"MƏN SİZDƏN DOYMADIM DAĞLAR!"
"MƏN SİZDƏN DOYMADIM DAĞLAR!" Böyük Qafqaz sıra dağlarının Niyal silsiləsində bir oğlan hər zaman dağların döşünə çıxar və ordan üzü dərələrə baxardı. Dərələrin nə qədər dərin, dağların necə də əzəmətli, vüqarlı olduğunu düşünər və qarlı dağların sinəsinə qarın çökdüyünü, sıx meşələrin, güllü yamacların, çiçəkli təpələrin gözəlliyini görərdi. Dağların hər qarışında bir iz qoyar və xəyallar qurardı. O xəyallar nə onun kiçik bir otaqlı evinə, nə də könlünə sığardı. Anasına vədlər verərdi. Əlləri qabarlı atasının çətinliyini gördükcə ona maddi kömək olmağa can atardı. İşləyib ev tikmək, dörd nəfərdən ibarət olan ailəsini bu kiçik evdən ora köçürmək ən böyük arzusu idi…
Dağlar qədər arzusu vardı. Ana! mən səni çox işləməyə qoymayacam deyərdi. Nədən nakam oğullar bir birinə bənzər? Nədən şəhidlər elə analarına söz verər? Onların arzuları, xəyalları bir olur qədərləri tək. Kişiləşməyə başladığı gündən balalar gözəl anlarını düşünər. O günün olacağın gözlər, amma zalım fələk bu arzulara çatmaq üçün macal verərsə. Sən saydığını say! Gör bu zalım fələk nə sayır! Kim idi bu oğul?
Azərbaycanın, vətəninin keşiyində duran, ona laiqincə sadiq bir əsgər. Bir vətən oğlu idi bu oğul. Allahyarov Teymur Allahi oğlu iki mininci il sentyabr ayının beşində İsmayıllı Rayonunun Lahıc qəsəbəsinin, Ərəgid kəndində kasıb, zəhmətkeş, mərd, vətənpərvər, saf bir ailədə dünyaya göz açıb. Teymur iki uşağı olan ailənin yeganə oğlu idi. Anası Dilarə xanımın dediyinə görə, o çox Vətənpərvər olub. Eləcə də məktəbi əla qiymətlərlə bitirib. Çox ağıllı, savadlı bir şagird olub. Amma ailənin vəziyyəti çətin olduğundan o işləmək, ailəyə kömək etmək istəyib. Oxumağı, ali təhsil almağı bir xəyal olub. Anası onun hərbi xidmətə getməyindən, vətənpərvərliyindən fəxr və qürur hissi ilə danışır:
Teymur 2018 ci ilin oktyabrında hərbi xidmətə çağrılıb. Altı ay Goranboy, Ağdam rayonlarındakı hərbi hissələrdə topçu vəzifəsini fəallıqla yerinə yetirib. Düşmənlə üz - üzə dayanıb. Vətənin bir qarış torpağınə yağılara verməmək üçün keşik çəkib, hərbi xidmətini yerinə yetirib. Komandiri ailəyə belə bir oğul yetişdirdiyi üçün təşəkkür edib.
Teymur düşmənin hər hiyləsinin qarşısın almaq üçün həmişə ayıq - sayıq dayanıb. O həm də hərbi xidməti bitirdikdən sonra, orduda xidmət etmək istəyib. Düşmən təxribatının qarşısının alınmasında dəfələrlə iştirak edib. Bu mərd oğul Ağdamın Baharlı kəndində xidmət etdiyi hərbi hissədə 2020-ci il yanvarın səkkizində qəflətən dünyasını dəyişir və arzuları yarımçıq qalıb.
Teymurun qara xəbərini alan dağlar nərə çəkdi, haray saldı bir birinə.Teymurun bu acısı onların sinəsindəki qar yükündən daha ağır oldu...Axı bu oğlanın dağlara etibar etdiyi nə qədər arzusu, nə qədər sirri var idi...
Teymur dağlara verdiyi sözünü tuta bilmədi. Amma o böyük qürurla, qüdrətlə qayidırdı. Çünki Teymur Vətən bayrağına bükülüb qayıdırdı. Son dəfə salamlaşıb ayrılırdı dağlardan, uşaqlıq xəyallarından, anasına gül topladığı yamaclardan. Qoyun- quzu dalınca qaçdığı günlərdən, məhlə uşaqlarından...
Keçirdiyi qısa ömür bir tarixin yaddaşıydı. Teymurun bu dərdi onun tək valideynlərinə yox, dağların da sinəsinə dağ çəkdi. O gündən dağların sinəsini bir ana fəryadı da dağlayır. O gündən tək dağlar yox, axıb gedən Girdiman da lal oldu. Susdu.Təbiət də ana ilə qoşa ağladı. Teymur anasının yuxusunda belə ona təsəlli və qucağına ağ quzu verir. Sonra onu tərk edir. Yenə gözlə məni deyir. Teymur dağların qulağına pıçıldadı:- Sirrim var! Darıxmayın vüqarlı dağlar,- dedi. Gedən şəhidlərin qisası alınacaq. 44günlük Zəfər gəlir qarşıdan .
Bağışla! Bağışla məni ana! Hər bir nakam oğulun ilk və son sevgisi olan ana! Mən sənin arzularını yerinə yetirə bilmədim! Bağışla məni ata, qabarlı əllərindən tutmaq əvəzinə, çiyninə bir balanın həsrət yükünü doyub gedirəm.
Müəllif: Zərifə Səmədova P.S.Teymur haqda mənə göndərilən bu yazını oxuyanda göz yaşlarım məndən ixtiyarsız axdı. Bu vətən azmı şəhid verdi, azmı oğul itirdi?..Nə qədər ananın gözü yaşlı, nə qədər bala atasız qaldı. Bu torpağın hər qarışı müqəddəsdir. Müqəddəsdir ona görə ki, şəhid qanı suvarıb bu torpağı. Bu torpaq Vətəndir!
Şəhidləri xatırlamaq, onların xatirəsi önündə baş əymək hər birimizin borcudur. Bu günümüzün, sabahımızın, gələcək nəsillərimizin xoşbəxtliyi, firavanlığı üçün şəhidlərimizə, sinəsini gülləyə sipər edən qazilərimizə borcluyuq.
Hörmətlə: Südabə İRƏVANLI"Ordum.az"
Facebook'da Paylaş