Beynəlxalq elmi konfrans keçirilib

26-11-2022, 16:19

Beynəlxalq elmi konfrans keçirilib


Türkiyənin Qafqaz və Özbəkistanın Al-Buhari Universitetlərinin təşkilatçılığı ilə beynəlxalq elmi konfrans keçirild
i


Noyabrın 25-də Türkiyənin Qars Qafqaz (Əbül-Həsən Harakani Araşdırma ve Uyğulama Mərkəzi) və Özbəkistanın Al-Buhârî Üniversitetlərinin təşkilatçılığı ilə möhtəşəm beynəlxalq elmi konfrans keçirildi.
Konfransın onursal başqanları Qars Qafqaz Universitetinin rektoru professor Hüsnü Kapu, Al-Buhârî Üniversitetinin rektoru professor Muzaffar Axmadov, başqanı isə Qars Qafqaz Universitetinin dosenti Alparslan Kartal idi. Konfransın açılış yığıncağında məruzə ilə çıxış edənlər təşkilatçılara və iştirakçılara minnətdarlıq etdilər, belə konfransların türk dünyasının daha da yaxınlaşmasında rolunu vurğuladılar. Sonra Əbul-Həsən Harakaninin məzarı başından canlı yayınla birgə maraqlı slayd təqdim olundu, iştirakçılara bu böyük şairlə bağlı bir sıra yeni məlumatlar verildi. Çıxışçılar iştirakçılara uğurlar arzuladıqdan sonra konfrans öz işini 5 bölmədə davam etdirdi.
Biz də "Nəsimi yaradıcılığında Allahın təkliyinə inam və ilahi eşq məsələsi" mövzusunda məruzə ilə çıxış etdik. Bildirdik ki, görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin şəxsiyyəti və yaradıcılığının əsas mahiyyəti sovet dövründə təhrif olunmuş, bu böyük şəxsiyyət siyasi-ideoloji səbəblərdən yanlış olaraq ateist şair kimi cəmiyyətə təqdim edilmişdir. Şairin yaradıcılığı və irəli sürdüyü fikirlər istər tarixçilərimiz və istərsə də ədəbiyyatşünaslarımız tərəfindən lazımınca araşdırılmamış, nəticədə Nəsimi yaradıcılığının mahiyyəti məqsədyönlü şəkildə gizlədilmiş, onun sufi və hürufi baxışları bilərəkdən İslam dininə və irfaniliyə zidd, Allahı inkar edən baxışlar kimi təqdim edilmişdir. Lakin son illərin araşdırmaları göstərdi ki, Nəsimi ateist təfəkkürlü olmamış, onun fəlsəfəsində Allahın qüdrətinə, ilahi məhəbbətə inam ən yüksək səviyyədə əks olunmişdur. Başqa sözlə, Uca Tanrının varlığını inkar etməmiş, əksinə, Allahı dərk etmək və ona qovuşmaq məsələsini özünəməxsus şəkildə irəli sürmüşdür.
İrfana görə, Allahın mövcudluğu heç bir səbəbdən asılı olmayan, yəni “vacibül-vücud”, ondan başqa hər şeyin mövcudluğu isə ilkin səbəblə bağlıdır. Yəni yer üzündə nə varsa, hamısı Allahın iradə və təcəllası ilə mümkündür, onun ad və sifətindən başqa bir şey deyildir. Nəsimi yaradıcılığında da insanlar məhz Allahı-ilkin səbəbi dərk etmək üçün kamilliyə çağırılır. Nəsimi düşüncəsində mövcudluğun ilkin səbəbini anlamayan insan Allahı dərk edə, onu anlaya bilməz. Yalnız Allahı dərk etmək, anlamaq yolu ilə ona qovuşmaq mümkündür.
Nəsimi:
Əzəl gündən Tanrı birdir, bir olaraq qalacaq da,
Sənin ruhun haqqın nuru, ağlın isə bir peyğəmbər.

misraları ilə uca Allahın birliyinə, onun əzəli və əbədi olmasına inam və etiqadını bildirir, insan ruhunun əsasını məhz haqqın nuru olaraq qəbul edir. Onun fikrincə, haqq nurunu bilib anlamayanlar mənadan uzaqdırlar ki, belə insanlar Allahı da dərk edə bilməz. Onların nəsibi yalnız cəhənnəm odudur:
Nəzmi-Nəsimi yəqin Allahi nurun şərhidir,
Ol nuru hər kim bilmədi, həqdən nəsibi nar imiş.

Şairin Allahı dərk etmək, ona qovuşmaqla bağlı fikirlərini, eləcə də Quran ayələrinə tez-tez müraciət edərək hər zaman İslam dininə bağlı bir şəxsiyyət kimi fəaliyyət göstərdiyini yaradıcılığından gətirdiyimiz çoxsaylı nümunələrlə izah etməyə çalışdıq. AR Prezidentinin fərmanı ilə Nəsimi ili elan olunmasından sonra bu istiqamətdə xeyli yeni araşdırmalar aparılmasına baxmayaraq, hələ də bu böyük şairin yaradıcılığının hərtərəfli və daha dərindən öyrənilməsinə ehtiyac olduğunu bildirdik.
Sonda bu dəyərli konfransın təşkilatçılarına fəaliyyət göstərdiyim Azərbaycan Dövlət Pedaqoji Universitetinin kollektivi, xüsusən də həmsədri olduğum Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyi adından salamlarımızı çatdırdıq, təşkilatçılara minnətdarlıq etdik. Belə konfrasların mütəmadi xarakter daşımasının, digər türk dövlətləri universitetlərinin də cəlb edilməsinin vacibliyini vurğuladıq.

Bizlərin konfransda iştirakına vəsilə olan dəyərli alim, Qars Qafqaz Universitetinin dosenti Alparslan Kartal bəyə minnətdarlıq etdik, növbəti konfranslarda da birgə iştirakdan məmnunluq duyacağımızı bildirdik.

Yeganə Qəhrəmanova
Filologiya üzrə fəlsəfə doktoru,
ADPU-nun dosenti,
Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin həmsədria




Facebook'da Paylaş