TARİX YAZAN ƏLİHÜSEYN

10-10-2023, 19:54

TARİX YAZAN ƏLİHÜSEYN


TARİX YAZAN ƏLİHÜSEYN

Tarix boyu müharibələr çox olub. Bu müharibələrdə oğullarımız şəhidlik zirvəsinə ucalıblar. Ölməzliyə və əbədiyyətə qovuşan böyük zirvə! Bu zirvəyə yüksəlmək də hər insana qismət olmayıb. Çünki zirvəni fəth edənlər Allahın sevimli bəndəsi olan şəhid oğullardır. Bu gün hər birimiz onların ruhları qarşısında baş əyirik! Haqqında söhbət açacağım qəhrəmanım Vətən müharibəsi şəhidi Əlihüseyn Məmmədovdur. O, 1998-ci il yanvarın 24-də Bakıda anadan olub. Uşaqlıq illəri Şəki şəhərində babasıgildə keçib. I sinfi də 2005-ci ildə Şəki şəhərindəki 18 nömrəli məktəbdə oxuyub. Sonradan ibtidai təhsilini 2009-cu ildə Bakıdakı Xarici dillər təmayüllü gimnaziyada alıb.
Tale elə gətirir ki, Əlihüseyn Məmmədov yenidən Şəki şəhərinə qayıdaraq təhsilini 18 nömrəli tam orta məktəbdə davam etdirir. Məktəbdə sakit təbiəti, yüksək intellekti, xoş rəftarı ilə seçilir. Əlihüseyn texniki fənləri öyrənsə belə tarix müəllimi ona öz fənnini sevdirir. Bəlkə də tarix müəllimi ağlına gətirməzdi ki, atestatına “5” qiymət yazdığı şagirdi Əlihüseyn vaxt gələcək qəhrəmanlığı ilə tarix yazacaq! İllərin tez keçməsindən Əlihüseyn xəbər tutmur. Saf və kövrək qəlbinin dərinliyində haray salan, bitib-tükənməyən arzuları çox idi Əlihüseynin! Onun arzularının ilk pilləsində isə ali təhsil almaq, tələbə olmaq dayanırdı. 2016-cı ilin isti yay günü Əlihüseynin həyatına xoşbəxt gün kimi daxil olur. Çünki o, tələbə adını qazanmışdı, nüfuzlu ali məktəb olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İstilik energetikası mühəndisliyi fakültəsinə daxil olmuşdu. Ən çox oğlunun uğuruna sevinən isə anası Arzu xanım oldu. Arzu Məmmədova nümunəvi təhsil işçisi kmi şagirdlərinin uğuruna hər zaman arxa olduğundan övladı Əlihüseynə mənəvi dəstək olur.

Tələbəlik illərində Əlihüseyn düşünür ki, gündüzlər oxumaqla bərabər, axşamlar işləməlidir. Əslində ailədə Əlihüseynin işləməyinə ehtiyac olmasa belə onu fikrindən döndərmək də olmur. Beləcə, Əlihüseyn Məmmədov universitetdə təhsil aldığı illərdə “Araz” supermarketlər şəbəkəsində əvvəl satıcı, sonra kassir işləyir. Gündüzləri oxumaqdan, gecələri işləməkdən yorulmayan Əlihüseyn özünə etibarlı dostlar qazanır. Ürəyinin saflığı, mərhəməti ilə seçilən Əlihüseyn o qədər güclü iradəyə malik idi ki, dostlarının əhatəsində yorğunluğunu belə unudardı. Çoxdan idi ki, istədiyi arzusunu reallaşdırmaq niyyətində idi. Bu arzusu ilə bağlı ən böyük sirdaşı olan anasına “mən “Əlinin burgeri” adlı yemək məkanını açmaq istəyirəm” - demişdir. Ana da bu fikirlə razılaşmışdı.

