Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın qədim tarixi kökləri var. Son iki minillikdə Qafqaz regionunda baş verən hərbi-tarixi hadisələr çoxsaylılığı və dramatikliyi ilə fərqlənib. Ehtiyatda olan birinci dərəcəli kapitan, Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və Elm şöbəsinin professoru, tarix elmləri doktoru Nurulla Əliyevin Azərbaycan və Gürcüstan arasında hərbi-diplomatik münasibətlərin yaranmasının 100 illiyinə həsr olunmuş “Hərbi sahədə Azərbaycan-Gürcüstan münasibətlərinin təşəkkülünün aspektləri (1918-1921-ci illər)” adlı məqaləsində bu məsələlərdən bəhs olunur.
Antik dövrlərdən günümüzədək Azərbaycan və Gürcüstan dünyanın aparıcı dövlətləri arasında geosiyasi rəqabətin mərkəzi olub. Bu rəqabət indi də davam etməkdədir.
Həm yüzilliklər öncə, həm də nisbətən yaxın keçmişdə Azərbaycan və Gürcüstanda baş verən təbəddülatlı hərbi-siyasi hadisələr iki xalqın taleyində dərin izlər buraxmaqla yanaşı, həm də perspektivdə bütün regionun xalqları üçün ciddi nəticələrə səbəb olub.
Yadelli işğalçılarla çoxsaylı və çoxillik qanlı müharibələrdə Azərbaycan və gürcü xalqları öz mövcudluğunu təmin etməklə, milli xüsusiyyətlərini və mədəniyyətini qoruyub inkişaf etdirməklə bərabər, həm də tarixin müxtəlif mərhələlərində regionda və onun hüdudlarından kənarda gedən hərbi-siyasi proseslərdə üstün rol oynaya biliblər. Bu, əsrlərdən bəri hər iki ölkənin oğul və qızlarına xas olan döyüşkən ruhun, rəşadət, mətanət və igidliyin sayəsində mümkün olub.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qeyd edib: “Biz qonşu gürcü və Azərbaycan xalqlarının bütün tarix boyu dostluğunu göstərən minlərlə fakt və misallar göstərə bilərik”.
Təsadüfi deyil ki, XX əsrdə - istər 1918-1921-ci illərdə Azərbaycan və Gürcüstanın müstəqilliyi, istərsə də bu dövlətlərin müasir tarixində hərbi əməkdaşlığın gələcək inkişafı, milli silahlı qüvvələrdə hərbi quruculuq yollarının müəyyən edilməsi planları meydana çıxıb və bu proses indi də davam edir.
Hər iki dövlətin əsl siyasi müstəqillik və iqtisadi suverenlik yoluna qədəm qoyduğu bir vaxtda Azərbaycan və Gürcüstanın təcavüzkar qüvvələrin başlatdığı ağır və qanlı müharibələrdə öz ölkələrinin ərazi bütövlüyünü qorumaq məcburiyyətində qaldığı bir dövrdə iki xalqın bir neçə yüzilliklər boyu zəngin hərbi tarixi keçmişinin hərtərəfli və dərindən öyrənilməsi indi də aktualdır.
Azərbaycan və gürcü xalqlarının qardaşlıq və dostluq tarixinin şanlı səhifələrinin tam dramatikliyi ilə canlandırılması, 1918-ci ildə müstəqilliyin əldə edildiyi dövrdə Bakı və Tiflis (Tbilisi) arasında hərbi sahədə diplomatik münasibətlərin təşəkkülü, bu sahədə həqiqi tarixi faktların və hadisələrin istifadə olunması, çevik diplomatik gedişlərin əks olunması göstərilən mövzunun müasir dövrdə işıqlandırılmasında tədqiqatçılar üçün öz aktuallığını qoruyub saxlayan məsələlərdir.
Həmin dövrdə hər iki dövlət 1918-1921-ci illərdə Cənubi Qafqazda gedən geosiyasi rəqabətin girovuna çevrilmişdilər. Məhz bu dövrdə, yeni yaranmış dövlətlərin müstəqilliyinə və ərazi bütövlüyünə real təhlükə yarandığı bir vaxtda, iki xalqın taleyinin həll olunduğu şəraitdə qarşılıqlı siyasi və hərbi dəstəyin əhəmiyyəti daha çox ortaya çıxırdı.
Milli təhlükəsizlik və hərbi quruculuq məsələlərinin taleyüklü olduğu bir şəraitdə Azərbaycan və Gürcüstan hökumətlərinin başlıca səyləri ölkənin bütün ərazisində suverenliyin bərqərar olmasına və nizami ordu yaradılmasına yönəlmişdi.
Azərbaycan və Gürcüstan Rusiya imperiyasının periferiyalarının dağıntıları üzərində yeni dövlətlər kimi meydana çıxdılar və Şərqi Avropanın periferiyasında yer aldılar. 1918-ci ildən etibarən bu gənc respublikalar beynəlxalq münasibətlər sistemində öz siyasi kurslarını aparmalı oldular. Bu münasibətlər onlar üçün həqiqətən də əsl “xarici” mahiyyət daşıyırdı.
