HEÇ ZAMAN SÖNMƏYƏN ULDUZ
HEÇ ZAMAN SÖNMƏYƏN ULDUZ20 Yanvar Şəhidimiz Ülvi Bünyadzadənin əziz xatirəsinəSəmada parlayan bir ulduz var. Elə bir ulduz ki, illər keçir... Sönən sönür, solan solur... O ulduzsa heç zaman sönmür, əksinə, tükənmək bilməyən ziyası ilə qəlblərə yol tapır, çünki Ana Vətənə olan sonsuz sevgisindən alır öz nurunu o ulduz. Məğrurluğu ilə ürəkləri vəcdə gətirir, bə'zən də ağladır o ulduz...
Hər bir insanın öz dünyası, mənəvi qidası var: birinin valeh olduğu hər hansı bir şey, başqasına adi görünə bilər – insanların özünəməxsusluğu da elə bundadır. Zatən təbiət əzəldən belə qurulub: bizi əhatə edən hər şeyin məntiqi izahı var...
Lakin həyatda elə möcüzələr də var ki, onları heç cür izah etmək mümkün deyil, belə möcüzələri sadəcə qəbul etmək lazımdır. Ülvi Bünyadzadə dünyasının gücü də elə bundadır: bir dəfə tilsiminə düşdünmü, bil ki, ömürlükdür!
Ülvi Bünyadzadə sadəcə şair deyil, vicdanına, mənəviyyatına söykənən, öz düşüncə tərzi olan əsl filosof idi! Və Ülvi fəlsəfəsinin özünəməxsusluğu, yaratdığı bütün əsərlərdə şair kimi yox, bir insan kimi, həqiqətə tabe olmasıdir. Hətta sevgi şeirlərində belə həqiqətdən qaça bilmir Ülvi ...
Qocalmaz, sevgi qocalmaz,
Ürək, ümid qocalmasa.
Qocalmaz, sevgi qocalmaz,
Onu qocaldan olmasa.Altı yaşında yazdığı ilk şeirlə milli ədəbiyyatımızda öz cığırını açdı Ülvi. Bu cığır uzandı, getdikcə, bir yol oldu – ümidlərə, arzulara doğru aparan enişli-yoxuşlu, sonsuz bir yol. Bu yolda məğrurluq, yenilməzlik, həqiqət vardı. Bu yolda Vətənə sonsuz sevgi və bir də... tükənmək bilməyən Göyçə həsrəti vardı...
Ucu – bucağı görünməyən bir dənizə bənzədirəm mən Ülvi Bünyadzadəni: sevgi şeirlərində, köksündə ayın ecazkar nurunu əks etdirən, eşq dolu ürəklərə həzin layla deyən sakit dənizdirsə, vətənpərvərlik ruhunda yazdığı əsərlərində, əksinə, təlatümlü dalğaları ilə əsib-coşan sonsuz bir ümmandır. Başqa cür ola da bilməzdi, çünki Ülvi Bünyadzadə ruhən mübariz şair idi!
Döyüşlərdə yoğrulmuşuq,
Gələcəyə qaranquşuq.
Həyat üçün doğulmuşuq,
Vətən üçün ölməliyik!“Sən bu həyata gəlmisənsə və bu həyatda yaşayırsansa, havasını udduğun, suyunu içdiyin, nəhayət, torpağında gəzdiyin məmləkəti sevməli, onu göz bəbəyin kimi qorumalısan! Yaşamaqdırsa – vicdanla yaşayacaqsan, sevməkdirsə – saf sevgi ilə sevəcəksən, mübarizə aparmaqdırsa – son nəfəsinə qədər mübariz olacaqsan, ölməkdirsə - başını dik tutub, ölümün üzünə gülərək öləcəksən!” – həyatının əsas qayəsi də elə bu idi Ülvinin.
Mən qorxmuram uzaq yola çıxmaqdan,
Bu yolun
şaxtasından, soyuğundan mən qorxmuram.
Mən qorxmuram uzaq yola çıxmaqdan.
Bu yolun
acısından, ağrısından.
“Ölüm” adlı yuxusundan mən qorxmuram...Dərin fəlsəfi düşüncələrindən bəlli olur ki, Ülvi Bünyadzadə həyatın qaranlıq tərəfindən qorxmurdu. Nədən qorxacaqdı ki?.. Büdrəməkdən? Ya yıxılmaqdan?
Əsla! Əksinə, içindəki təlatümü ilə həyatın özünə meydan oxuyurdu Ülvi. “Qoç doyüşünə qoç gərək!” axi... Həyatı “qoç” eləyən də, elə onun eniş-yoxuşlarıdır...
Ana yurdun başı qarlı dağlarına, yaşıl meşələrinə sonsuz aşiq olan Ülvi, Vətənin susuz, quru çöllərinin belə vurğunu idi. Və bu saf eşqi ilə də günlərin bir günü....and içdi – “Azərbaycan” adlı sevgisinə əbədi sadiq qalacağına, onu son nəfəsinədək qoruyacağına döyünən ürəyi, düşünən beyni, danışan dili ilə söz verdi. Sözünə də sadiq qaldı, müqəddəs Andını pozmadı Ülvi!
Və hər dəfə qanlı 20 Yanvar faciəsinin günahsız qurbanları –
Şəhidlərimizi anarkən, onların ruhları qarşısında baş əyərkən, Vətənə olan sevginin rəmzi kimi, Ülvi Bünyadzadənin müqəddəs Andını da xatırlayırıq. Heç vaxt unudulmayacaq bu And, çünki ana lay¬lası kimi, çoxdan canımıza hopub, qanımıza qarışıb. Yanardağın alovu kimi, Ülvinin Andı da əbədidir – əbədi olan isə yaddaşlardan silinməz!
Doğma Azərbaycanımızın azadlığı uğrunda canından keçdi və ölümsüzlüyə qo¬¬vuş¬du Vətən oğlu Ülvi Bünyadzadə. And içdi və andına da sadiq qaldı! Başqa cür ola da bilməzdi – o zaman Ülvi Ülvi olmazdı!
Səmada parlayan bir ulduz var. Elə bir ulduz ki, illər keçir... Sönən sönür, solan solur...O ulduzsa heç zaman sönmür.
Aytən SAQİFMoskva şəhəri, 20.02.2022
Facebook'da Paylaş