Cənnətdə ilk yaşın mübarək, əziz şəhidim!

11-11-2021, 11:34

Cənnətdə ilk yaşın mübarək, əziz şəhidim!


Heç yadımdan çıxmır, 2016-cı ilin Aprel döyüşlərindən bir neçə ay sonra bir şəhid zabitimiz haqqında məqalə hazırlamaq üçün onun ailə üzvləri ilə görüşə getmişdim. Şəhid kapitanın ibtidai sinif müəllimi olan ömür-gün yoldaşı xatirələrini bölüşəndə maraqlı bir epizod danışdı. Deməli, həmin zabit mühüm döyüş tapşırığını yerinə yetirmək üçün bir axşam növbəti səfərə hazırlaşanda “Xəzər” tv-də “Xəbərlər” proqramı gedirmiş. Həmin vaxt Bakı-Qazax yolunun Yevlax şəhərinə yaxın yerində baş vermiş ağır yol qəzası göstərilir. Bir ailənin faciəli ölümündən xəbər tutan zabit dərindən ah çəkib yoldaşına deyir: “Neçə illərdi ki, bu yollardayam, təsadüfi ölümün qurbanı olmaqdan elə qorxuram ki, kaş Allahım mənə Vətənimiz yolunda şəhidlik nəsib etsin”. Və 4 günlük Aprel savaşında qəhrəmancasına şəhid olan hərbçilərimizdən biri də həmin zabit olur.

Müəllimə bu söhbəti danışandan sonra üzünü azyaşlı övladlarına tutub dedi: “Yoldaşımın ruhu qarşısında söz vermişəm ki, övladlarımızı onun adına layiq dəyərli vətəndaşlar kimi böyüdəcəm”. Ürəyimdə şəhid yoldaşına “Afərin olsun, bacım” deyib düşünərək yazını hazırlamaq üçün redaksiyamıza yola düşdüm...


Əslində Aprel döyüşü zamanında düşmənə dərs olmalıydı, amma erməni faşistləri öz məkrli niyyətlərindən əl çəkmədi və cəbhə xəttində ordumuza qarşı yeni təxribatlar törətməkdə davam etdilər. Belə təxribatlardan biri ötən ilin iyul ayında Tovuz istiqamətində baş verir. Düşmənin hücumunu dəf edərkən bir neçə hərbçimiz, o cümlədən rəşadətli generalımız Polad Həşimov da şəhid olur. Gecənin bir aləmində şəhid generalın nəşi yaşadığı Sumqayıt şəhərinə gətiriləndə bütün paytaxt, ölkə əhalisi ayağa qalxmışdı. Hər kəsin səbri tükənmişdi, qocalı-cavanlı hamı düşmənlə döyüşməyi tələb edirdi.

Nəhayət, 2020-ci ilin 27 sentyabrında 44 günlük Vətən müharibəsi başlandı. Bu savaş şanlı ordumuzun yekdil qələbəsi ilə yekunlaşaraq Azərbaycan xalqının əyiıməz iradəsini nümayiş etdirdi. Noyabrın 8-də böyük, şanlı zəfərimiz müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən bəyan olunanda sevincimiz yerə-göyə sığmadı. Ordumuzun, xalqımızın və dövlətimizin sarsılmaz birliyi hesabına Azərbaycan işğalçı Ermənistanı məğlub edərək illər boyu işğalda qalan torpaqlarımızı mənfur düşmənin caynağından xilas etdi.
Yaxşı deyirlər ki, qələbəni qurbansız qazanmaq olmur. Bu yolda 3 minə yaxın Vətən övladı şirin canını fəda etdi, minlərlə döyüşçümüz sağlamlığını qurban verib qazi adını qazandı.
Bu günlərdə 22 yaşı böyük bir izdihamla qeyd olunan nur üzlü şəhidimiz Qasımov Elman Yunis oğlunun əziz xatirəsinə bu yazını hazırlamağı özümə borc bildim.

Elman bir zəhmətkeş ailənin – Yunis qardaşımızın və Sevil bacımızın tək oğul övladı idi. Hacıqabul rayonunun Udulu kəndində doğulub boya-başa çatmışdı. 1-ci Qarabağ müharibəsində şəhid olan Sabir Gülmalıyevin adını daşıyan orta məktəbdə oxumuşdu. Yaxşı təlim-tərbiyəsi ilə qohum-qardaşı, müəllimlərinin dərin hörmətini qazanmışdı. Orta təhsilini başa vurandan sonra Gəncə şəhərindəki bir kollecə qəbul olub, orada da tələbə yoldaşlarının sevimlisi idi. Vaxtı-vədəsi yetişəndə yaşıdları kimi Vətənə övlad haqqını ödəmək üçün ordu sıralarına yola düşür və sentyabrın 27-də başlanan Vətən savaşına qatılır. Cəsarətlə döyüşürdü, qəhrəman silahdaşlarından geri qalmırdı. Amma Suqovuşan ətrafında şiddətli döyüş Elmanın timsalında daha bir gəncimizin arzularını yarımçıq qoyur. Elman Qasımov bu döyüşdə şəhadət zirvəsinə ucalır.
İkinci sinifdə oxuyan bir oğlan uşağından bir dəfə soruşanda ki, şəhidlik haqqında nə bilirsən, onda tərəddüd etmədən belə demişdi: “Əmi, şəhidlik Vətən uğrunda can fəda etməkdir!” Elə buna görə də şəhidə sadəcə ölüb demək qəbahətdir, çünki onlar ölmür, cənnətə qovuşaraq daim xatirələrdə yaşayırlar.

Noyabrın 8-i Zəfər Günü idi, hamı böyüklü-kiçikli o şanlı günümüzü bayram edirdi. Həmin gün şəhid Elman Qasımovun doğulduğu kənddə “Xatirə bulağı”nın da açılış mərasimi idi. Ad günündə keçirilən bu tədbirə bütün el-oba toplaşmışdı, kənardan da nə qədər qonaqlar gəlmişdi. Elmanın xatirəsini yaşadacaq bulağın seyrangahına deyərdim ki, minlərlə adam yığışmışdı. Şəhid valideynləri, qazilər, ziyalılar, tələbə yoladaşları, dostları, ağsaqqal-ağbirçək – hamı şəhidimizin cənnətdə keçən ilk mövludunu qeyd edirdi. Bir vaxt ona dərs demiş müəllimləri, döyüşçü yoldaşları Elmanın haqqında ən xoş xatirələrini bölüşürdülər.

Elmanın böyük bir lövhədən boylanan nurlu baxışlarını seyr edirəm, belə vətənpərvər, dəyərli gəncimizin itkisi məni də için-için göynədir. Xəyalımdan ayrılıb göz yaşımı siləndə nə qədər adamın kövrəldiyinə şahid oluram. Elmanın yoxluğu tək bir ailəni, bir nəsli yox, bütün eli-obanı ağrıdır. Amma bircə təsəllimiz var ki, Elman da 3 minə yaxın şəhidimiz kimi cənnətdə uyuyur.
Rahat uyu, əziz şəhidim. Aylar, illər ötsə də səninlə bağlı xatirəmiz tükənməyəcək. Ali Baş Komandanımızın sərəncamı ilə layiq görüldüyün “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalların isə sənin qısa, lakin mənalı ömür yolunu əks etdirən gözəl nişanələrdir...

Arif PƏNAHLI
hərbi jurnalist




Facebook'da Paylaş