Azərbaycan Cümhuriyyətinin canlı varisi

28-05-2018, 01:27





Mübariz Azərbaycanlı, 
müstəqil jurnalist


Gəlin etiraf edək ki, nə qədər təvəzökarlıq etsək də, hər kəsin haqqı tanınanda, qiymətləndiriləndə bu, daha insaflı və daha ədalətli olur


Hər türlü mükafatlar almış ssenarist və rejissor Rüstəm İbrahimbəyov elə "kino çıxartdı" ki, indi hamı gecə-gündüz onun bu yersiz "əməlindən" yazır. Mənim ona "heç sözüm yoxdur" deyə, bu bayram günü onun "əməlindən" deyil, mükafatı Vətən sevgisi olan Azərbaycan kino və televiziya rejissoru, kinodramaturq, Beynəlxalq və Ümumittifaq kinofestivallarının laureatı publisist, ssenarist, Nazim Rza İsrafiloğlunun əməllərindən söz açacağam.


Nazim Rza İsrafiloğlu dahi Nizaminin yurdunda, ziyalı ailəsində - ata babası Rza Əsədullayev, ana babası isə dövrünün görkəmli ziyalısı, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və möhkəmləndirilməsində fəal iştirak etmiş dövlət xadimi, "Difai" partiyasının Gəncə şöbəsinin katibi, ilk nizamişünas Mirzə Məhəmməd Axundzadənin ocağında dünyaya göz açıb.


Demək olar ki, ömrünün hər bir ilinə, yəni indiyədək 70-dən artıq film çəkən, bir-birinin ardınca 2002-ci ildən 2018-ci ilədək "Odlu məmləkət", "Neft və cahan savaşı", "Mirzə Məhəmməd Axundzadə", "Neft. Qlobal münaqişələr mənbəyi", "Огненная земля", "Qara üçbucaq və kentavrlar dünyası", "Üçüncü dalğanın meridianlarında" və "Нефть и Война: Битва Титанов" kimi dəyərli kitabların müəllifi olan bu insan, bəlkə də milyon dəfələrlə kadr seçimi üçün müxtəlif rakursları nəzərdən keçirib. Çəkdiyi filmlərdə kadrları öz baxış bucağına - rejissuranın qaydalarına uyğun seçən peşəkar rejissorun, dünyaya olan şəxsi baxış bucağı isə həmişə fərqli olub. O, çəkdiyi filmləri kinematoqrafiyanın qızıl qanunlarına riayət edərək - əhatəli, dolğun, zəngin görmək istəyi halda, amma öz "həyat filmini" daha çox sadə, dəb-dəbəsiz "kadrlarda" görmək istəyib. 


Əlbəttə, Nazim Rza İsrafiloğlu ömrünün bu çağınadək həyatda haqsız, riyakar  simalarla çox üzləşib. Amma erməni riakarlığını, erməni xislətini "Timsahın göz yaşları" kimi damla-damla axıtmağı bacaran bu peşəkar rejissor, onun özünə qarşı edilən riakarlıqlara heç vaxt məhəl qoymayıb. Əksinə, "sağa" - "sola" yön almadan yalnız öz əqidəsinin diqtəsi ilə daim Azərbaycan adına irəli doğru hərəkət edib.  


Çünki o, şəxsiyyət olaraq yaltaqlığı, yalaqlığı, gözəgirənliyi nəinki özünə yabançı bilib, hətta belələrini heç vaxt özünə yaxın buraxmayıb.


Bu üzdən bəzi bədxahlar Nazim Rza İsrafiloğlunun fəaliyyətinə nə qədər kölgə salmağa çalışsalar da, əksinə bu onu daha da mətin olmağa sövq edib, yaradıcılığının ən yüksək zirvəsinə qalxmağa, şan-şöhrət hərislərinə isə əsl yaradıcılığın necə olduğunu sübut etməyə, göstərməyə daha böyük stimul verib.

Nazim Rza İsrafiloğlu çar rejiminə qarşı istiqlal mücadiləsinin başlanmasının ilk illərindən - 1905-1918-ci illərdə, əsasən Gəncədə baş verən hadisələrdən bəhs edən "Mücadilə -1 İstiqlalın beşiyi" adlı filmini 2006-cı ildə çəkir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixini işıqlandıran bu ekran işində hadisələr tarixi faktlarla ən incə detallarına qədər təqdim olunur.


Müəllif 1-ci Mücadilənin davamı olaraq bir ilin içində "Mücadilə - 2 Yüksələn bayraq" adlı ikinci filmin çəkilişini uğurla başa vurur. Bu dəfə rejissor öz filmində Azərbaycanın erməni daşnakları, ingilis işğalçıları və Sentrokaspi diktaturasına qarşı mübarizə dövründən bəhs edir. 1918-20-ci illəri əhatə edən bu mübarizə dövrünə təkcə Azərbaycanın daxili mübarizəsi deyil, həmçinin diplomatik korpusumuzun Azərbaycanın beynəlxalq aləmdə faktiki olaraq tanınması uğrunda apardığı mübarizə də daxildir. Peşəkar rejissor ərsəyə gətirdiyi bu dəyərli filmdə Azərbaycan tarixinin bu həssas dövrünə olduqca dəqiqliklə yanaşaraq İstanbul, Batum və Trabzon konfransları, eləcə də Paris sülh konfransındakı hadisələr, bolşevik Rusiyasının vətənimizi yenidən öz təsiri altına salmasına qarşı Azərbaycan hökumətinin apardığı mübarizə öz əksini tapır. Filmə diqqətlə baxanda görürsən ki, rejissor Azərbaycanın istiqlal mücadiləsinin keçdiyi bütün mərhələləri demək olar ki, xronoloji ardıcıllıqla zərgər dəqiqliyi ilə təsvir edir.


