Ukrayna MN: "Rusiya Silahlı Qüvvələrinin Mİ-24 helikopteri məhv edilib
"Rusiya ordusunun ən böyük fəallığı Slobojanski və Donetsk istiqamətlərində müşahidə olunur. Volın, Polissya və Siverski istiqamətlərində əhəmiyyətli dəyişiklik yoxdur".
Ordum.az xəbər verir ki, bu, Ukrayna Müdafiə Nazirliyinin gündəlik operativ məlumatında qeyd olunub.
Bildirilib ki, qarşı tərəf radiokanalları boğmaq üçün elektron döyüş sistemlərindən istifadə edir: "Qarşı tərəf qoşunlarımızın Ukraynanın dövlət sərhədinə doğru daha da irəliləməsinin qarşısını almağa çalışır. Donetsk istiqamətində isə onların əsas səyləri Rubijne şəhərinə tam nəzarəti təmin etməyə, Liman və Severodonetsk yaşayış məntəqələrini ələ keçirməyə yönəlib. Rusiya Silahlı Qüvvələri Liman, Severodonetsk, Baxmut, Avdiyev və Kuraxiv ərazilərinə hücumları dayandırmır. Mariupol şəhərində düşmən “Azovstal” zavodunun yanındakı bölmələrimizin qarşısını kəsir. Artilleriya və tank atəşinin dəstəyi ilə hücum əməliyyatları həyata keçirilir. Raket və bomba zərbələri endirir. Nikolayev istiqamətində Rusiya ordusu Ukrayna müdafiəçilərinin mövqelərinə hücumları davam etdirir. Krivoy Roq istiqamətində qoşunlarımızın artilleriya bölmələri atəşə tutulub".
Qeyd olunub ki, Tavriya istiqamətində Rusiya Silahlı Qüvvələrinin mövqelərinin mühəndis avadanlıqları təkmilləşdirilir, ehtiyatlar artırılır: "Qarşı tərəf raket və bomba zərbələri ilə yaşayış məntəqələrini atəşə tutur, Ukraynanın mülki infrastukturunu məhv edir. Rusiya Silahlı Qüvvələrinin davamlı atəşi mülki əhalinin və yaralıların müharibə zonasından tam təxliyəsinə imkan vermir".
Ukrayna Müdafiə Nazirliyinin məlumatında vurğulanıb ki, ötən gün Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının hava hücumundan müdafiə bölmələri Rusiyaya aid “Orlan-10” tipli 4 PUA-nı məhv edib. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin hücum qoşunlarının briqadalarından biri 1 Mi-24 helikopterini vurub. Donetsk və Luqansk vilayətlərində Ukrayna müdafiəçiləri düşmənin 12 hücumunun qarşısını alıb. Həmçinin son sutka ərzində Rusiya Silahlı Qüvvələrinin 12 tankı, 4 artilleriya sistemi, 19 zirehli döyüş maşını, 7 avtomobil və 2 xüsusi mühəndis texnikası məhv edilib.
Facebook'da Paylaş