"Azərbaycanımızı bütöv və həmişə ucalardan ucada görmək istəmişəm"
"Azərbaycanımızı bütöv və həmişə ucalardan ucada görmək istəmişəm"Bu sözləri Naftalanda "Çinar" sağlamlıq mərkəzində müalicə alarkən həmsöhbət olduğum inzibatçı Emil Babayev dedi. Əslində o, qonaqlarla əlaqələr üzrə iş aparan çox məsuliyyətli, vətənpərvər və milli ruhlu bir gəncdir. Qısa zaman kəsiyində aramızda qurulan səmimi bir tanışlıq prosesində bu gəncin öz daxili aləmində Azərbaycan birliyini, bütövlüyünü, mədəniyyətini, milli kimliyini, milli şüurunun səviyyəsini qoruyub saxladığını və necə inkişaf etdirdiyinin şahidi oldum. Belə ki,
Emil ölkəmizə dünyanın müxtəlif guşələrindən qonaq gəlmiş və adıgedən sağlamlıq mərkəzində müalicə alan və istirahət edən hər bir kəsə yaşından, milliyətindən asılı olmayaraq çox həssaslıqla yanaşır, onların qayğısına qalır, onları maraqlandıran bütün suallara çox həssaslıqla cavab da verir.Bütün bu qayğılarla yanaşı Emil sağlamlıq mərkəzində bütün prosedurlar və şam yeməyi bitdikdən sonra ya "Çinar" otelinin böyük və geniş foyesindəki "İstirahət guşəsi"ndə və ya da rəngli fəvvarənin də yerləşdiyi həyətdəki "Yaşıl bağ"da qonaqlar üçün canlı konsert proqramları təşkil edir. Belə ki, həmin proqramlarda qonaqlar tarda, pianoda milli musiqilərimizin ən gözəl nümunələrini canlı olaraq yerli sənətkarlarımızın ifasında dinləyirlər. Tarda milli musiqilərimizi çox yüksək peşəkarlıqla ifadə edən gənc sənətkar Kamil Kanadaroğlunu Emil öz təbirincə "Naftalanın əməkdar artisti" adlandırır.
Ən maraqlı məqamlardan biri də budur ki, Emil bütün bu qayğılarla yanaşı bizim xalq və bəstəkar mahnılarımızı çox şirin və məlahətli səsi ilə istər yerli və istər xarici qonaqların diqqətini və zovqünü oxşayan bir tərzdə məharətlə ifa edir. Milli mahnılarımızla yanaşı eyni zamanda da çox böyük bir ustaqlıqla rus, özbək və digər xarici dillərdəki mahnıları qonaqların diqqətinə təqdim edir. Dünyanın müxtəlif yerlərindən Azərbaycanın bu dilbər güşəsində müalicəyə və istirahətə gələn yüzlərlə insanın zövqünü oxşamaqla yanaşı eyni zamanda yüksək milli mədəniyyətimizin, musiqimizin və adət-ənənələrimizin ən gözəl nümunələrini onların qarşısında nümayiş elətdirir, ölkəmiz və xalqımız haqqında onlarda çox müsbət təəssüratlar yaradır, bununla da yüksək inkişaf etmiş Azərbaycan mədəniyyətini, mənəviyyatını və əxlaqını onların nəzərində canlandırır. Belə ki, qonaqlar onu eyni zamanda çox qayğıkeş və diqqətli bir inzibatçı kimi də tanıyırlar.
Onunla aramızda olan qısa bir söhbət zamanı bildirdi ki, o, əslən Bakıdandır, ziyalı ailəsindəndir, babası Əziz Məşədizadə tanınmış həkim olub. Əmircan qəsəbəsindəki 8 saylı xəstəxananın həyətində büstü də qoyulub. Belə ki, həmin xəstəxananın baş həkimi vəzifəsini uzun illər şərəflə icra etmişdir. Uşaqlarının anası da müəllimədir, gələcək nəslin milli və vətənpərvər ruhunda tərbiyəsi ilə məşğuldur.
