Gələn il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd ediləcək. Azərbaycan Prezidenti bir müddət öncə bununla bağlı müvafiq sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi dövlət səviyyəsində qeyd ediləcək.
Bəs, bir çox mədəni-humanitar qurumlar, QHT-lər, eləcə də dövlət təşkilatları, elmi müəsssisələr bu istiqamətdə nə kimi işlər görməyi planlaşdırır?
Modern.az silsilə şəklində aiddiyyatı orqan və mədəni-humanitar təşkilatların “AXC-100” mövzusunda görəcəyi işlərlə bağlı ictimaiyyəti bilgiləndirməyə davam edir.
Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, rəssam-pedaqoq Rais Rəsulzadə Modern.az saytına açıqlamasında 100 illiklə bağlı planlarından danışıb:
“Azərbaycan Cümhuriyyətinin 100 illiyi şanlı hadisədir. Bilirsiniz ki, Cümhuriyyət bizim dəyərli, böyük tariximizdir. Əgər səhhətim imkan versə, mən də bu istiqamətdə müəyyən işlər görmək fikrindəyəm. Ümumiyyətlə yaradıcı insanlar daxili tələbat əsasında fəaliyyət göstərib nələrsə təqdim edirlər. Hansısa əsərini konkret yubileylərə və ya rəqəmlərə bağlamırlar. Bu, fikirlərin, emosiyaların təcəssümüdür. Amma Cümhuriyyətlə bağlı əlbəttə ki, işlər görmək lazımdır. Mən də öz növbəmdə bu istiqamətdə müəyyən işlər planlaşdırıram. Düşünürəm ki, 100 illiklə əlaqəli bir neçə portret üzərində işləyim. Lakin vaxt məhdudiyyətini də danmaq olmaz”.
R.Rəsulzadə Cümhuriyyətin 100 illiyi ilə əlaqəli fərdi sərgi keçirmək fikrindədir:
“Mənim fərdi sərgim də gözlənilir. Amerikada sərgi keçirmək fikrindəyəm. Bunu da Cümhuriyyətin 100 illiyi ilə əlaqələndirmək mümkündür. Lakin görülməmiş işlər haqqında qabaqcadan danışmaq düşmür. Sadəcə necə deyərlər, sağlıq olsun.
Bu məsələ ilə bağlı konkret çərçivə müəyyən edilməməlidir. Yəni içi mən qarışıq bütün yaradıcı insanlar, həm də mətbuat standart vəziyyətdən çıxmalı və daha maraqlı addımlara, yeniliklərə imza atmalıdır. Mən də bu istiqamətdə bacardığım qədər işlər görməyə çalışacağam”.