Vətən müharibəsi şəhidləri Lənkəranda anılıb

25-10-2021, 12:01

Vətən müharibəsi şəhidləri Lənkəranda anılıb

Lənkəranda Vətən müharibəsinin 3 şəhidinin il mərasimi keçirilib.

Orsum.az-ın verdiyi xəbərə görə, bu gün Lənkəran şəhərində, İstisu qəsəbəsində və ucqar dağlıq ərazidə yerləşən Biləsər kəndində Vətən müharibəsində qəhrəmancasına həlak olan şəhidlərimiz Allahverdiyev Samir Elçin oğlu, Ağalı Zaur Kamil oğlu və Muradov Emin İbrahimağa oğlunun il mərasimləri keçirilib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhidlərin ailələrinə baş çəkib, qayğıları ilə maraqlanıb. İstisu qəsəbəsi, Şilavar və Biləsər kəndlərinin məzarlıqlarında dəfn olunan şəhid məzarları ziyarət olunaraq xatirələri anılıb, ruhlarına dualar oxunub.

Şəhid Samir Allahverdiyev 2001-ci il iyunun 7-də Lənkəran şəhərində anadan olub. 2007-2018-ci illərdə R.Məmmədov adına 5 saylı Lənkəran şəhər tam orta məktəbində təhsil alıb. Samir Allahverdiyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Samir Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Samir Allahverdiyev oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub. Lənkəran şəhərində torpağa tapşırılıb.
Samir Allahverdiyev ölümündən sonra Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.


Şəhid Zaur Ağalı 11 dekabr 1996-cı ildə Lənkəran rayonunun İstisu qəsəbəsində anadan olub. 2003-cu il İstisu qəsəbəsi R.Qurbanov adına orta məktəbə daxil olub, 2014-ci ildə həmin məktəbi bitirib. 2015-ci ilin aprel ayında həqiqi hərbi xidmətə yollanıb. 2016-ci ildə oktyabr ayında xidmətə başa vurub. 2017-ci ildə ailə həyatı qurub. 2018-ci ildə bir oğlan övladı dünyaya gəlib. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Zaur Ağalı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayıl döyüşləri və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Zaur Ağalı Füzuli istiqamətinndə gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Zaur Ağalı oktyabrın 22-də yaşadığı qəsəbə qəbristanlığında böyük izdihamla dəfn olunub. O, ölümündən sonra Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə
"Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhid Emin Muradov 27 oktyabr 1986-cı il tarixdə Lənkəran rayonu, Biləsər kəndində anadan olub. 22 oktyabr 2020 -ci il tarixdə Qubadlı istiqamətində düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində şəhid olub.

Allah şəhidlərimizi rəhmət etsin




Facebook'da Paylaş