Gənc rəssamın “Hüsna”sı
Gənc rəssamın “Hüsna”sıMüasir İncəsənət mərkəzində rəssam, sənətşünas və sənət terapisti TuranBağırovanın “Hüsna” adlı fərdi sərgisi açılmışdır. Nümayiş olunan əsərlər kalliqrafiya və rəngkarlığın gözəl sintezini təşkil edir. Sərgi Ramazan bayramı sonrasında reallaşdığından xeyriyyə məqsədi daşıyır. Əsərlərin satışından əldə olunan gəlirin xeyriyyə fonduna ianə edilməsini nəzərə alarsaq, bu bir xeyriyyə aksiyasıdır. Qeyd edək ki, bu mövzuda sərgi Azərbaycanda ilk dəfə təşkil edilmişdir.
Sərgidə iştirak edən xalq rəssamı Arif Hüseynov çıxışı zamanı sərginin ideyasını çox bəyəndiyini söylədi. Həmçinin sərgidən əldə etdiyi əsəri emalatxanasının ən gözəl yerində saxlayacağını bildirdi.
Sərgidə həmçinin rəssam Esmeralda Tağızadə, heykəltəraş -rəssam Eldar Həsənov, sənətşünas Sevda Quliyeva çıxış etdilər. Sərgi gənc rəssam, sənətşünas və sənət terapisti Turan Bağırovanın ilk böyük fərdi layihəsi olaraq xüsusilə maraq doğurdu. Sərgiyə gələn ziyalılar, mədəniyyət xadimləri, tələbələr yüksək təəssüratlarla ayrıldılar. Əməkdaşımız sərgidən iki əsər almış ailənin təəssüratlarını öyrənib: Dövlət İmtahan Mərkəzinin əməkdaşı Nuran Abasova və Silahlı Qüvvələrin kapitanı Nurlan Atamoğlanlı aldıqları əsərləri çox bəyəndiklərini, sərginin orijinal olduğunu qeyd ediblər. Hər iki tamaşaçı-alıcı xeyriyyə aksiyasını yüksək qiymətləndirdiklərini və belə tədbirlərin ölkəmizin mədəni həyatında, eləcə də mənəvi dəyərlərimizin yaşadılmasında mühüm əhəmiyyət daşıdığını bildiriblər.
Qeyd edək ki, Bağırova Turan İlham qızı İncəsənət Gimnaziyasının rəssamlıq fakultəsini bitirib. Mədəniyyət və İncəsənət Universitetinin qrimrəssamı fakultəsində təhsilini davam etdirib. Rəssamlıq Akdemiyasının Sənətşünaslıq fakultəsinin magistratura pilləsini uğurla tamamlayıb. Hal-hazırda Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecində pedaqoji fəaliyyət göstərir. Həmçinin “ŞatuArt” adlı rəsm kursu var. Rəssam, sənətşünas və sənət terapisti kimi biliklərini yeni nəsilə öyrədir. Sərgidə iştirak edənlərin fikirlərini öyrəndik. Xalq rəssamı Arif Hüseynov məmnunluğunu ifadə etdi. O dedi:
“Azərbaycanda ilk dəfədir ki, belə bir sərgi keçirilir. Mən çox şadam ki, burada iştirak edirəm. Dini ayələri bilmək, onları belə gözəl, estetik şəkildə insanlara çatdırmaq bizim cəmiyyətdə çox lazımlı idi. Hər bir əsərin mənası insana sanki dərs verir, insanı ruhlandırır. Ən çox da rənglərin uyumu təqdirəlayiqdir. Onun rəng estetikası Turan xanımın iç dünyasının necə gözəl olduğunu göstərir. Sərginin xeyriyyə məqsədli olmağı da çox gözəl təşəbbüsdür. Əsərlərdən birini də mən özümə aldım və emalatxanamın ən gözəl yerində saxlayacam. Bu əsərlərin müsbət energetikası çoxdur. Turan xanıma uğurlar arzulayıram. Yeni yaradıcılıq ilhamı və naliyyətlər diləyirəm.”
Heykəltəraş-rəssam Eldar Həsənov da sərgi haqqında çox ürəklə danışdı:
“Mən həqiqətən deyirəm ki, bu sahə çox çətin bir sahədir. Turan xanım özü necə bir insandırsa əsərlərində o büruzə verib. Onun əsərlərində İslamı və incəsənəti çox gözəl bildiyi aşkar olur və bu iki sahəni ustalıqla təmsil edir. Mən Turan xanımın daha çox pedaqoji fəaliyyətinə bələd idim. Bir çox imtahanlarda komissiya üzvü kimi iştirak edirdim və Turan xanım necə gözəl dərs keçdiyini, tələbələrə qarşı necə mehriban və tələbkar davrandığını görürdüm. O, bütün bilik və bacarığını ürəklə, səxavətlə öz yetirmələrinə aşılamağa çalışır. Turan xanıma uğurlar arzu edirəm. Şadam ki, belə gözəl sərgidə iştirak edirəm.”
Facebook'da Paylaş