Atalıq məzuniyyətinə ehtiyac varmı?
Atalıq məzuniyyətinə ehtiyac varmı: “Qanunvericilikdə bəzi dəyişikliklər olunacaq”Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı qanun layihəsi hazırlanır. Bu barədə danışan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, atalıq məzuniyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik layihəsi hazırlanıb. Onun sözlərinə görə, bu üst qurumlarla razılaşdırılmalıdır və layihə razılaşdırıldıqdan sonra Milli Məclisə təqdim olunacaq.
Azərbaycanda uzun müddətdir ki, analıq məzuniyyəti var, amma bir çox ölkələrdən fərqli olaraq atalıq məzuniyyəti yox idi. Bəzi mütəxəssislərin fikrincə atalıq məzuniyyəti məqsədəuyğundur. Elə isə maraqlıdır ki, dövlət büdcəsi buna imkan verirmi?
Bu və digər suallarla bağlı iqtisadçı Ramil Quliyevin fikirlərini öyrəndik.
O, bildirdi ki, əmək məcəlləsinin 130-cu maddəsinə bəzi dəyişikliklər olunub: " Həmin dəyişikliklərə əsasən, ataların uşaqları dünyaya gələrkən və doğuşdan öncə öz hüquqlarından istifadə edə bilərlər. Atalar 14 gün ərzində məzuniyyətə çıxa bilərlər, ancaq bu məzuniyyət ödənişsizdir".
Ekspertin sözlərinə görə, işçilərin məzuniyyəti öz hesabına olduğuna görə ona "atalıq məzuniyyəti" adı verilməyib: "Qanunvericilikdə bəzi dəyişikliklər olunacaq və layihə hazırlanıb Milli Məclisə təqdim ediləcək. Layihədə atalıq məzuniyyətinin olub-olmaması və atalıq məzuniyyətinin termin olaraq dəyişib başqa formada təqdim olunması əksini tapacaq”.
İqtisadçı bunu da qeyd edib ki, atalıq məzuniyyətinin ödənişsiz olduğuna görə məcburi olacağı gözlənilmir : "Yanaşmalar müxtəlifdir, atalıq məzuniyyətini zəruri hesab etməyib, analıq məzuniyyətinin kifayət etdiyini deyənlər də çoxdur".
Tağızadə Şahanə,
BDU jurnalistika fakültəsinin tələbəsi
Facebook'da Paylaş