Akar: “Bu, silahlanma yarışı deyil, silah nümayişidir”

25-12-2021, 15:19

Akar: “Bu, silahlanma yarışı deyil, silah nümayişidir”

“Egey və Şərqi Aralıq dənizində Yunanıstanla problemlərimiz var. Bütün bu problemlərə qarşı deyirik ki, beynəlxalq hüquq problemlərin mehriban qonşuluq münasibətləri çərçivəsində, sülh yolu və üsullarla danışıqlar və dialoq yolu ilə həllidir”.

Ordum.az xəbər verir ki, bunu Türkiyənin Müdafiə Nazirliyində keçirilən mükakafatlandırma mərasimində ölkənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Yunanıstanda müəyyən siyasətçilər bu mövzuda son dərəcə aqressiv hərəkətlərini və diskurslarını davam etdirirlər: “Onlar son dərəcə uydurma, süni iddialarla Türkiyəni ekspansionist kimi təqdim etmək istəyirlər”.

Yunanıstanın beynəlxalq müqavilələrə zidd olaraq adaları silahlandırdığını qeyd edən nazir Akar bu sözləri deyib:

“Türkiyədən 1950 metr aralıda Meis adası var. Hərbi Akademiya tələbəsinin üzgüçülük standartı 2 min metrdir. Beləliklə, onlar üzərək belə oraya çata bilərlər. 10 kvadrat kilometrlik bir ada. Onlar bu adada 40 min kvadrat kilometr dəniz yurisdiksiyası istəyirlər. Biz buna “yox” deyəndə “ekspansionist” oluruq. Bu hərəkətlərlə, ritorika ilə heç bir yerə çata bilməyəcəklərini başa düşmələrini gözləyirik. Biz deyirik ki, dialoq və etimad quruculuğu tədbirləri çərçivəsində keçiriləcək dördüncü görüşü Ankarada gözləyirik. Biz istəyirik ki, iki ölkənin xalqları bu mövcud sərvətlərdən istifadə edərək öz həyatlarını əmin-amanlıq və firavanlıq içində davam etdirsinlər. Amma biz onlardan bu bəyanatların heç vaxt zəiflik olmadığını başa düşmələrini gözləyirik”.

Nazir Akar Yunanıstanda son zamanlar silahlanma fəaliyyətinə toxunaraq bildirib ki, bu, silahlanma yarışı deyil, silah nümayişidir: “Bəzi ölkələrin təşviqi və təxribatı ilə silahlanaraq Türkiyə üzərində üstünlük əldə etməyə çalışırlar. Bu boş bir səydir. Bundan əlavə, onlar NATO daxilində müttəfiq olsalar da, yeni alyanslarla nəsə etməyə çalışırlar. Biz bunların hamısının süni olduğunu deyirik”.




Facebook'da Paylaş