“Qardaşlığın Zəfəri” kitabı Türkiyə - Azərbaycan birliyinə həsr olunub"
Tarix üzrə fəlsəfə doktoru, yazıçı publisist Hacı Nərimanoğlunun “Qardaşlığın Zəfəri” kitabı nəşr olunub. Türkiyə Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Prof. Dr. Aygün Attarın “İki liderin, iki dövlətin bənzərsiz qardaşlığı” adlı Ön sözü və Türkiyənin Azərbaycandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıçın məsləhətçiliyi ilə çıxan kitab 44 günlük savaşla xalqımıza qələbə sevinci, şərəf, qürur yaşadan Ordumuza, Şəhid və Qazilərimizə, bu möhtəşəm zəfərin qazanılmasında, tarixi ədalətin bərpa olunmasında müstəsna xidmətləri olmuş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətlərinə həsr olunub.
Vətən müharibəsində müzəffər ordumuzun misilsiz qəhrəmanlığı sayəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan geniş miqyaslı tikinti, quruculuq işləri, mənfur düşmənin murdar ayaq izlərinin itirilməsi, məhv edilmiş mülki, sosial obyekt və infrastruk-turlarının yenidən dirçəlişinə Türkiyənin dəstəyi, dövlət başçıları və xanımlarının Qarabağ, Şərqi Zəngəzur regionuna səfərləri, tarixi “Şuşa Bəyannaməsi”nin siyasi, hərbi, ictimai-mənəvi əhəmiyyyəti kitabda sənədlər, foto-informasiya materialları, analitik təhlillərlə qələmə alınıb. Müəllifin eyni soykökə, dil və dinə mənsub iki ölkənin, xalqın tarixin müxtəlif dövrlərində sınaqdan çıxmış qardaşlığına dair elmi-publisistik araşdırmaları, Vətən müharibəsinin ilk günündən başlayaraq yazdığı, KİV-də yayılan hərbi-vətənpərvərlik motivli məqalələrinin bir hissəsi də kitaba daxil edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin həyata keçirdiyi “Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək” layihəsi çərçivəsində “Füyuzat” nəşriyyatında rəngli formatda çapdan çıxan
kitabın nüsxələri respublikamızın təhsil, mədəniyyət obyektlərinə, kitabxanalara, yerli icra strukturlarına, iki ölkənin QHT və KİV-ə paylanacaq.
Facebook'da Paylaş