Ukrayna SQ: “Ötən sutkada Rusiyanın 4 helikopteri, 1 təyyarəsi məhv edilib

15-03-2022, 09:30

Ukrayna SQ: “Ötən sutkada Rusiyanın 4 helikopteri, 1 təyyarəsi məhv edilib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ölkədəki son durumla bağlı operativ məlumat yayıb.

Ordum.az-ın xəbərinə görə, bildirilib ki, müdafiə qüvvələrinin vəziyyətində, mövqeyində və hərəkət xarakterində əhəmiyyətli dəyişiklik olmayıb, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna və onların arxa infrastrukturuna sarsıdıcı zərbələr endirir.

“Ukrayna Hərbi Hava Qüvvələri son sutkada Rusiyanın dörd helikopterini, bir təyyarəsini və bir raket kompleksini məhv edib”, - Baş Qərargahdan qeyd olunub.

Rəsmi informasiyaya görə, Rusiya qüvvələrinin hücumda iştirak edən qruplaşmaları hərəkət istiqamətlərinin heç bir sahəsində əhəmiyyətli uğur əldə edə bilməyib. Belə ki, onların əsas səyləri hələ də zəbt edilmiş sərhəd ərazilərinin qorunub saxlanılmasına yönəlib.

Məlumata görə, Rusiya Silahlı Qüvvələri mühüm infrastruktur obyektlərinə raket və bomba zərbələri endirməkdə davam edir. Yaralı Rusiya hərbçiləri ələ keçirdikləri ərazilərdəki tibbi müəssisələrin xidmətindən istifadə edir.

Həmçinin vurğulanıb ki, Rusiya ordusu mülki infrastrukturun yerləşdiyi ərazilərə öz hərbi texnikasını yerləşdirir və oradan atəş açır:

“Qarşı tərəfin mənəvi-psixoloji vəziyyəti düşkün olaraq qalır ki, bu da Rusiya Silahlı Qüvvələrinin hərbçilərinin komandanlığın əmrlərini yerinə yetirməkdən imtina etməsinə səbəb olur”.

Qeyd olunub ki, Rusiya Mariupolu ələ keçirməyə çalışır: “Ukrayna hərbçiləri işğalçıların hücumlarını uğurla dəf edib. Həmin istiqamətdə düşmənin ümumi itkiləri 150-yə yaxın hərbi qulluqçu, 2 tank, 7 piyada döyüş maşını və bir zirehli transportyor olub. İtkilərdən sonra işğalçılar hücumu dayandırıb geri çəkiliblər.

Artilleriya və aviasiya Rusiya Silahlı Qüvvələrinin irəli istiqamətlərdə cəmləşdirilmiş hərbi karvanını sıradan çıxarıb. Mövcud məlumata görə, artilleriya atəşi nəticəsində 12 maşın məhv edilib.

336-cı Əlahiddə Dəniz Briqadasının və 11-ci Əlahiddə Hücum Briqadasının tabor taktiki qrupları da zərər çəkib.

Qara dəniz və Azov əməliyyat zonalarında desant əməliyyatına hazırlıq əlamətləri aşkarlanmayıb”.

Qeyd edək ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.

2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb.




Facebook'da Paylaş