xüsusi önəm daşıyır.
İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor
Facebook'da Paylaş