Dünya şöhrətli rəssam İbrahim Safinin 125 illik yubileyi Naxçıvanda qeyd olunacaq

4-07-2023, 11:24

Dünya şöhrətli rəssam İbrahim Safinin 125 illik yubileyi Naxçıvanda qeyd olunacaq

Milli Mədəniyyətin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İbrahim Safinin 125 illik yubileyinə həsr olunmuş eyni adlı “RƏNGLƏRİ DANIŞDIRAN ADAM” kitab və filminin təqdimatı” layihəsinin icrasına başlayıb. Bu haqda Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova saytımıza məlumat verib.

Jalə Cəfərova deyib ki, artıq bu böyük rəssamı Azərbaycanda kifayət qədər tanıyan sənət adamları, mədəniyyətimizə maraq və sayğı göstərən müxtəlif peşə adamları var: “1898-ci ildə Naxçıvanın Şərur rayonu, indiki Cəlilkənddə dünyaya göz açan İbrahim Safi (əsl adı Rəhman) Azərbaycanın və Türkiyənin ortaq dəyəridir. Bu şəxsiyyət haqqında çox danışmaq olar. Sadəcə bir məqamı xüsusi qeyd etmək istəyirəm ki, həmyerlimiz olan İbrahim Safi Mustafa Kamal Atatürkü ilk dəfə naturadan çəkən rəssam olub. Rəssam haqqında tədqiqat işim davam edir. 2020- ci ildə eyni adlı “RƏNGLƏRİ DANIŞDIRAN ADAM” kitabım və 55 dəqiqəlik film çəkmişəm. 2022-ci ildə “Rəngləri solmayan rəsmlər” kitabım isə İbrahim bəyin Avropadakı həyat və yaradıcılığına həsr olunmuşdur. Hər rəssama nəsib olmayan bir faktı da qeyd edim ki, İbrahim Safinin dünyasını dəyişməsindən qırx ildən artıq zaman keçsə də (1898-1983) əsərləri bu gün də auiksionlarda böyük maraqla tələb olunur və satışa çıxarılır. Ən böyük arzusu vətəninə dönmək olsa da, təəssüf ki, bu arzususu ürəyinin ən kövrək köşəsində məskən salaraq reallaşmayıb. Təsəvvür edin ki, rəssam dünyasını dəyişənə qədər kimliyində belə Qaqazlardan gələn adam kimi qeyd olunurdu. Artıq bu yanlışlıq aradan qaldırılıb”.

Jalə Cəfərova bildirb ki, bu il İbrahim Safinin 125 illik yubileyidir (1898-1983). Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin prioteritlərindən biri və birincisi mənəvi bərpasına ehtiyacı olan məsələləri gündəmə gətirərək bu yolda bacardıqlarını həyata keçirsin. Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dəstək Agentliyinin maliyyələşdirdiyi “İbrahim Safinin 125 illik yubileyinə həsr olunmuş eyni adlı “RƏNGLƏRİ DANIŞDIRAN ADAM” kitab və filminin təqdimatı” layihəsi çərçivəsində bacardığımız qədər İbrahim Safini təbliğ edəcəyik. Belə ki, yubiley çərçivəsində Naxçıvanda və Ordubadda yerləşən bütün muzeylər iştirak edəcək və üç dildə (Azərbaycan, Anadolu türkcəsi və ingilis) nəşr olunmuş “RƏNGLƏRİ DANIŞDIRAN ADAM” kitabı hədiyyə veriləcək. Eyni adlı filmin nümayişi də nəzərdə tutulub. Belə layihələri həyata keçirmək bizim ən azından mənəvi borcumuzdur”.




Facebook'da Paylaş