Ukrayna Baş Qərargahı: “Rusiya əsas səylərini Mariupolu ələ keçirməyə cəmləşdirib

8-04-2022, 10:00

Ukrayna Baş Qərargahı: “Rusiya əsas səylərini Mariupolu ələ keçirməyə cəmləşdirib

“Rusiya işğalçılarının əsas səyləri Mariupolun ələ keçirilməsinə, İzyum şəhəri ərazisinə hücuma və Donetsk istiqamətində Birləşmiş Qüvvələrin (Donbas ərazisində təmas xəttində dayanan ukraynalı hərbçilər – “Report”) müdafiəsini yarmağa yönəlməkdə davam edir. Yujnobuq yasaqlığı istiqamətində düşmən qoşunlarımızın irəliləməsinin qarşısını almağa çalışır”.

Ordum.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlayıb.

Bildirilib ki, Belarus Silahlı Qüvvələri ölkənin bütün ərazisindəki poliqonlarda əməliyyat və döyüş hazırlığı keçirir. Ukrayna-Belarus sərhədinin mühafizəsinin gücləndirilməsinə 4-ə qədər tabor taktiki qrupu cəlb olunub. Belarus ərazisindən Ukraynanın hərbi və mülki infrastrukturuna hava zərbələri endirilməsi ehtimalı hələ də qalır.

Məlumatlara görə, özəl hərbi şirkətin yeni bölmələrini yaratmaq məqsədilə Belarus ərazisindən qondarma “könüllülər” cəlb olunur.


Baş Qərargahdan qeyd olunub ki, Bryansk və Kursk vilayətlərinin ərazisində Rusiyanın Mərkəzi Hərbi Dairəsi bölmələrinin döyüş hazırlığının bərpası başa çatdırılır:

“Xarkov istiqamətində isə düşmən Xarkov şəhərini mühasirəyə almağa çalışır. Qoşunlarımızın irəliləməsinin qarşısını almaq üçün işğalçılar əraziləri minalayırlar.

İşğalçı qüvvələrin bölmələri səylərini Popasna və Rubijne yaşayış məntəqələrini nəzarətə götürmək və Mariupol şəhəri üzərində nəzarəti bərqərar etmək üzərində cəmləşdirir. Əksər istiqəmətlərdə hücum əməliyyatları davam edir.

Rubijne, Popasna, Nijne, Novotoşkivske, Zolote və Borivske yaşayış məntəqələrinin ərazilərində işğalçılar hücum əməliyyatları keçirməyə cəhd etsələr də, nəticəsiz qalıb.

Donetsk və Luqansk vilayətləri ərazisində bir sutka ərzində düşmənin yeddi hücumu dəf edilib, dörd tank, iki artilleriya sistemi, on zirehli bölmə və on bir texnika məhv edilib”.




Facebook'da Paylaş