Şirin söhbətləri, mənalı düşüncələri ilə hər zaman hamının diqqətindəydi Əlihüseyn! Valideynləri, qardaşı və bacısı Ruhəngiz də Əlihüseynlə fəxr edərdi. Universiteti bitirəndən sonra Əlihüseyn Vətənə şərəflə xidmət etməyi isə bircə an yadından çıxartmır. O, universitetdə imtahanları verdikdən sonra hərbi xidmətə çağrılmağını belə həsrətlə gözləyir. Nəhayət, o, anasına çağırış vərəqəsini göstərərək özünün nə qədər sevincli olduğunu söyləyir. Bu xəbər Arzu xanım üçün gözlənilməz olur. Oğlunun Vətənə xidmət borcunu, əsgər anası olmaq hissini içində çox duyğulandırır və göz yaşına qərq olur.
2020-ci il 7 iyul. Bu tarixdə Əlihüseyn Məmmədov Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağrılır. Beyləqanda yerləşən “N” saylı hərbi hissədə atıcı kimi xidmət edir. Hərbi andiçmədən sonra Məmmədovlar ailəsi əsgər Əlihüseynin yanına getmək üçün hazırlıq görür. Narahatlıq keçirən Arzu xanım oğlunun sevdiyi yeməkləri və müxtəlif şirniyyatları bişirərək əsgər oğlunun görüşünə tələsir. Axı, iki ay idi ki, bişirdiyi ev yeməklərini Əlihüseyn yeməmişdi. Ana həm də istəyirdi ki, oğlu ilə görüşəndə, onu bağrına basıb, isti nəfəsini duysun.
Beləcə, 2020-ci il 6 sentyabr tarixində Əlihüseyn ailəsi ilə görüşür. Ancaq anası Arzu xanım bilmirdi ki, 21 gün sonra mənfur ermənilərə qarşı II Qarabağ müharibəsi başlayır, Vətənə sədaqət andı içən Əlihüseynlə isə bu son görüşdü!

27 sentyabr 2020-ci ildə erməni faşıstlərinə qarşı Vətən müharibəsi başlayır. 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun hərbi qulluqçuları igidliklə vuruşurlar. Azərbaycan əsgəri Əlihüseyn Məmmədov düşmənə layiqli cavab vermək üçün Füzuli, Cəbrayıl, Xocavənd uğrunda döyüşlərdə iştirak edir. İkinci Qarabağ müharibəsində neçə-neçə döyüşdə qəhrəmanlıq göstərir. Ancaq Məmmədovlar ailəsi Əlihüseynin müharibədə iştirak etdiyini bilmir. Hətta tez-tez evə zəng edən Əlihüseyn anasını belə inandırıb demişdi ki, “hərbi xidmətdəyəm, işlərim çox yaxşıdır”.
Oğlunun döyüşdə iştirakndan xəbərsiz olan ananın narahatlığı isə getdikcə artırdı. Əlihüseyn də bacardıqca evlə telefon əlaqəsini kəsmir, anasının həyəcanını aydın hiss edirdi. Sonuncu zəngində Əlihüseyn anasına nigaran qalmamağı tapşırır.
Vətən müharibəsində yurd təəsübü çəkən Əlihüseyn Məmmədov torpaqlarımızın erməni işğalından azad edilməsində əsl kişi kimi döyüşür. Komandir Özal Quluzadə onun müharibədə göstərdiyi qəhrəmanlıq haqqında demişdir:
"Əlihüseyn verilən tapşırıqları tez mənimsəyirdi və böyük həvəslə yerinə yetirməyə çalışırdı. Bir dəfə döyüş zamanı mərmi az qalmışdı. Olduğumuz yerə də hərbi maşın gələ bilmirdi. Bir qrup əsgərimə mərmi gətirilməsi üçün tapşırıq verdim. Əlihüseyn də həmişə olduğu kimi özünü qabağa verərək, bu tapşırığı icra etməyi məndən xahiş etdi. O, uzun məsafə qət edərək mərmiləri gətirdi.”

Hələ sağlığında “Xəyalıımda qurduğum xoşbəxtliyə bir gün bu kəpənək kimi uçaraq qovuşacam...” – deyən Əlihüseynin arzusu gerçək olmasa da, ancaq o, sinəsini Vətən yolunda, torpaq yolunda sipər etdi. 2020-ci il oktyabrın 9-da Füzuli istiqamətində gedən döyüşdə Əlihüseyn Məmmədov düşmənin atdığı mərminin qəlpəsindən şəhid olur, əbədiyyətə qovuşur. İgid, cəsur döyüşçü Əlihüseyn Məmmədov Şəki şəhərindəki Şəhidlər qəbiristanlığında dəfn edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş hərbi qulluqçu Əlihüseyn Məmmədov ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları ilə təltif olunub. Hazırda Bakının Sabunçu rayonu ərazisindəki yaşadığı binanın divarına şəhid Əlihüseyn Məmmədovun xatirə lövhəsi vurulub.
Bakının Suraxanı rayonundakı 226 nömrəli tam orta məktəbin direktoru, şəhid Əlihüseynin anası Arzu Məmmədovaya vətənpərvər, igid və qəhrəman oğul böyütdüyünə görə təşəkkür edirik! Arzu xanıma ən böyük təsəllimiz odur ki, Vətənin dar günündə şəhadətə ucalan Əlihüseyn Məmmədovla indi bütün Azərbaycan fəxr edir!
Nur içində yat Əlihüseyn, məkanın cənnət olsun!

Təranə CƏBİYEVA




Facebook'da Paylaş