Bu gün azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işləri uğurla həyata keçirilir

3-10-2023, 11:49

Bu gün azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işləri uğurla həyata keçirilir

29 sentyabr 2023-cü il tarixində ölkəmiz növbəti dəfə beynəlxalq toplantıya ev sahibliyi etdi. Zəngilanda 53 ölkədən 200-ə yaxın xarici qonaq iştirak etdiyi “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu keçirildi.
Şərqi Zəngəzurun beynəlxalq tədbirə ev sahibliyi etməsi təsdiq edir ki, uzun illər işğal altında qalan torpaqlarımızda həyat bərpa edilib. Forumun açılış mərasimində ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Ağalı “ağıllı kəndi”nə, - burada videoda da siz onu gördünüz, - ötən bahar aylarında həyat qayıdıb. Orada sakinlər xoşbəxt yaşayırlar. Mən Ağalı kəndində dəfələrlə olmuşam - sakinlərin qayıdışından əvvəl və sonra. Mən onun şahidi oldum ki, oraya qayıdan insanlar öz köklərinə nə dərəcədə bağlıdırlar. Heç zaman öz vətənini görməyən gənc nəsil qayıdıb. Bu, onu nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə necə dərindən bağlıdır.”
Bu gün azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işləri uğurla həyata keçirilir. Böyük quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzurda coşqunluq yaşanır, müxtəlif istiqamətli layihələrin sürətli icra prosesi gedir. Yeni avtomobil və dəmir yolları, hava limanları, körpülər, tunellər, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su-elektrik stansiyaları tikilir.
Düşmən işğalı nəticəsində xarabazara çevrilən bu torpaqlarda ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə “ağıllı şəhər” və “ağıllı kənd” layihələri icra edilib, müasir infrastruktur layihələrinin reallaşması üçün lazımi addımlar atılıb.
Azərbaycanın ən gözəl guşələrindən olan Zəngilan rayonunun kifayət qədər böyük iqtisadi potensialı var. Zəngilanın mövcud potensialı, məhsuldar torpaq sahələri kənd təsərrüfatının inkişafı baxımından vacib ərazilər hesab olunur. Rayonun coğrafi mövqeyi və təbii sərvətləri burada heyvandarlığın, biznesin inkişafına, məşğulluğun təmin olunmasına, bütövlükdə bölgənin dirçəlməsinə təkan verir.
Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi növbəti tarixi hadisə oldu. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxmından çox vacibdir. Hava limanın istifadəyə verilməsi yeni iş yerlərinin yaradılmasına da xidmət edəcək. Bu isə xüsusən, işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşan vətəndaşlarımızın məşğulluğunun təmin olunması baxımından da vacibdir. Qarabağdan dünyanın ayrı-ayrı ölkələrinə birbaşa səfərlərin təşkil edilməsi isə əlavə bir üstünlük bəxş edəcəkdir. Eyni zamanda, bu torpaqlarda sovet dövründə mövcud olan, işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən sökülən, darmadağın edilən dəmir yolu xəttləri bərpa edilir. Bərpa edilən dəmir yolları Azərbaycandan Naxçıvana, Türkiyəyə, İrana, Avropaya qədər uzanacaq. Dəmir yolu xətləri, hava limanı, altı və dörd zolaqlı avtomagistrallar Zəngilanı Şərqi Zəngəzurun və Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirdi.
Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur. Ölkə rəhbəri bildirib ki, enerji potensialı, nəqliyyat, yaşayış layihələri - bunların hamısı bizim gündəliyimizin tərkib hissəsidir. Əminəm ki, biz bütün vəzifələrə, hədəflərə nail olacağıq və növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkünü evlərinə qaytaracağıq. Yeri gəlmişkən, qeyd edim ki, artıq 2300 məcburi köçkün evlərinə qayıdıb və ilin sonunadək onların sayı 5500-ə çatdırılacaq.
Zəngilanda keçirilən 2-ci Milli Şəhərsalma Forumunda şəhər planlaması və inkişafa dair təcrübə mübadiləsi, regionun gələcəyi barədə aparılan fikir mübadiləsi deməyə əsas verir ki, işğaldan azad olunmuş ərazilərdəki doğma kənd və şəhərlərimizdə uzun illər məcburi köçkün həyatı yaşayaraq yurd həsrəti çəkmiş soydaşlarımız üçün ən yaxşı həyat şəraiti yaradılacaq. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımız qürurla dalğalanır. Erməni vandalizminin izləri otuz il düşmən işğalı altında qalmış şəhər, qəsəbə və kəndlərimizdən birdəfəlik silinir.


Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru




Facebook'da Paylaş