KİV: “Ukraynada Rusiyanın daha bir generalı öldürülüb”
Rusiya Hərbi Hava Qüvvələrinin istefada olan general-mayoru Kanamat Botaşev Ukraynada öldürülüb.
Ordum.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Vaxtilə K.Botaşevin tabeçiliyində xidmət etmiş 3 hərbçi generalın ölümünü təsdiqləyiblər.
BBC-nin xəbərinə görə, o, Rusiyanın Ukraynada itirdiyi ən yüksəkrütbəli pilotdur: “Kanamat Botaşev təqaüdə çıxmazdan əvvəl aviasiya alayının komandiri olub. Belə yüksəkrütbəli zabitin hava döyüşlərində iştirakı həm Moskvanın hərbi pilotlar qarşısında nə qədər çətin vəzifələr qoymasından, həm də yüksək ixtisaslı mütəxəssislərin olmamasından xəbər verir”.
Qeyd edək ki, mayın 22-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Luqansk vilayətinin səmasında Su-25 təyyarəsinin vurulmasına dair məlumat yaymışdı. Bildirilmişdi ki, pilot katapult edə bilməyib.
Xatırladaq ki, fevralın 24-dən indiyədək Ukraynada Rusiyanın 205 hərbi təyyarəsi vurulub. Rusiya Müdafiə Nazirliyi bu rəqəmləri şərh etmir və martın sonundan bəri itkiləri haqqında məlumatı yeniləməyib.
Açıq mənbələrdən Ukraynada Rusiya ordusunun ən azı iki generalının öldürüldüyü məlumdur. Rusiya rəsmiləri general-mayorlar Andrey Suxovetski və Vladimir Frolovun ölümünü təsdiqləyib.
Ukrayna rəhbərliyi Rusiyanın daha yeddi generalının öldürüldüyünü bildirsə də, onlardan azı ikisinin - Maqomed Tuşayev və Andrey Mordviçevin sağ olduğu ortaya çıxıb. Onlar vaxtaşırı çəkilişlərdə görünür və Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak etməyə davam edirlər.
Facebook'da Paylaş