Ceyhun Bayramov: "Son 30 ildə Azərbaycan dövləti bütün çətinliklərə təkbaşına sinə gərib"

5-11-2021, 11:47

Ceyhun Bayramov: "Son 30 ildə Azərbaycan dövləti bütün çətinliklərə təkbaşına sinə gərib"

"Bir il əvvəl Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi altında tarixi ədaləti bərpa edərək 30 illik işğala son qoydu. Tarixin ən şanlı səhifəsini yazaraq müstəsna xidmətləri olan şəhidlərin rolu danılmazdır".

Ordum.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən “44 Günlük Zəfər Yolu” mövzusunda konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hər kəs 30 il müddətində nələrin baş verdiyindən xəbərdar olub: "Mütəmadi görüşlər, müzakirələr aparılıb. Siyasi danışıqlar, onun inkişaf tendensiyası göz önündə olub. 30 il ərzində bəzi faktlar üzrə Azərbaycan dövlətinin sərgilədiyi mövqe və xalqın dirənişi, davranışı barədə danışmaq istəyirəm. Torpaqların işğal faktı, bir milyondan çox qaçqın və öz ölkəsində məcburi köçkün faktlarını yada salanda nə qədər böyük çağırışın olduğunu hiss edirik".

Nazir bildirib ki, Azərbaycan dövləti bu müddətdə üçüncü qüvvələrin təsirinə uymayaraq bütün çətinliklərə təkbaşına sinə gərib: "Eyni zamanda, Azərbaycan xalqı ulu öndər Heydər Əliyev fenomeni ətrafında cəmləşərəq ağırlıqlara dözüb. Azərbaycan cəmiyyəti radikallaşmadan milli dəyərlərə sadiq oldu. Müstəqil dövlətin uğur hekayəsi məhz həmin prizmadan quruldu".




Facebook'da Paylaş