Təntənəli surətdə and içirəm!
Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaq, bundan ötrü qanımı və canımı əsirgəməyəcəyəm. Səmimi, cəsur, intizamlı olacaq, hərbi sirri verməyəcək, hərbi nizamnamələrin tələblərini yerinə yetirəcək, komandirlərin və rəislərin əmrlərinə sözsüz tabe olacağam.
Hərb işini vicdanla öyrənəcək, əcdadların hərbi ənənələrini şərəflə davam və inkişaf etdirəcək, hər an əldə silah Vətənin müdafiəsinə qalxmağa hazır olacağam.
Andımı pozsam, Azərbaycan Respublikası qanunlarının tam ciddiyyəti ilə məsuliyyət daşımağa hazıram.
And İç, Azərbaycan əsgəri!
And iç ki, Odlar Yurdunun yaralarına məlhəm qoyacaqsan. Çadırlarda doğulub illərlə od-ocaq həsrəti ilə zillət çəkənlərimizi doğma ocağına qaytaracaqsan. And iç, Azərbaycan əsgəri! And iç ki, şəhidlərimizin ruhuna dinclik verməyən qarı düşmənin yuxusunu ərşə çəkəcəksən. Azərbaycanımızın ərazi bütövlüyünü bərpa eləyib bütövləşən ərazilərimizdə dövlətimizin suverenliyini hər kəsə-istəyənə də, istəməyənə də qəbul etdirəcəksən.
And iç , Vətən əsgəri, and iç! Andın Mübarək olsun!