Şübhəsiz ki, bütün bunlar mübağiləsiz olaraq Nazim Rza İsrafiloğlunun peşəkarlığını sübut edən Azərbaycan boyda möhürlə təsdiq edilmiş sənəddir, onun yaradıcılıq məharətinin şəxsiyyət vəsiqəsidir.


İndi Azərbaycanda kitab oxuyanların sayının azaldığı halda, Nazim Rza İsrafiloğlunun yuxarıda qeyd etdiyimiz kitabları dünyanın ən böyük biblioqrafik məlumat bazası olan "WorldCat"-a yerləşdirilib. "WorldCat" 1967-ci ildə Fred Kilgour tərəfindən yaradılıb və burada 470 dildə müxtəlif mövzulara aid 240 milyondan çox kitab qeydiyyatdan keçirilib. Bu baza dünyanın 170 ölkəsində olan 72 mindən çox kitabxananın birgə səyləri nəticəsində yaradılıb. Bu o deməkdir ki, biz Nazim müəllimi oxumasaq da, amma o, dünya tərəfindən nəinki oxunur, hətta onun kitabları bizdən fərqli olaraq tədqiqatçılar tərəfindən araşdırılır və dəyərli ədəbiyyat kimi istifadə olunur.


Müəllifin kitabları - Harvard kolleci və universiteti, Pitsburq universiteti,  Kaliforniyada Los Angeles universiteti, Nyu-yorkda Kolumbiya universiteti, Vaşinqtonda Konqress kitabxanası, həmçinin Viskonsin universiteti - Madison əsas kitabxana sistemində və Almaniya, eləcə də İngiltərə universitetlərinin kitabxanalarında yer alıb.


Bundan əlavə, bu kitablar Misir, Bosniya və Herseqovina, Estoniya, Gürcüstan və Özbəkstana göndərilərək müvafiq kitabxanalarda yerləşdirilib.


Gəlin etiraf edək ki, nə qədər təvəzökarlıq etsək də, hər kəsin haqqı tanınanda, qiymətləndiriləndə bu, daha insaflı və daha ədalətli olur.


Bir il ərzində - 1998-ci ildə 12 seriyadan ibarət "Odlu məmləkət" adlı 7 film çəkməsinə baxmayaraq, bu böyük ürəkli insan indiyədək heç kimdən heç nə ummayıb. Nə fəxri ad, nə hansısa mükafat, nə orden, nə də medal. İndiyədək onun fəxri adı, mükafatı, ordeni, medalı sadəcə şərəfli Nazim Rza İsrafiloğlu imzası olub.


Amma olmazmı ki, təkcə "Neft və cahan savaşı" kitabına görə Azərbaycan Dövlət Neft Akademiyasının rəhbərliyi Nazim Rza İsrafiloğluna fəxri professor adı, həmçinin Ali Attestasiya Komissiyası elmlər doktoru elmi dərəcəsi versin? Məgər onun yazdığı bu elmi tarixi dəyərli kitab digər alimlərin yazdıqları doktorluq işindən zəifdirmi? Yoxsa müəllif bu yaşında "səs yığıb" deputat olmalıdır? Axı, o, öz "səsini" filmlərində və kitablarında çoxdan yığıb.


Hərçənd bu məsələnin ictimailəşdirilməsində media, xüsusən də televiziyalar insaflı olmalıdırlar. 


Baxın, hər dəfə xalqımızın qanlı-qadalı anım günləri - 20 yanvar faciəsi, 31 mart və Xocalı soyqırımları qeyd ediləndə, "Azərbaycan televiziyası" az qala öz səhərini Nazim Rza İsrafiloğlunun "Mücadilə"ləri açır və "Timsahın göz yaşları" ilə bağlayır. Maraqlıdır, bəs nədən yaddan çıxmayan bu dəyərli filmlərin ssenaristi, rejissoru və öz ifasında səsləndirəni bu gün tamamilə unudulur, "təltifçilər" tərəfindən yada salınmır?


Məgər, onu bu tarixi günlərdə telekanallara dəvət edib bir peşəkar kimi fikirlərindən bəhrələnmək olmazmı?
Mənə görə hər bir insanın qiyməti kimliyindən, sosial statusundan və əqidəsindən asılı olmayaraq, birmənalı şəkildə onun əməlinə və ya əməyinə görə verilməlidir. 


El deyimində deyildiyi kimi - "dəymə mənə, dəyməyim sənə" prinsipi ilə ömrünün müdrüklük dövrünü yaşayan, filosofsayaq həyat tərzinə üstünlük verən, Nazim müəllim, qələmini indi də yerə qoymur, yenə nə isə yazır, araşdırmalar aparır, mülahizələrini qeydə alır.


Zənnimcə, doğma Azərbaycana təmannasız xidmətləri ilə özündə Mirzə Məhəmməd Axundzadə ruhunu yaşadan Nazim Rza İsrafiloğlu babasının yeganə varisi olduğu üçün, onu həm də bu mənada Azərbaycan Cümhuriyyətinin canlı varislərindən biri hesab etmək olar.


P.S. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyidir. Babası Mirzə Məhəmməd Axundzadə bu dövlətin qurulması və möhkəmləndirilməsində fəal iştirak etmiş dövlət xadimlərindən biri olduğu üçün, bizimlə müqayisədə məncə Nazim Rza İsrafiloğluna daha çox təbrik düşür. Bayramınız mübarək olsun, Nazim müəllim!




Facebook'da Paylaş