Tiflis və Gəncənin əsas diplomatik hədəfi hər iki hərbi blok - Antanta və Alman-Türk İttifaqı ölkələri ilə münasibətlərin qurulması idi. Lakin, eyni zamanda, onlar ağır iqtisadi problemləri həll etməli, milli suverenliyi möhkəmləndirməli və böyük dövlətlər tərəfindən tanınmaya nail olmalı idilər. Bu respublikaların hökumətləri dövlətçiliyi qorumağa və öz ölkələrinin əhalisini müdafiə etməyə qadir olan milli ordular yaratmağa çalışırdılar.
Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu bütün dövr ərzində qarşılaşdığı müstəqilliyin itirilməsi təhlükəsi hökuməti və parlamenti müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirməyə məcbur edirdi. Hələ 1917-1918-ci ilin əvvəlində milli hərbi birliklərin yaradılması üzrə ilk cəhdlər edilmişdi. Həmin dövrdə zabit və sıravi heyət demək olar ki, yox idi. Silah və hərbi sursat çatışmırdı. Yeganə nizami hərbi hissə isə o vaxtlar Zaqafqaziyaya gəlmiş Qafqaz süvari diviziyasının yerli tatar süvari alayı idi.
Lakin göstərilən böyük səylərin nəticəsində artıq 1919-cu ildə Azərbaycan quru qoşunları iki piyada və bir süvari diviziyalarından ibarət idi. Bundan başqa, artilleriya briqadaları və divizionları, ehtiyat alayları və batalyonları, digər xüsusi hərbi hissələr yaradılmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin quru qoşunlarının ümumi sayı aprel ayında 30 min əsgərə çatmışdı.
Ordunun komplektləşdirilməsi məsələləri bu və ya digər dərəcədə həll olunmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində ən əsas problem peşəkar zabit kadrlarına tələbat olaraq qalırdı.
Eyni zamanda, həmin dövrün əsas xüsusiyyəti xaricdən hərbi təhlükənin olması idi. Bu təhlükə həm şimaldakı ağqvardiyaçı ordu və Denikinin Xəzər donanmasından, həm də Qızıl Ordunun quru və hərbi dəniz qüvvələrindən, eyni zamanda, ingilislər və təcavüzkar separatizmi ölkənin cənub və qərb regionlarında – Muğan, Zəngəzur və Qarabağda həyata keçirmək istəyən, 1919-1920-ci illərdə Azərbaycana qarşı ərazi iddiaları irəli sürən daşnak Ermənistanı tərəfindən gəlirdi.
Bütün Qafqazda yaranmış real vəziyyəti başa düşən Azərbaycan və Gürcüstan hökumətləri iki dövlət arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirirdilər. Azərbaycan və Gürcüstanın müstəqilliklərini elan etdikləri vaxtda beynəlxalq miqyasda tanınmaq cəhdlərini bir çox Avropa və regional dövlətlər dəstəkləyirdi.
Bakı və Tiflis diplomatik nümayəndəliklər mübadiləsi apardılar və müstəqilliyin elan olunmasından sonrakı ilk aylarda anladılar ki, onlar üçün qarşılıqlı dəstək çox mühümdür.
Bu səbəbdən iki dövlət arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə Azərbaycan və Gürcüstanın diplomatik missiyaları nəzdində hərbi attaşe aparatları yaradıldı.
1919-cu ildə Azərbaycan və Gürcüstan hərbi sahədə əməkdaşlığa dair saziş imzaladılar. Denikinlə gizli əlaqələr quran Ermənistanı bu ittifaqa cəlb etmək mümkün olmadı. “Hərbi saziş” adlanan sənəd 1919-cu ilin iyunun 16-da Tiflisdə imzalandı və artıq iyunun 27-də Azərbaycan parlamenti onu ratifikasiya etdi.
Hər iki nümayəndə heyəti “Cənubi Qafqaz respublikalarının müstəqilliyi üçün təhlükəni diqqətə alaraq” gələcək əməkdaşlığın bir neçə aspektinə dair və Azərbaycan-Gürcüstan sərhədinin birgə demarkasiyası üzrə razılıq əldə etdilər.
Hərbi sazişə əlavə olaraq Tiflis və Bakı texniki əməkdaşlıq haqqında saziş də imzaladılar.
Bu danışıqların nəticəsində, həmçinin hərbi əməkdaşlıq sahəsində əldə olunmuş müsbət nəticələr sayəsində 1920-ci il yanvarın 20-də Azərbaycan və Gürcüstan arasında Hərbi Şura təsis olundu.
