"Xoş günün kədərli sonu"
"Xoş günün kədərli sonu" Gündüz hava soyuq idi. Anam yemək hazırlayırdı, balaca bacım oyuncaqları ilə oynayırdı. Atamın isə işdən gəlməyinə az qalmışdı. O, səhərə yaxın evdə olur. Nədənsə böyük bir sevinc və səbirsizliklə atamızın yolunu gözləyirdim. Mənə söz vermişdi. Gələndə uzun zamandı istədiyim iti gətirəcəkdir. Anam mətbəxdən mənə səsləndi. "Yəqin atam gəldi, ura!" deyib sevindim. Sonra isə anama səsləndim:
– Gəldim anacan!
– Canım oğlum, əynini qalın geyin. Get çörək al.
– Anacan, atamla danışdınmı, bu gün çox xoşbəxtəm axırki itim evə gələcək.
– Əlbəttə, danışmışam. Gecikmədən get, gəl. Əyinimi geyinib evdən çıxdım market evimizdən aşağı küçədə idi, getməmişdən qabaq blokumuzda yalqız qalan qoca nənə ilə baba vardı, onların da nəyəsə ehtiyacı varmı,- deyə qapılarını döydüm. Məni gülər üzlə qarşıladılar və çörək almağımı istədilər. Mağazadan çörəkləri alıb həmin qonşuya verdikdən sonra evə daxil oldum. Atam evdə idi. Həm də istədiyim iti gətirmişdi. Qaçaraq atamı öpdüm. Sonra itimi qucaqladım. Ağlı-qaralı, yumşaq tüklü it idi. Anam süfrəni hazırladı, hamı masa ətrafına keçdi. Anam məni səslədi, itimi də götürüb salona keçdim. Əyləşdim masaya, hər kəs sevincli idi, şənlənərək yemək yeyirdik. Birdən sanki göylərin yerə acığı tutdu. Hər tərəf çökdü. Bir an "Ana" deyə qışqıranda gözlərim yumuldu. Gözlərimi açdım ətraf qaranlıq, üstümdə ağır beton vardı, tərpənə bilmirəm, ağzı üstə idim. Anamı, atamı, bacımı və balaca itimi xatırladım. Getdikcə nəfəs almaq çətinləşirdi. Güclə tutunmağa çalışdım. Gözlərim yumuldu. Birdən "Allahım nolar yardım et. Ailəmə kömək ol" səsimə və kənardan eşitdiyim səslərə ayıldım. Qışqırmağa çalışdım torpaq ağzıma dolurdu, çox gücsüz idim, ağırlığın altda ürəyim partlayırdı. Səslər kəsildi, ağlamağa başladım, göz yaşlarım torpağa qarışıb palçıq oldu. Çox ac idim, palçığı yeməyə çalışdım. Gözlərim yenidən yumuldu. Bir müddət keçdikdən sonra yenidən ayaq səsləri eşidildi. Allaha dua etdim məni tapsınlar, gücüm çatan qədər qışqırdım.
Xilas olduğuma inanmırdım. Üzərimdəki betonu götürdülər, məni xilaskar əmilər yavaşca qucaqlarına aldılar. Torpağın altından çıxanda gözlərim qarşısında binalar yerlə-yeksan olmuşdu, ətraf dolu insan idi. Hər kəs bir yana qaçırdı. Məni təcili yardım maşınına apardılar. Anam, atam, bacım, itim orda idi. Yalvardım ki, onları da xilas etsinlər. Mən olan yerdə axtarış etdilər. Digər tərəfdən bir ana ilə uşaq çıxardılar. Ananın qucağında körpəsi can vermişdi. Nənə ilə baba da tapılmışdı, amma cansız bədənlərilə. Əlimi göyə açaraq dua etdim "Allahım, kömək ol ailəmə bina altda qalanlara heç nə olmasın".
Gözümü xəstəxanada açdım. Və öyrəndim ki, o evdən mənə bircə itim yadigar qalıb.
Südabə Məmmədova
Facebook'da Paylaş