NATO: Baş katibin xüsusi nümayəndəsi Azərbaycanla əməkdaşlığı nəzərdən keçirib
NATO Baş katibin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsi Xavyer Kolominanın regiona səfərinin yekunları ilə bağlı məlumat yayıb.
Ordum.az NATO-nun saytına istinadən vxəbər verir ki, Bakı, Tbilisi və İrəvanda yüksək səviyyəli mülki və hərbi rəsmilərlə görüşən NATO rəsmisi regional təhlükəsizlik məsələlərini müzakirə edib, NATO-nun mühüm tərəfdaşlarla əlaqələrini nəzərdən keçirib.
Bildirilib ki, Xavyer Kolomina regiona səfəri zamanı xüsusilə 2022-ci ildə Madriddə keçiriləcək NATO Sammitinə davam edən hazırlıq kontekstində gələcək siyasi dialoq və əməkdaşlıq haqqında fikirlərini bölüşüb: “Baş katibin xüsusi nümayəndəsi Azərbaycanın Əfqanıstanda NATO-ya verdiyi dəstəyə, xüsusilə də Azərbaycan hərbçilərinin bu ilin avqustunda Kabil hava limanından müttəfiq və tərəfdaş heyətin və risk altında olan əfqanların təxliyəsində oynadığı rola görə minnətdarlığını bildirib. O, 44 günlük müharibədən sonra Azərbaycanın üzləşdiyi çətinliklərlə bağlı fikirləri dinləyib. O, həmçinin NATO-Azərbaycan əməkdaşlığını, o cümlədən Planlaşdırma və Baxış Prosesi tərəfdaşlığı çərçivəsində Azərbaycan hakimiyyəti ilə əməkdaşlığın bərpasını nəzərdən keçirib”.
Qeyd olunub ki, NATO Baş katibinin xüsusi nümayəndəsi Tbilisidə keçirdiyi görüşlərdə Gürcüstanın Avro-Atlantikaya inteqrasiya ilə bağlı istəyinə dəstəyini ifadə edib və məhkəmə islahatları, təhlükəsizlik sektoruna nəzarət və seçki islahatları da daxil olmaqla əsas sahələrdə islahatların davamının vacibliyini vurğulayıb. O, həmçinin İnzibati Sərhəd Xəttinə baş çəkib və burada NATO-nun Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edib.
Facebook'da Paylaş