“Heç unuda bilmirəm”

3-12-2021, 07:49

“Heç unuda bilmirəm”


Hərbi jurnalist kimi çalışdığım 26 illik bir zaman kəsiyində ən çox çətinlik çəkdiyim mövzu şəhidlik olub. Çünki şəhidlərimizin valideynlərini, ömür-gün yoldaşlarını, övladlarını danışdırmaq adama çətin gəlir. Elə bil yenidən kövrək xatirələr çözələnir, kimsə şəhidlə bağlı yaddaşında həkk olunan bir epizodu bölüşəndə əziyyət çəkir. Xüsusən də bir şəhid anasını, bir şəhidin ömür-gün yoldaşını danışdırmaq adama əzab verir. Onlar kövrəlib göz yaşına hakim ola bilməyəndə sanki özünü günahkar bilirsən.

Qarşımda saçlarına erkən dən düşən ziyalı bir xanım əyləşib. Vətən müharibəsi şəhidi mayor Elnur Yaqub oğlu Hacıyevin həyat yoldaşıdır. Mənə elə gəldi ki, Elnarə xanımı sorğu-suala tutmaq çətin olmaz, kifayət qədər təmkinli, səbrli qadındır. O da müəyyən epizodları, xatirələrini bölüşəndə özünü ələ almaqda çətinlik duyur. Qeyri-ixtiyari yanağında göz yaşı sellənir, nə edəsən, müharibə doğrudan da dəhşətdir, nə qədər insanı gözü yaşlı, arzuları yarımçıq qoyur.

Həmişə düşünürəm ki, bir hərbçi ailəsi olmaq əsl fədakarlıq, qəhrəmanlıqdı. Axı ömrü-günü müxtəlif bölgələrdə keçən peşə sahibinin illər boyu rahatlığı olmur. Onunla birgə ailəsi də, övladları da çətinlik çəkir. Elnarə xanımdan soruşuram ki, bir hərbçiyə könül bağlayanda ömür yolunuzun çətinliyi sizi qorxutmadı? Yenə xatirələrini dilə gətirir, Elnurla tanış olduğu ilk günlərə “səyahət edir”.
- Heç kəs təsadüfən ailə qurmur, biz Əhmədli qəsəbəsində yaşayanda Elnurgilin qohumları ilə qonşu idik, - deyir. - Elnurun bir bacısı tez-tez qohumlarına baş çəkərdi, onunla dostlaşdıq, yaxın rəfiqə olduq. Sən demə, o mənim telefon nömrəmi qardaşına verib ki, əlaqəmiz yaransın. Bir gün yad nömrədən mənə zəng gəldi, özünü Elnur adı ilə təqdim etdi və dedi ki, yəqin bacımın rəfiqəsi ilə bir neçə kəlmə danışmaq qəbahət olmaz. Bir anlığa susdum, söz tapıb danışa bilmədim. Onda Tovuzda xidmət edirdi və bir gün Bakıya gələndə görüşdük. İlk görüşümüz idi, məni həyəcan bürümüşdü. Maşınların sıx hərəkət etdiyi bir döngəni keçəndə az qala qəzaya tuş gələcəkdim. Elnur ani bir sürətlə özünü təhlükəyə atıb məni pəncəsi ilə qorudu. Onun bu hərəkəti elə xoşuma gəldi ki. Məhz həmin gün tərəddüd etmədən Elnura könül bağladım.

