İmirli (Əmirli) kənd orta məktəbinin 70 yaşı tamam olur
İmirli (Əmirli) kənd orta məktəbinin 70 yaşı tamam olurSədri olduğum Müvəkkil Hüquq Mərkəzinin "Qərbi Azərbaycan haqqında həqiqətlərin araşdırılması və təbliği" layihəsi çərçivəsində Dərələyəz mahalının Çivə, Sallı, Qozulca, Vedibasar mahalının Hortun, Göyçə mahalının Mollalı kəndindən, Bərdə rayonunun İmirli kəndində deportasiya edilmiş şəxslərlə bağlı araşdırmalar zamanı maraqlı və əlamətdar fakt ortaya çıxdı. Bərdə rayonunun İmirli (Əmirli) kənd orta məktəbinin 1953-cü ildə təşkil olunması ilə bağlı maraqlı fakta rast gəldim. Məktəbin yaradıcısı böyük əmim İsa Vəkilovun 2001-ci ildə qeydə aldığı şəxsi xatirələrində İmirli kəndinə köçmələri, ilk ibtidai orta məktəbin təşkil olunması ilə bağlı dəqiq tarix qeyd edilib. İsa Vəkilov İmirli kəndindəki dörd illik ilk ibtidai məktəbi 1953-cü ildə təşkil etdiyini, məktəbin kəndin Məscidində yerləşdiyini qeyd edib.
Beləliklə mənim də təhsil aldığım İmirli kənd orta məktəbinin bu il yaradılmasının 70 ili tamam olur. İmirli kənd orta məktəbinin yaradıcısı pedaqoq İsa Vəkilovu yaxından tanıyaq.
Vəkilov İsa Əhməd oğlu 1925-ci ildə Şərur-Dərələyəz qəzasının Civə kəndində anadan olub. Atası Əhməd bəy Vəkilov Qazax-İrəvan-Şərur-Dərələyəz qəzasında məskunlaşmış Şərur-Dərələyəz qəzasının naibi olmuş Hüseynalı Sultan Vəkilovun oğlu Həsənalı Sultanın ailəsindəndir. Həsənalı Sultan Vəkilov Şərur-Dərələyəz qəzasının ən böyük mülkədarı olub (ifadə araşdırıcı Ənvər Cingizoğluya məxsusdur, Soy jurnalı, № 5(49) 2011-ci il Bakı). Anası Danzikli Həsən bəy Vəkilovun qızı Şəhrəbanu xanımdır. Əhməd bəy Vəkilovun Sidiqə, Leyla, Səltənət adlı qızları, İsa, Musa, Mustafa, Məhəmməd, Əhəd adlı oğlanları olub. İsa Vəkilov ilk ibtidai orta təhsilini Çivə kəndində alıb. Bir neçə il Çivə kəndidə daxil olmaqla Dərələyəzin bir neçə kəndində müəllimlik edib. Sonra Yerevan Pedeqoji Texnikumunu bitirib.
1951-ci ildə Bərdə rayonunun İmirli kəndinə deportasiya ediliblər. 1953-cü ildə İmirli kəndində ilk orta məktəbi (sonra isə kənddə ilk mağazanı da o açıb) təşkil edib. Həmin məktəbdə ilk təhsil alan şəxslərdən biri də İmirli kənd orta məktəbin tam orta məktəbə çevrilməsini təşkil etmiş Əhməd Məmmədovun həyat yoldaşı Fətəliyeva Şölə Həsən qızı (20 fevral 1944-cü ildə Göyçə mahalının Mollalı-Alçalı kəndində doğulub) hazırda Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayır. Şübhəsiz ki, bu təhsil ocağında oxuyan hər bir şəxsin məktəbin yaradıcısı İsa Vəkilovu, məktəbimizi tam orta məktəbə çevirmiş Əhməd Məmmədovun parlaq xatirəsini yad etmək vəfa borcu hesab olunmalıdır. Hər iki parlaq ziyalımızı rəhmətlə anırıq!
Məktəbimizin fəaliyyətinə toxunarkən Azərbaycan torpaqları uğrunda şəhid olmuş məzunlarımızdan başlamaq yerinə düşərdi. Qarabağ savaşında onlarla İmirli kənd orta məktəbinin məzunu iştirak edib. İmirli kənd orta məktəbinin məzunu olmuş 4 nəfər isə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub:
1) Rəhman Abbasov (kəndin ilk şəhidi, məktəb hazırda şəhidimizin adını daşıyır),
2) Əsgər Məmmədov (Xocalı polisi tərkibində vuruşub),
3) İlqar Calalov (baş leytenant atəşkəs dövründə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub),
4) Murad Musayev (44 günlük Zəfər müharibəsi zamanı şəhid olub).
Qeyd etməliyik ki, İmirli kənd orta məktəbi həm də bir çox alimlər yetişdirib. Gəlin alimlərimizlə tanış olaq:
Akademik Əliquliyev Rasim Məhəmməd oğlu texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü. AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru.
Əliquliyev Ramiz Məhəmməd oğlu texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü.
Professor Süleymanov Qəzənfər Salman oğlu hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti «Maşınqayırma sənayesinin iqtisadiyyatı və menecment» kafedrasının professorudur.
Dosent, tarix üzrə fəlsəfə doktoru Məmmədov Vurğun Rəhim oğlu ( XIX əsrin sonu XX əsrin əvvələrində Azərbaycanın yazıçı və maarifçilərinin əsərlərində xalq məişətinin əksi-(Ü.Hacıbəyov və Ə.Haqverdiyev)).
Tarix üzrə fəlsəfə doktoru Calalova Leyla Qədir qızı ( XVIII əsrin son rübündə Azərbaycan-Rusiya ticarət əlaqələri).
Fəlsəfə üzrə fəlsəfə doktoru Eyvazova Şirinxanım Qulam qızı. (ХХ əsr Azərbaycan ədəbi-bədii və fəlsəfi fikrində inam və idrakın dialektikası)
Şübhəsiz 70 yaşlı bir təhsil ocağının yetişdirdiyi faydalı insanlar içərisində Azərbaycanda və ölkəmizdən kənarda tanınan şəxslər az deyil.
Səməd Vəkilov
Facebook'da Paylaş