Təbrizdə Beynəlxalq Ustad Şəhriyar Qurultayı keçiriləcək.
Ordum.az GünAz TV - yə istinadən xəbər verir ki, Təbriz Şəhər Şurasının Mədəniyyət Komissiyasının rəisi 2018-ci ildə Beynəlxalq Ustad Şəhriyar Qurultayının keçiriləcəyini açıqlayıb.
Bu barədə Fərəc Məhəmməd Quluzadə “Məqbərətül Şüəra”da (Şairlər məqbərəsi) şeir və ədəbiyyat mövzusunda keçirilən tədbirdə danışıb.
“Təəssüflər olsun ki, bu il 18 sentyabrda (27 şəhrivər – Ustad Şəhriyar adına şeir və ədəbiyyat günü...) Ustad Şəhriyara yaraşan bir tədbir keçirə bilmədik. Hətta belə bir tədbirin keçirilməsi üçün 27 gün hazırlıq işləri də apardıq. Lakin biz daha yaxşı işlər görməli idik, bu bizim borcumuzdur. Hərhalda ustada yaraşan bir tədbir keçirə bilmədiyimiz üçün əziz Təbriz əhalisindən üzr istəyirik”- deyə o bildirib.
Təbriz Şəhər Şurasının Mədəniyyət Komissiyasının rəisi gələn il ustad Şəhriyar haqda daha möhtəşəm tədbirin keçiriləcəyini qeyd edib. “Biz Təbriz Şəhər Şurasının üzvləri olaraq 2018-ci ildə daha yaxşı tədbir, yəni Beynəlxalq Ustad Şəhriyar Qurultayı keçirməyə qərar verdik. Biz bu il buraxdığımız qüsuru düzəltməyə çalışırıq”- deyə o vurğulayıb.
Fərəc Məhəmməd Quluzadə sözlərinin sonunda tanınmış ustad şair cənab Şeirdustdan qurultayın keçirilməsinə başçılıq etməsini xahiş edib, Şeirdust isə Şura üzvünün xahişini qəbul edib.
Təbriz Şəhər Şurasının Mədəniyyət Komissiyasının rəisi keçiriləcək beynəlxalq qurultayın “Təbriz 2018” ilə əlaqədar olub-olmadığı barədə heç nə bildirməyib, lakin qurultayın “Təbriz 2018”lə əlaqədar olması istisna edilmir.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Turizm Nazirlərinin Niger Respublikasının paytaxtı Niamey şəhərində keçirilən İslam Konfransının 9-cu sessiyasında Təbriz şəhəri 2018-ci ilin İslam turizm paytaxtı seçilib. Bu şəhərin 2018-ci ildə bütün dünya ölkələri, xüsusi ilə də islam dünyasından çox sayda turist qəbul edəcəyi gözlənilir. Yerli məsullar isə İran rejiminin “Təbriz 2018” üçün bu günə qədər heç bir büdcə vəsaiti ayırmadığından şikayətlənir.