Sonradan qardaşıgil hərbçi ilə ailə qurmağın nə qədər ağır olduğunu izah etsələr də Elnarəni heç kim inadından dönük çıxara bilmir. Bir gün iki sevən gəncin ailə həyatının bünövrəsi qoyulur. Beləcə Elnarə xanım taleyinin hökmü ilə çətin, lakin şərəfli bir yola qədəm qoyur. Narahat, əzablı günləri çox olur, tez-tez bir rayondan başqa rayona köç edirlər. Bir gün onların Hicran adlı qızı anadan olur. Analıq səadətinə qovuşan Elnarə xanım bir müddət həyat yoldaşından uzaqlarda olsa da övladını səbrlə böyüdür, hər əziyyətə qatlaşır.
Vətən müharibəsindən bir qədər əvvəl xidmət müddətinin başa çatmasına görə təqaüdə çıxan mayor Elnur Hacıyev azad, sərbəst ömrünə - mülki həyata qədəm qoyur. Yenə də boş-bekar dayanmır, bir istehsalat müəssisəsində işləməyə başlayır. Artıq əvvəlki narahat günləri arxada qalmışdı, hər axşamını, hər istirahət gününü ailəsi ilə bölüşürdü, canı qədər sevib əzizlədiyi bircə övladını gəzintilərə aparmaqdan yorulmurdu...
Ötən ilin 27 sentyabrında Vətən müharibəsi başlananda ehtiyatda olan əksər hərbi qulluqçularımız kimi Elnura da səfərbərlik xidmətindən çağırış gəlir. Əslində bu günü neçə illər gözləmişdi. Əzəli, əbədi torpaqlarımızın bir hissəsinin yağıların əsarətində olması onu da bir Azərbaycan zabiti olaraq daimi düşündürür, narahat edirdi.
[/center]
- Müharibəyə yola düşdüyü gün indiki kimi yadımdadır. Elnarə xanım yenidən kövrək xatirələrini dilə gətirir. - Həmin gün qardaşımgilə getmişdik, elə orada Elnur axşam yola düşəcəyini dedi. Özümü nə qədər ələ almağa çalışsam da qəhər məni boğdu, bir anlığa müharibənin nə demək olduğunu xəyalıma gətirdim. Bilirdim axı bu yolun bir ucu ölüm-itimdir. Elnur bizi Xırdalandakı evimizə gətirdi. Bir qədər sonra əyin-başını sahmana salıb yola düşməyə hazırlaşdı. Çalışdı ki, özünü toxtada bilsin, amma bacarmadı. Hicrandan əlini ayıra bilmirdi, gözləri çox şey deyirdi, qapıya yaxınlaşdı, birdən geri qayıdıb məni bağrına basdı: “Elnarə, sənə çox inanıram, əgər mənə bir şey olsa, yeganə övladımı sənə əmanət edirəm. Onu layiqincə böyüt, oxutdur, qoy ölkəmizin dəyərli bir vətəndaşı olsun”. Alnımdan öpdü, kədərini büruzə verməmək üçün ani bir sürətlə qapıdan uzaqlaşdı. Həmin gün çoxlu şəkillər çəkdirmişdik, sanki hər şeydən xəbərimiz vardı...
Yenə Elnarə xanım sözünü yarımçıq kəsir, qəhər onu danışmağa qoymur. Axı saf bir məhəbbətlə könül bağladığın bir insanın yoxluğuna alışmaq çox çətindi.

Cəbhədə qızğın döyüşlər gedir, şanlı ordumuz bir-birinin ardınca Qarabağın şəhər və kəndlərini işğaldan azad edirdi. Elnur demək olar hər gün ömür-gün yoldaşına zəng edir, qızını soruşur, ondan hal-əhval tutur. Bir döyüşdə yaralansa da bunu heç kimə demir, ailəsindən gizli saxlayır.
- Bəs şəhid olduğunu kimdən eşitdiniz?
2020-ci il oktyabrın 17-də şəhid olmuşdu. Həmin gün Füzuli şəhəri düşməndən azad edilmişdi. Səhər idi, Elnurdan zəng gəldi, tələsik telefonu götürdüm. “Alo” səsini eşitdim, Elnurun özü idi, amma bir anlıq duruxduğunu hiss etdim, sözü yarımçıq kəsildi. Kim bilir, bəlkə də son nəfəsiymiş. Bağışlayın, danışa bilmirəm, dalbadal zəng etdim, amma cavab verən olmadı. Elə istəyirdim ki, son sözlərini, arzularını dinləyim...
Danışa bilmir, mən də kövrəlirəm, otağı tərk edirəm. Ürəyimdə düşmənə nifrətim kükrəyir. Zavallı bir qızcığazın, vəfalı bir bacımızın günahı nəydi ki, nə qədər arzuları, istəkləri yarımçıq qaldı. Elnarə bacım deyir ki, onun yoxluğuna heç cür alışa bilmirəm, nurlu çöhrəsi bir an, bir dəqiqə belə xəyalımdan getmir. Bu yerdə mərhum bir xanəndəmizin həzin, kövrək səslə oxuduğu bir mahnının misralarını düşünürəm.
Bağça saldım, qönçə açdı, gül oldu,
Nədən səni heç unuda bilmirəm...



Əlbəttə, bacım, unutmaq çox çətindir, amma ömür-gün yoldaşınızın ruhunu daim uca tutmaq, yarımçıq arzularını davam etdirmək, yeganə övladınızın varlığı naminə möhkəm olun. İlahidən sizə səbr, dözüm diləyirəm.
Həmişə çətinlikdə qələmə aldığım şəhid haqqında yazılarımı nikbin hisslərlə bitirmək istəyirəm. Elnurun əzizlərinə, anasına, ömür-gün yoldaşına deyiləsi çox sözüm var. Başınızı daim uca tutun. Elnur əsl Vətən oğlu, qəhrəman, fədakar, xalqımıza qələbə sevincini bəxş etmiş igidlərimizdən biri idi. Şəhid mayorumuz 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Hicran, qızım, arzu edirəm ki, sağ-salamat böyüyüb orta məktəbi bitirəsən, sonra ali məktəbə, nəhayət müstəqil həyata qədəm qoyub gözəl, ismətli bir ana olasan. Bir oğul övladına mütləq atanın adını qoyarsan. İnanıram ki, dəyanətli anan da arzularına yetişməkdə daim sənə yardımçı olacaq...

Arif Pənahlı,
hərbi jurnalist,
ehtiyatda olan polkovnik-leytenant




Facebook'da Paylaş