Zeynəb ananın duyğuları

4-09-2022, 10:28

Zeynəb ananın duyğuları


Zeynəb ananın duyğuları

"Nur ocağı" ədəbi məclisinin üzvü, Naftalan şəhər sakini, iki oğlunu Vətən yolunda şəhid vermiş Zeynəb anadan söhbət açmaq istəyirəm:
Dağtək əyilməz, qürurlu, vüqarlı, uşaq kimi də kövrəkdir-Zeynəb ana.

Bir oğlunu, Bayramov Mehman Dilqəm oğlunu 1992-ci ildə birinci Qarabağ müharibəsində itirdi. Onun acısını köksündə illərlə daşıyan Zeynəb ana 2016-cı ilin aprel döyüşlərində isə ikinci oğlunu, Bayramov Vaqif Dilqəm oğlunu itirdi. Köhnə yarasının qaysağı qopdu, yenidən qanadı. Mehmanın acısı üç övladı əmanət qalan Vaqifin acısı ilə təzələndi...
Bütün bu acılara baxmayaraq ayaqda dik durmağı bacarır Zeynəb ana.
Duyğulu bir insandır. "Nur ocağı" ədəbi məclisinin şairləri ilə daim ünsiyyətdə olan Zeynəb ana da hərdən duyğularını qələmə alır:

Nə yaman uzandı bu səfəriniz,
Qayıdın yanıma, ay ömrüm-günüm.
Bilirsiniz səbrim yoxdu əzəldən,
Qayıdın yanıma, ay ömrüm-günüm.

Gözümü dikmişəm siz gedən yola,
Haraya baxım mən, sağa ya sola?!
Yolun ayrıcında qalmışam, bala,
Qayıdın yanıma, ay ömrüm-günüm.

Yollara baxmaqdan gözüm yorulub,
Sizlərsiz ah-naləm göyə sovrulub,
Ümid yeddi yaşlı bir oğlan olub,
Qayıdın yanıma, ay ömrüm-günüm.

Eh... illər ötübdür, yenə sizi mən,
Soruram elə hey gəlib gedəndən,
Vaqifim, Mehmanım, ölürəm dərddən,
Qayıdın yanıma, ay ömrüm-günüm.

Bəli...Zeynəb ana beləcə yol gözləyir, gəlməyəcəklərini bilə-bilə oğullarının yolunu gözləyir. Sanki bir gün balaları geri dönüb həmişəki kimi anasına sarılacaq, o da övladlarının qoxusunu doya-doya içinə çəkəcək.

Birinci Qarabağ müharibəsində yaxınlıqda olan hərbi hissələrdəki əsgərlərimizə yeməklər bişirib göndərən Zeynəb ana ikinci Qarabağ müharibəsində də qeydiyyatdan keçib adını ordu sıralarına yazdırdı. "Tibb bacısıyam, mən də yaralı əsgərlərimizə kömək edə bilərəm"- deyən Zeynəb ana hər zaman öz sözləriylə, əməlləriylə əsgərlərimizə dəstək oldu.
Hərdən söhbət zamanı zamanın necə gəlib keçdiyindən gileylənir Zeynəb ana. Bir şeirində isə bu giley-güzarı belə qələmə alır:
Hamı məhəbbətdən, sevgidən yazır,
Məhəbbət nə imiş heç... bilmədim ki?!
Nə vaxt uşaq oldum, nə vaxt böyüdüm,
Etdim gəlinliklə köç... bilmədim ki?!

Gözümü açdım ki, ana olmuşam,
Qayğılar içində batıb qalmışam,
Anamı itirib yaman solmuşam,
Nə zaman ağardı saç…bilmədim ki?!

Fərəhlə baxırdım oğul boyuna,
Torpaq soruşmadı aldı qoynuna,
Saldı fələk məni niyə oyuna?
Oldu həyatım da puç... bilmədim ki?!


Duyğularınıza, ruhunuza sağlıq, Zeynəb ana. Yaşadığınız acılara şərik olub dözüm diləyir, əllərinizdən öpürük. Gələcək nəsillərə igidlik, qəhrəmanlıq örnəyi olan, Vətən uğrunda canından keçən bütün şəhidlərimizin ruhu şad olsun, o cümlədən də sizin balalarınızın...


Yazdı: Havva Nazim




Facebook'da Paylaş