Emil söhbətimizin gedişində vurğuladı ki, o, Azərbaycan diaspor təşkilatlarının həyata keçirdiyi missiyanın - əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm prezidentimiz, Ali Baş komandanımız İlham Əliyev tərəfindən uğurla davam etdirilən azərbaycançılıq ideologiyasının yayılması, möhkəmlənməsi, dünya azərbaycanlılarının sarsılmaz birliyinin təminatçısına çevrilməsi, Azərbaycanın bu dilbər guşəsində qonaqlarımıza təlqin edilməsi və beləliklə bütün dünya azərbaycanlıları arasında yayılması kimi çox böyük və məsuliyyətli bir işin icrasında kiçik bir xidmət göstərə bilibsə, özünü çox xoşbəxt hesab edir. Bu fikrinin məntiqi izahını da verdi. Azərbaycanın bu sağlamlıq mərkəzinə dünyanın müxtəlif guşələrindən gəlmiş qonaqlar yüksək səviyyədə inkişaf etmiş milli-mənəvi dəyərlərimizlə, tariximizlə canlı olaraq, üz-üzə tanış olduqca, çox yüksək təəssüratlarla geri qayıdır, yaşadıqları ölkələrdə məskunlaşan azərbaycanlılara münasibətlərində də çox yüksək dostluq əlaqələri qurmağa və onu daha dərin köklər üzərində yaşatmağa, inkişaf etdirməyə çalışırlar. Bütün bu xidmətlərin qayəsi həmin nəticələrə nail olmaq, Azərbaycan xalqının tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri barədə vətənimizə qədəm basan insanlarda bu vətən barədə ən gözəl təəssüratları formalaşdırmaq, dostluq münasibətləri qurub, onu davamlı inkişaf etdirib yaşatmaqdır. Göstərdiyi bu xidmətlərdən də əsas məqsədi Azərbaycanımızı bütöv və həmişə ucalardan ucada görmək istəyidir.
Çox da uzun sürməyən söhbətimizin sonunda Emil Azərbaycanımızı, onun xalqını, möhtərəm prezidentimiz İlham Əliyevin də dediyi kimi, yumruq kimi birləşmiş, vahid, qüdrətli və bütün dünya azərbaycanlılarının gələcəyə ümid ocağı kimi yanar bir diyar olmasını ürəkdən arzu etdiyini bildirdi. O, eyni zamanda bildirdi ki, 2016-cı ilin apel döyüşlərində də, 44 günlük Vətən savaşında da düşmənlə təmas xəttinə ən yaxın bir məsafədə yerləşən Vətənimizin bu dilbər guşəsi Naftalanı bir an belə tərk etməyib, əksinə özünün buradakı fəaliyyəti ilə milli mədəniyyətimizi, vətənpərlik ruhunu təlqin və tərbiyə edən xalq mahnılarını ifa etməklə yerli sakinlərin inamını, müdafiə ruhunu qüvvətləndirmiş, onları qarşıdakı qələbələrə ruhlandırmışdır. O, xalqımızın və rəhbərimizin gələcək uğurlarına da hər zaman dəstək olacağını, bu işdə bacardığını əsirgəməyəcəyini inamla bildirdi.
Emilin fəaliyyəti "Çinar" sağlamlıq mərkəzi rəhbərliyinin və kollektivinin də diqqət mərkəzindədir və bu üzdən də azərbaycançılıq ideologiyasının təbliği və təşviqi yolunda ona hər cür dəstək göstərilir.
Azərbaycanımızın Emil kimi gəncləri milyonlarladır. Onlar milli birlik ideyasının təmsilçiləri və icraçıları olmaqla yanaşı, xalqımızın hər zaman Vətənin müdafiəsi, qorunması və onun gələcək inkişafı uğrunda yumruq kimi bir olması yolunda dönməz mübarizləridirlər.
Gənclərimizin parlaq gələcəyinə böyük inamla,
Səməd Bayramzadə,dosent, tarix üzrə fəlsəfə doktoru.
Facebook'da Paylaş