Hər iki dövlətin milli təhlükəsizliyinin təmin olunması məsələsində ardıcıllıq Azərbaycan parlamentinin 1919-cu il dekabrın 22-də keçirilmiş 109-cu iclasında elan olunmuş Nazirlər Kabinetinin beşinci heyətinin Bəyannaməsində öz əksini tapıb. Hökumət Bəyannaməsində Gürcüstanla qarşılıqlı münasibətlərə geniş yer ayrılıb.
Ümumilikdə, 1918-ci ildə ilk dəfə müstəqil dövlətlər olduqdan sonra Gürcüstan və Azərbaycan arasında kifayət qədər səmimi münasibətlər mövcud olub.
1918-1920-ci illərdə gürcülər Azərbaycan ordusuna çağırılırdılar. Onlar könüllü şəkildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarına daxil olurdular. Arxiv sənədlərində onlarca gürcü əsgər və zabitlərin müraciətləri və raportlarına rast gəlmək olar. Bu sənədlərə görə, ordunun formalaşması və təşkili işində böyük xidmətlər göstərmiş gürcü hərbçilər Azərbaycan ordusunda xidmət etmək istədiklərini bildirirdilər. Azərbaycan ordusunun sıralarında Gürcüstandan olan çoxlu general və zabitlər xidmət edirdi. Onların arasında nümunəvi xidmətinə görə sonralar general-mayor hərbi rütbəsi alan general-kvartirmeystr Vasili Karqaleteli və hərbi məktəbin rəisi polkovnik Konstantin Çxeidze, həmçinin generallar Zaxari Amaşukeli, Avel Makayev, Aleksandr Purtseladze, Gennadi Tarxanov, 60-dan çox böyük və kiçik zabitlər, həmçinin mülki qulluqçular var idi.
Beləliklə, Azərbaycan və Gürcüstan hökumətləri üçün fövqəladə dərəcədə mürəkkəb xarici və daxili siyasi şəraitdə nizami ordu quruculuğu və müdafiə əhəmiyyətli digər tədbirlər həyata keçirilirdi. Bununla belə, ölkənin qərb hissəsində yerləşən Azərbaycan ordusu sovet qoşunlarına lazımi müqavimət göstərə bilmədi.
Nəticədə nə Azərbaycan-gürcü hərbi əməkdaşlığı, nə də hər iki dövlətin diplomatik nailiyyətləri onlara bolşeviklərin işğalından xilas olmağa kömək etmədi.
1920-ci il aprelin 28-də Qızıl Ordu Azərbaycana soxuldu, 1921-ci il fevralın 25-də isə bolşeviklərin hərbi qüvvələri Gürcüstanın paytaxtı Tiflis şəhərini ələ keçirdilər. Cənubi Qafqazın Qızıl Ordu tərəfindən ikinci dəfə zəbt olunması Azərbaycanın süqutundan başladı və Tiflisin işğalı ilə başa çatdı. Gürcü və Azərbaycan siyasi xadimlərinin və ziyalılarının əsas hissəsi mühacirətə getməyi üstün tutdu. Əks halda kommunist hakimiyyəti ilə əməkdaşlıqdan imtina etməyə görə onları fiziki cəhətdən məhv edilmə təhlükəsi gözləyirdi. Lakin 1920-ci ildə yeni hakimiyyətin bu ölkələrdə möhkəmlənməsi ölkənin qəzalarında işğal əleyhinə olan silahlı üsyanlar fonunda baş verirdi. Bu üsyanlar Azərbaycan və Gürcüstan xalqlarının öz müstəqilliyini bərpa etmək səylərinin təzahürü idi.
Beləliklə, bolşevik Rusiyasının Bakı nefti və Böyük Qafqaza nəzarət etmək uğrunda siyasəti qarşısında, həmçinin Qara və Xəzər dənizlərinin sahillərinin birləşdirilməsi zənciri yaratmasında 1920-ci ilin əvvəlində bu dövlətlər ciddi dəstək olmadan öz müstəqilliklərini qorumaq üçün heç bir real şansa malik deyildilər. Azərbaycan və Gürcüstanın pis təchiz olunmuş silahlı qüvvələri və ordu elitası yeni respublikaların bütün dövlət sisteminin ən zəif və kövrək tərkib hissələri idi.
Ümumilikdə, 1918-ci ilin mayında müstəqil Azərbaycan Cümhuriyyəti və Gürcüstan Respublikasının elan olunması XX əsrin əvvəlində hər iki ölkənin siyasi tarixində əlamətdar hadisələr oldu. Bunun ardından təxminən iki il ərzində davam edən milli parlamentlərin və hökumətlərin dövlət quruculuğu, o cümlədən hərbi sahədə, respublikaların ərazi bütövlüyünün təmin olunması üzrə fəaliyyəti yetərincə yaxşı nəticələr verdi. Eyni zamanda, 1918-1920-ci illərdə hər iki dövlətin kifayət qədər güclü milli silahlı qüvvələr yarada bilməməsinin əsas səbəbi Azərbaycan Xalq Cümhuriyyətinin və Gürcüstan Demokratik Respublikasının qısa müddətdə mövcudluğu oldu.
Ordum.az