Bütün Qarabağ inkişaf edir
Vətən müharibəsindən dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpasına başladı. Bölgədə sürətlə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, təməli qoyulan kəndlər, şəhərlər Qarabağın və Şərqi Zəngəzurun tezliklə ölkəmizin çiçəklənən diyarına çevriləcəyindən xəbər verir. Eyni zamanda, dövlət tərəfindən Böyük Qayıdış planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər olunub.
29 sentyabr 2023-cü il tarixində Şərqi Zəngəzur 53 ölkədən 200-ə yaxın xarici qonağın iştirak etdiyi beynəlxalq tədbirə ev sahibliyi etmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı etdi. Dövlət başçısı çıxışı zamanı erməni işğalından əziyyət çəkən insanların çətin şəraitdə yaşadıqlarını, mənəvi çətinliklərlə üzləşdiklərini, öz haqlı hüquqlarından məhrum edildiklərini xatırladan dövlətimizin başçısı vurğulayıb: “Böyük Qayıdış Proqramının icrası artıq imkan verib ki, keçmiş məcburi köçkünlər Laçın şəhərinə, Füzuli şəhərinə, Ağalı kəndinə, Talış və Zabux kəndlərinə qayıtsınlar”.
Bildiyiniz kimi, Zəngilanda pilot yaşayış layihəsi ilə yanaşı pilot kənd təsərrüfatı layihəsi də həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. Bu da öz növbəsində Zəngilanın gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə töhfə verəcəyi, həm də insanların işlə təmin edilməsidir.
Qarabağın "yaşıl enerji" zonası elan edilməsi də müasir texnologiyalar əsasında infrastrukturun yaradılması istiqamətində mühüm işlərdəndir. Bildiyiniz kimi azad edilmiş ərazilərimizə il köç Zəngilan rayonu Ağalı kənd sakinlərinin qismətinə düşdü. Keçən ilin iyul ayında baş tutan Böyük Qayıdış çərçivəsində Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanıldı. Yaşayış massivlərinin məhz "ağıllı kənd" konsepsiyası əsasında reallaşdırılması yenidənqurma işlərinin modernliyinin göstəricisidir. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramının uğurlu icrasına nail olmaq məqsədilə azad edilmiş ərazilərdə keçmiş məcburi köçkünlərin daimi məskunlaşmasının təmin edilməsi, həmin ərazilərin cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməsi, müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühitinin yaradılması əsas tələblərdəndir.
Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, Böyük Qayıdış Proqramının bir tərkib hissəsi də məşğulluqdur. Bildirmək istəyirəm ki, bu sahədə də dövlətimiz tərəfindən görülən işlərin əsas istiqamətləri məhz məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılmasından ibarətdir.
Qısa müddətdə Qarabağda iki beynəlxalq hava limanının təhvil verilməsi ölkəmizin gücünü göstərməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun intensiv bərpa olunduğundan və eləcə də həmin bölgələrdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsindən xəbər verir. Tədbirdə çıxışında da Prezident cənab İlham Əliyev bildirib ki, Zəngilan hava limanı mühüm əhəmiyyətə malikdir, çünki yüklərin daşınması daha asan olacaq: “Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur”- Azərbaycan Prezidenti qeyd edib. Əminliklə deyə bilərik ki, beynəlxalq hava limanlarının tikintisi ilə işğaldan azad edilmiş ərazilərin sürətli bərpası və gələcək inkişafı təmin ediləcəkdir.
Yerigəlmişkən, işğaldan azad edilmiş ərazilərdə iqtisadi cəhətdən quruculuğun təmin edilməsi ölkənin ümumi istehsal-təsərrüfat dövriyyəsinin inkişafının əsas hərəkətverici qüvvələrindən biri kimi qiymətləndirilməlidir. Qarabağın ölkənin ümumi istehsal-təsərrüfat dövriyyəsinə inteqasiyası üçün həmin ərazilərdə kifayət qədər potensial imkanlar mövcuddur. Regionun təbii sərvətlərlə zəngin olması bir sıra istiqamətlərdə, xüsusilə sənaye və xidmət sahələrində innovativ məhsul istehsalı və xidmətlərin göstərilməsi üçün böyük üstünlüklər yaradır.
Bölgənin yol infrastrukturunun da surətlə şaxələndiyini Forum iştirakçılarının diqqətinə çatdıran ölkə başçımız bildirib ki, “Paytaxt Bakıdan bütün istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilib. İşğal dövründə həmin dəmir yolları Ermənistan qüvvələri tərəfindən sökülüb. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə bu nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq”.
Sonda bir daha bildirmək istəyirəm ki, uzun illər işğal altında qalan torpaqlarımızda həyat bərpa edilib, qısa müddətdə Qarabağ öz doğma sakinlərinə qovuşdu və bu gün də mühüm işlər görülməkdədir.
Mönsüm ALIŞOV, pedaqoji elmlər doktoru, professor
Facebook'da Paylaş