Deputat: "Cəbrayılın azad edilməsi Vətən müharibəsinin ən mühüm hərbi uğurlarındandır"

4-10-2021, 13:02

Deputat: "Cəbrayılın azad edilməsi Vətən müharibəsinin ən mühüm hərbi uğurlarındandır"

"Cəbrayıl rayonunun işğaldan azad edilməsi Vətən müharibəsinin ən mühüm hərbi uğurlarından biri idi. Bu həm rayonun strateji əhəmiyyəti, həm də müharibə dövründə yaratdığı psixoloji üstünlük baxımından xüsusi önəm kəsb edirdi".

Bunu açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

O bildirib ki, Cəbrayıldan erməni silahlı qüvvələrinin çıxarılmasından sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi məğlubiyyətin qaçılmaz olduğunu anlamağa başladı.

Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatların Ermənistan cəmiyyətinin mənəvi-psixoloji durumuna da ciddi təsir göstərdiyini qeyd edən deputat vurğulayıb ki, Cəbrayılın işğalına son qoyulması düşmən ölkənin apardığı yalançı qələbə təbliğatının mahiyyətini də ortaya çıxardı: "Erməni xalqı da hökumətin əslində onu aldatdığını, vəziyyətin heç də bu ölkənin Müdafiə Nazirliyinin və ümumilikdə rəhbərliyinin bəyan etdiyi kimi olmadığını görməyə başladı. Bu, müharibənin gedişində sonrakı əməliyyatlar üçün son dərəcə vacib əhəmiyyət daşıyan dönüş nöqtələrindən biri idi. Məhz Cəbrayıl əməliyyatından sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi uzunmüddətli müharibəyə hazır olmaqla bağlı cəmiyyətə mesajlar verdi".




Facebook'da Paylaş