Mirzə Cəfər bəy Vəzirov: "Difai"nin sərkərdəsi -ARAŞDIRMA

5-07-2019, 13:58



Cəfər bəy Mirzə Sadıq bəy oğlu 1841-ci ildə Şuşa şəhərində doğulmuşdu. Şəhər Qəza məktəbini bitirmişdi. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı.
Mirzə Cəfər bəy Vəzirov dövlət idarəsində məmur işləmişdi. Kollec qeydiyyatçısı mülki çini almışdı.
Mirzə Cəfər bəy Vəzirov Qarabağın ünlü mülkədarlarından sayılırdı. Zümürxaç, Əbiyətli, Bəhlul və Tərəkəmə-Mirzəcəfərli kəndlərində mülkü vardı. 
Mirzə Cəfər bəy Vəzirov xalq qəhrəmanıdır. 1905-1906-cı illərdə müsəlmanları qırıb-çatan ermənilərin qarşısını almışdı.
Tarixçi Mir Möhsün Nəvvab «1905-1906-cı illərdə erməni-müsəlman davası» adlı kitabında Mirzə Cəfər bəy Vəzirovun erməni quldurlarına qarşı igidliklə vuruşmasından dəfələrlə bəhs etmişdir. Müəllif əsərində yazır: «Həmin gün Bağlar tərəfindən gələn cənab Haşım Vəzirzadə nəslindən olan Cəfər bəyin sərkərdəliyi ilə bir neçə yüz atlı və piyada gəlib erməni kəndlərini mühasirəyə aldılar». (M. M. Nəvvab, 1905-1906-cı illərdə erməni-müsəlman davası, Bakı, 1993, s.103).
Mirzə Cəfər bəy Vəzirov Şuşa şəhəri mühasirədə qalanda camaata 100 pud buğda göndərmişdi.
Mirzə Cəfər bəy Vəzirov 1906-cı ildə tutulmuşdu. Mir Möhsün Nəvvab yazır: «Zilhiccə ayının 20-də divanın hökmü əsasında ermənilərdən iki nəfəri (Gerasim Şahnəzərovu və Xaçatur Bahadurovu), müsəlmanlardan isə üç nəfəri (uçitel Ağa Mir Haşım bəyi, Cəfər bəy Vəzirzadəni və Ağa Məhəmmədcəfər Muxtarzadəni) həbs etdilər.Divanın hökmünə əsasən bu şəxslər erməni və müsəlman vilayətlərindən kənar bir yerə sürgün edilməlidir. Amma Allahın köməyi ilə bu üç müsəlman hərəsi bir vasitə ilə xilas oldular». (M. M. Nəvvab, 1905-1906-cı illərdə erməni-müsəlman davası, Bakı, 1993, s.103).
Mirzə Cəfər bəy Vəzirov “Difai” partiyasının qurucu və başçılarından biri idi.
“Difai” partiyasının ən çoxsaylı, nüfuzlu və fəal bölməsi mərkəzi Şuşada olan Qarabağ bölməsi idi. Bu bölmədə 400-ə yaxın üzv vardı. (Документы по русской политике в Закавказье. Вып.1, Баку, 1920, с. 26.) 1907-ci ilin ortalarından həmin bölmə “Qarabağ Birlik Məclisi” adlanırdı. Cavanşir qəzasının rəisi 1907-ci il dekabrın 7-də Yelizavetpol qubernatoruna məktubunda yazırdı ki, “Qarabağ Birlik Məclisi” müsəlmanların “Hidayət” xeyriyyə cəmiyyətinin himayəsi altında yaradılmışdır. (Документы по русской политике в Закавказье, с.35.) Məclisin yaradılmasından
əvvəl Cənubi Qafqaz, Şimali Qafqaz və Krım müsəlmanlarının qurultayı keçirilmişdir. 1907 -ci ilin mart ayında Yelizavetpol şəhər qlavası Əsgər ağa Adıgözəlovun evində keçirilmiş bu qurultayda Bakı xanları da iştirak edirdi. Qurultayın işində İsmayıl bəy Qaspinski də iştirak etmişdir. Qurultay qərara almışdı: “1) “Daşnaksutyun” a bənzər olan Zaqafqaziya müsəlman ittifaqı (Krım nümayəndələrinin iştirakı ilə) təşkil edilsin və sonuncu kimi terror yolu ilə hökumətdən güzəştlərə nail olunsun; 
2) cari ilin baharında Qarabağda erməni “xumbaları” müqabilində Cəfər bəy Vəzirov başda olmaqla “Difai” dəstələri yerləşdirilsin”. (ГАППОДАР: ф.276, оп.8, д.231, л.1 -2; ГИААР: ф.524, оп.1, д.18, л.38.)

Bəzi məlumatlara görə (rotmistr Kornilovun raportu), partiyanın Ağdam komitəsinə Vladiqafqazda yaşayan və Ağdama gəlmiş Xasay xan Usmiyev başçılıq edirdi. Elə
həmin sənəddə qeyd edilir ki, buraya Səlim bəy Rüstəm bəyov, Cəfər bəy Vəzirov, Qasım bəy Vəzirov və Qəhrəman ağa Cavanşirov daxil olmuşdur. (Məmmədov X. Azərbaycan milli hərəkatı 1875-1918-ci illər, Bakı,1996, s.87.) Başqa məlumatlara görə, Ağdam komitəsinə Zülfüqar bəy Haqverdiyev başçılıq etmişdir. Baxış bəy (meşşan) və Şükür bəy Kazımbəyov qardaşları, Mirzə Davud Ağamirzəyev (Əfəndi – Ağdam şəhərindən olan kəndli), Hacı Seyid Mirşi Seyid Bağır oğlu (Şuşa şəhərindən olan meşşan) komitənin üzvləri idi. Bu yardımçı komitədə Şükür bəy Kazımbəyov həm də icra hakimiyyətinin təşkilatçısı və rəhbəri rolunu yerinə yetirir, kəndbəkənd gəzərək partiyanın şöbələrini yaradır, əhalini “Difai”yə tabe olmağa and içdirirdi. Mirzə Davud Ağamirzəyev (Əfəndi) təşkilatın katibi idi. Partiyanın Ağdam yardımçı komitəsində Mirzə Məmməd İbrahimov başda olmaqla 6 nəfər təbliğatçı vardı. (Документы по русской политике в Закавказье, с. 22, 42.) Gizli agent S.Səfərəlibəyovun 7 mart 1908-ci il tarixli məruzəsindən məlum olur ki, Ağdam komit əsi “qondarma” və “quru bəylərdən” təşkil olunmuşdur. Onların “ əsl bəylərə” barışmaz nifrət hissi vardı”. Bu, bütün məsələlərdə həqiqi bəylərə bərabər olmaq arzusu və paxıllıq hissi ilə izah edilirdi. Bu “quru bəylərin” öz malikanələri və torpaqları yox idi, lakin onlar Ağdam bazarına n əzarət edirdi və buna görə də xalq arasında müəyyən nüfuza malik idi“. (Документы по русской политике в Закавказье, с. 40.)
Mirzə Cəfər bəy Vəzirov müddət Zümürxaç kəndində yaşamışdı. Mirzə Cəfər bəy Vəzirov Sənəm xanımla ailə qurmuşdu. Sadıq bəy və Zülfüqar bəy adlı oğlanları vardı.
Ənvər Çingizoğlu, jurnalist-etnoqraf




Facebook'da Paylaş