Xatirələrdə yaşayan oftalmoloq
Heydər Əliyev: “O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi”
Bu il Azərbaycanın görkəmli alimi, oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyidir. Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə Əliyeva istər azəbayacanlı bir xanım, istərsə də öz sahəsinin peşəkar nümayəndəsi olaraq hər zaman sevgi və sayğı ilə xatırlanır. Əlbəttə ki, Zərifə xanım Əliyevanı daha çox yaxından tanıyan insan olaraq ən səmimi sözlərlə elə Ulu Öndər Heydər Əliyev xatırlayırdı: “Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur. Elə o da öz adını tarixin səhifələrində əbədiləşdirən, xatirələrdə hər zaman hörmətlə anılan, sayğı ilə yada salınan unudulmaz şəxsiyyətlərdən oldu. Çünki böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi”.
Qeyd edək ki, 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuş Zərifə Əliyeva öz həyatını səhiyyə elminin inkişafına həsr etmişdir. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirib. Azərbaycanda Zərifə Əliyevanın yüksək ixtisaslı tibbi kadrların hazırlanmasında, oftalmoloq-həkimlərin peşəkarlığının artırılmasında əvəzsiz xidmətləri olub. Görkəmli alimin göz xəstəliklərinin aşkarlanması, müayinə-müalicə və diaqnostikası ilə bağlı sanballı tədqiqatlar edib. Bütün bunlar da oftalmologiya elminin inkişafına mühüm töhfələr verib. Alim gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə verib.
Akademik Zərifə Əliyevanın 100 illiyi münasibətilə Prezident İlham Əliyev tərəfindən xüsusi Sərəncam imzalanıb. Sərənzama əsasən Akademik Zərifə Əliyevaya həsr olunan çoxşaxəli tədbirlər həyata keçirilir. Belə ki, müxtəlif dövlət qurumları tərəfindən dünya şöhrətli oftalmoloqun yubileyi münasibətilə Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən tibbi aksiya təşkil olunur. Bu aksiyalarda Vətən müharibəsi iştirakçılarının və onların ailə üzvlərinin Klinikanın həkim-oftalmoloqları tərəfindən oftalmoloji müayinələri aparılır, zəruri tövsiyələr verilir. Aksiyanın keçirilməsində məqsəd onların səhhətləri ilə bağlı problemlərin həll olunmasına kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və həll etmək olub. Qeyd edək ki, akademik Zərifə Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzi paytaxtda və bölgələrdə mütəmadi səyyar xidmətlər göstərir, Mərkəzin müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar Klinikası tərəfindən oftalmoloji aksiyalar keçirilir.
Bütün bu keçirilən tədbirlərdə, eyni zamanda Zərifə Əliyevanın xatirəsi də yad edilir. Amma bu gün Zərifə Əliyevaya ən böyük diqqət övladı, Prezident İlham Əliyev və gəlini Mehriban xanım Əlliyeva səviyyəsində müşahidə olunur. Dövlətimizin başçısı anası haqqında ən səmimi sözlərini belə ifadə edib: “Mənim anamın həyat fəlsəfəsinin köklərini, hər şeydən əvvəl onun uşaqlığında axtarmaq lazımdır. O bizə tez-tez deyərdi ki, uşaqlıq - insan həyatının çox mühüm dövrüdür və heç nə bu dövrü əvəz edə bilməz. Uşaqlıq - insanın ömrü boyu təkrar-təkrar müraciət etdiyi dünyadır. İnsan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir. O, çox xoşbəxt uşaq olub, uşaqlıq onun yaddaşında məhəbbət və əziz xatirələr mənbəyi kimi qalmışdı”.
Akademik Zərifə Əliyeva hər kəsin yaddaşında nümunəvi Azərbaycan xanımı olaraq qalıb. Onun 100 illik yubileyinin qeyd edilməsi ölkəmizdə əlamətdar hadisələrdəndir.
Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
Facebook'da Paylaş