Ərdoğan BƏƏ-də Rusiya-Ukrayna gərginliyini müzakirə edəcək

14-02-2022, 12:49

Ərdoğan BƏƏ-də Rusiya-Ukrayna gərginliyini müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Rusiya-Ukrayna gərginliyi ilə bağlı da fikir mübadiləsi aparacaq.

Ordum.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, dövlət başçısı bu barədə səfərdən əvvəl keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

Ərdoğan BƏƏ ilə ikitərəfli əlaqələrin inkişafı istiqamətində müxtəlif addımların atılacağını bildirib. O, həmçinin görüşdə regionda baş verən proseslərin, o cümlədən Rusiya-Ukrayna gərginliyinin müzakirə olunacağını, xüsusilə böhranın həlli üçün hansı addımların atılacağından bəhs ediləcəyini deyib.

Eyni zamanda, Türkiyə lideri vurğulayıb ki, həyat yoldaşı Əminə Ərdoğan hələ də koronavirusdan sağalmayıb. Ona görə də səfərdə iştirak etməyəcək.

Qeyd edək ki, Ərdoğanın ikigünlük səfər çərçivəsində Əbu-Dabi vəliəhdi Şeyx Məhəmməd bin Zayed əl-Nəhyanla müxtəlif razılaşmalar əldə edəcəyi gözlənilir.




Facebook'da Paylaş