Heydər Əliyev və təhsil

Bu gün, 17:35

Heydər Əliyev və təhsil


Yaqut ŞƏRİFOVA yazır:

Heydər Əliyev və təhsil

“Mən dünyada müəllimdən uca ad tanımıram” Bu tarixi kəlamın müəllifi, zəmanəmizin görkəmli siyasi xadimi, ümummilli lider Heydər Əliyevdir. Özünəməxsus müdrikliklə “Təhsil millətin gələcəyidir”söyləyən dahi rəhbər Respublikamıza istər Sovetlər dönəmində(1969-1982), istərsə də hakimiyyətə qayıdışından sonra, müstəqillik dövründə (1993-2003) təhsilin, elmin, mədəniyyətimizin inkişafına böyük diqqət yetirmiş, qayğı ilə yanaşmışdır.
Sovetlər dönəmində Heydər Əliyev Respublika rəhbəri kimi Azərbaycanda təhsil sisteminin maddi texniki bazasının möhkəmləndirilməsi, pedaqoji kadrların yetişdirilməsi, formalaşdırılması, müəllimlərin təyinat yerlərində, hətta ucqar kəndlərimizdə uğurla çalışması üçün şərait yaradılması, onların mənəvi cəhətdən ruhlandırılması üçün əlindən gələni əsirgəməmişdi. Sovetlər İttifaqında Siyasi Büroda şəxsi nüfuzundan istifadə edərək Heydər Əliyev el balalarının, şagirdlərin təlim –tərbiyəsində, təhsilində fərqlənən qabaqcıl müəllimlərimizə, o dövrün ən yüksək mükafatı-Sosialist Əməyi Qəhrəmanı, Respublikanın Əməkdar müəllimi fəxri adının verilməsinə nail olurdu. Məsələn, Tovuz rayonu Bozalqanlı kənd orta məktəbinin kimya müəllimi Məhər Quliyevin Bakı şəhərində qabaqcıl ədəbiyyat müəllimi Zərbəli Səmədovun, Bakı şəhəri 190№-li məktəbin direktoru Sona xanım Tağıyevanın Sosialist Əməyi Qəhrəmanı, Əməkdar müəllim adına layiq görülməsi Heydər Əliyevin təhsilə verdiyi dəyərlərdən sayılır.

