“Hədəf 12” atıcılıq turniri keçirilib

20-09-2023, 05:38

“Hədəf 12” atıcılıq turniri keçirilib


“Hədəf 12” atıcılıq turniri keçirilib

“Heydər Əliyev İli” çərçivəsində “Hədəf 12” gənclər arasında atıcılıq turniri keçirilib

“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənc SİMA” İctimai Birliyinin tərəfdaşlığı ilə Bakı Atıcılıq Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş “Hədəf 12” gənclər arasında atıcılıq turniri keçirilib. Gənclər tərəfindən böyük maraqla qarşılanan, artıq ikinci ildir ki, həyata keçirilən turnirin təşkil olunmasında əsas məqsəd hərbi-vətənpərvərlik hissinin aşılanması, bu idman növünə marağın artırılması və gənclərin asudə vaxtının səmərəli təşkil edilməsidir.
Bu il turnirə 300-dən çox gənc müraciət edib. Müraciəti müsbət dəyərləndirilmiş 100 nəfər gənc komandalar şəklində turnirə qatılaraq qalibiyyət uğrunda mübarizə aparıb.
Turnirdən öncə gənclər peşəkar təlimçilər tərəfindən silahla davranış qaydaları, silahdan təhlükəsiz istifadə, müxtəlif hərəkətli və dayanıqlı hədəflərə atış, dəqiq nişanalma və digər təməl bacarıqlar haqqında ətraflı məlumat əldə ediblər. Gənc qazilər turnirin formatına uyğun olaraq komanda kapitanı və təlimatçı kimi yarışa qatılıblar. 15 komandanın iştirak etdiyi 3 mərhələdən ibarət turnirdə ən çox hədəfi vuran “Zəfər” komandası qalib elan olunub, “Murov” və “Canavarlar” komandaları müvafiq olaraq 2-ci və 3-cü yerləri tutublar. Həmçinin ən yüksək nəticə ilə turnirin “Sərrast atıcı”sı müəyyənləşib.
Mükafatlandırma mərasimində iştirak edən Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftahətdinova, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Qəhrəmanov və təşkilatın idarə heyətinin üzvü, Aprel döyüşlərinin qazisi, ehtiyatda olan baş leytenant Əhliyət Mehdiyev qalibləri kubok, medal və sertifikatlarla təltif edib, onlara hədiyyələrini təqdim ediblər.
Qeyd edək ki, “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən “Heydər Əliyev İli” çərçivəsində gənclərdə maraq doğuran müxtəlif fəaliyyətlər – intellektual oyunlar, görüşlər, turnirlər və ekskursiyalar davamlı olaraq təşkil olunur. Bu kimi fəaliyyətlərin il sonuna kimi davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.












Facebook'da Paylaş