Nazir: "Türkiyə Tacikistana "Bayraktar" tədarük edib"
Türkiyə Tacikistana “Bayraktar” pilotsuz uçuş aparatları (PUA) tədarük edib.
Ordum.az “Knews.kg”yə istinadən xəbər verir ki, bunu Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev də təsdiqləyib.
Bildirilib ki, aprelin 27-də Qırğıstan parlamentində Jeenbek Kulubayevin xarici işlər naziri postuna namizədliyinin təsdiqlənməsi ilə bağlı keçirilən iclasda deputat Mirlan Samıykojo sosial şəbəkədə Türkiyənin Tacikistana “Bayraktar” tədarük etməsinə dair məlumatların yayıldığını qeyd edərək informasiyanın dəqiqləşdirilməsini istəyib.
J.Kulubayev Tacikistanın Türkiyədən PUA aldığını təsdiqləyib: “Bəli, bu həqiqətdir. Bir müddət əvvəl Türkiyəyə Qırğızıstanla Tacikistan arasında problem həll olunmadığı üçün bu məsələdə ehtiyatlı davranmasını xahiş etmişdik. Onlar isə bunun hərbi-texniki əməkdaşlıq ticarəti olduğunu bildirdilər”.
O, bu istiqamətdə Türkiyə ilə danışıqları davam etdirəcəklərini vurğulayıb.
Məlumata görə, Türkiyədən Tacikistana ixrac edilən hərbi texnikanın sayı açıqlanmayıb. İki ölkə arasında razılaşma Ankarada imzalanıb.
Düşənbənin Ankaradakı səfirliyinin tviter səhifəsində yaydığı məlumata əsasən, Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Tacikistanın müdafiə naziri Şerali Mirzo Türkiyədə səfərdə olub. O, Selcuk Bayraktarla da görüşüb.
Qeyd edək ki, Jeenbek Kulubayevin nazir postuna namizədliyi bu gün təsdiqlənib.
Facebook'da Paylaş