Ulu Öndərimizin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri –Cəmşid Naxçıvanski adına Respublika Hərbi liseyinin 1971-ci ildə istifadəyə verilməsi oldu. Məhz, bu Hərbi liseyin məzunları, burada yetişdirilmiş zabit kadrları sonralar torpaqlarımızın ərazi bütövlüyünü, vətənimizin istiqlaliyyəti naminə döyüşlərdə istər Birinci Qarabağ müharibəsində, istərsə də 44-günlük Vətən müharibəsində əhəmiyyətli rol oynadılar.
Ötən əsrin 70-ci illərində Heydər Əliyevin rəhbərliyi, təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın savadlı, istedadlı gəncləri, hər il 800-1000 nəfər gənc keçmiş SSR-nin ən böyük şəhərlərindəki ali məktəblərə oxumağa göndərilirdi. Bu kadrlar hal-hazırda Respublikamızın neft sənayəsində, kənd təsərrüfatında, Dövlət Təhlükəsizlik strukturlarında çalışırlar. 1993-cü il iyunun 15-də xalqın istəyi ilə, təkidi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə vətəndaş qarşıdurmasına son qoydu və beləliklə siyasi sabitlik əldə edildi. Bu, adi qayıdış deyildi...Bu, zamanın, əsrlərin sınağından keçə-keçə, min bir əziyyətlə, amma dönmədən öz məqsədinə doğru addımlayan bir millətin özündən –özünə qayıdışı idi,bu, milli –mənəvi dəyərlərimizin, millətin sabaha inamının qayıdışı idi.
Məhz,Heydər Əliyevin hakimiiyətə bu qayıdışından sonra müstəqillik yollarında inamla addımlayan respublikamızda hər sahədə olduğu kimi təhsil sahəsində də canlanma yarandı. Azərbaycanın ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldiləməsi, tələbələrin elmi biliklərinin zənginləşdirilməsi, müəllimlərin əmək haqlarının artırılması, onların mənzil şəraitinin yaxşılaşdırılması üçün mühüm qərarlar qəbul edildi.
Heydər Əliyevin doğma Azərbaycan dilinə, ana dilimizə məhəbbətindən ayrıca danışmaq lazımdır. Kommunist rejiminin tüğyan elədiyi bir vaxtda -1969-cu ildə Mərkəzi Komitəyə yenicə birinci katib təyin olunmuş Heydər Əliyev Azərbaycan Dövlət Universitetinin 50 illiyi tədbirində öz ana dilimizində bir saatdan çox nitq söylədi və qürurla dedi: “Mən Öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Sonralar müstəqillik illərində Ulu Öndərin daha bir kəlamı olan ümümxalq sevgisini daha da artırdı:
Hər bir xalqın milliyəti onun qürur mənbəyidir. Mən, həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Ana dilimizin yad təsirlərindən qorunması, inkişafı, saflaşması və dövlət dili səviyyəsinə yüksəlməsi istiqamətində Ulu Öndər Heydər Əliyev misilsiz xidmətlər göstərib.
Dilçi alim, filologiya elmləri doktoru, professor Nizami Xudiyev yazırdı:
“ Mübaliğəsiz deyə bilərik ki, yaşadığımız yüzilliyin son otuz ili ərzində Azərbaycan dilinin hərtərəfli inkişafı, onun təkcə sözdə deyil, gündəlik təcrübədə də ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə -diplomatiya aləminə yol alması, zənginləşib nüfuz qazanması və dünyanın mötəbər kürsülərindən eşidilməsi, tanınmış dövlət xadimi Heydər Əliyevin yorulmaq bilməyən fəaliyyəti və yürütdüyü müdrik, uzaqgörən dil siyasəti ilə bağlıdır.
Respublikamızın qəbul olunmuş Konstitutsiyasına Azərbaycan dilinin dövlət dili statusu barədə 73-cü maddənin daxil edilməsi üçün Heydər Əliyev böyük qətiyyət göstərdi. Sonralar o, həmin dövrü belə yada salırdı:
Yadımdadır, 1978-ci ildə biz Azərbaycan Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə Moskvadan nə qədər təzyiqlər göstərildi, ancaq biz, bu təzyiqlərə dözdük. “Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir” deyən Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ilin 31oktyabr-11noyabr tarixləri arasında dövlət dili məsələsi Milli Məclisdə müzakirəyə çıxarıldı.12 noyabr 1995-ci il tarixdə qəbul olunan Azərbaycan Respublikasının yeni Konstitusiyasında 21-ci maddədə Azərbaycan dili dövlət dili elan edildi. Heydər Əliyev deyirdi:
Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Mənim şəxsən arzum budur ki, hər bir azərbaycanlı çox dil bilsin, ancaq, birinci növbədə öz ana dilini-dövlət dilini yaxşı bilsin. Bizim gözəl, zəngin, cazibadar dilimiz var və onu heç bir şeyə dəyişmək olmaz. Göründüyü kimi Azərbaycan gənclərini savadlı, xalqına, onun tarixinə, mədəniyyətinə və mənəviyyatına bağlı görmək istəyən Heydər Əliyev bildirirdi ki, hər bir Azərbaycan gənci birinci növbədə gərək öz dilini, ana dilini bilsin, bu dildə təhsil alsın, bu dildə yazsın və bu dildə oxusun. Onun gənclərimizə arzusu, tövsiyyəsi bu idi. Ulu Öndərin hakimiyyəti illərində rayonlarımızda mədəniyyət saraylarının, musiqi məktəblərinin, orta ümumtəhsil məktəblərinin, teatr binalarının tikintisinə xüsusi önəm verilirdi.
Bu gün təhsilimizin, mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyevin qayğıkeşliyindən bəhrələnməsin. Allah Ulu Öndərimizə rəhmət eləsin!
Eşq olsun Heydər Əliyev siyasətinə və bu siyasətin uğurlu davamçısı, Ali Baş Komandan Cənab İlham Əliyevə!

Yaqut ŞƏRİFOVA,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində
Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi




Facebook'da Paylaş