Vətən müharibəsinin qadın şəhidinin xatirəsinə keçirilən yarış yekunlaşıb
Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın xatirəsinə həsr edilən şahmat turnirinə yekun vurulub
Ordum.az-ın məlumatına görə, Azərbaycan Şahmat Federasiyasının sosial komissiyasının layihəsi əsasında təşkil olunan turnir qızlar və qadınlar arasında keçirilib.
Xaçmaz rayon Heydər Əliyev Mərkəzində təşkil olunan turnirin açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının sosial komissiyasının sədri Zeynəb Məmmədyarova çıxış edərək turnirin əhəmiyyəti haqqında danışıb.
Z.Məmmədyarova bildirib ki, regionlarda qızlar və qadınlar arasında şahmatı təbliğ etmək məqsədilə keçirilən bu turnir, eyni zamanda, Vətən müharibəsi şəhidi, “Vətən uğrunda” medalı ilə təltif olunan Arəstə Baxışovanın əziz xatirəsinin yad edilməsi məqsədilə təşkil olunur.
Açılış mərasimindən sonra turnirə start verilib.
Turnirdə Şimal regionunu üzrə - Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarını təmsil edən 130 qız və qadın şahmatçı, 7 turda yarışıblar.
Gərgin mübarizənin nəticəsində 6 kateqoriya üzrə gənclər mükafatlandırılıb. 8 yaş və aşağı, 8-10 yaş, 10-12 yaş, 12-14 yaş, 14-16 yaş və 16 yaşdan yuxarı olmaqla hər bir kateqoriyada 1-ci, 2-ci və 3-cü yerin qaliblərinə diplom, medal, kubok və hədiyyələr təqdim olunub.
Facebook'da Paylaş