Almaniya Donbasda “Bayraktar”dan istifadəni tənqid edib - Köhnə müqavilə əsas gətirilə bilər?
Almaniya Ukraynanın rusiyapərəst separatçıların işğal etdiyi Donbas bölgəsində “Bayraktar TB2” PUA-larından istifadə etməsini tənqid edib.
Ordum.az xəbər verir ki, Almaniyanın “Bild” qəzetinə xüsusi açıqlama verən Almaniya Xarici İşlər Nazirliyinin mətbuat katibi Ukraynanın PUA-dan istifadə etməsinin Minsk razılaşmasına zidd olduğunu bildirib.
O qeyd edib ki, Donbasda bütün tərəflər PUA-lardan istifadə edir, lakin Minsk razılaşmalarına əsasən, regionda PUA-lardan istifadə edə biləcək yeganə qüvvə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatıdır (ATƏT).
Almaniya Xarici İşlər mətbuat katibi, həmçinin bütün tərəfləri “gərginliyi azaltmağa” çağırıb. Ukraynanın Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinin bəyanatını tənqid edib.
Berlin səfiri Andrij Melnyk Almaniya Xarici İşlər Nazirliyinə bu sözlərlə cavab verib: “Ukrayna tərəfi Xarici İşlər Nazirliyinin bugünkü xəbərdarlığını birmənalı şəkildə rədd edir. Əgər ölkəmin ərazisi gecə-gündüz ağır rus silahları ilə bombalanırsa, dinc sakinlər və əsgərlər həlak olarsa, bizim özünümüdafiə haqqımız var”.
Səfir Melnik deyib ki, Almaniya hökuməti işğal olunmuş ərazilərdəki dramatik vəziyyətdən narahatlığını ifadə etməkdənsə, Moskvanı öz yerinə qaytarmaq üçün səylərini ikiqat artırmalıdır.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri öz inventarındakı “Bayraktar TB2” PUA-ları ilə dünən ilk dəfə Donbasda rusiyapərəst separatçı qüvvələri hədəfə alıb.
“Bild”in müxbirinin sözlərinə görə, Berlinin bəyanatında istinad edilən razılaşma 2014-cü ilin sentyabrında imzalanmış Minsk razılaşması ilə bağlıdır. Müqavilə təmas xəttindən 30 km məsafədə “xarici PUA-ların” istifadəsini qadağan edir.
Lakin Berlin və Moskvanın iddiaları həqiqəti əks etdirmir, çünki “Bayraktar TB2” “xarici” ölkəyə deyil, Ukrayna dövlətinin özünə məxsusdur. Eyni zamanda, 2014-cü ilin sentyabrında imzalanmış Minsk razılaşması indi köhnəlib. Bu müqavilənin əvəzinə 2015-ci ilin fevralında müqavilə imzalanıb.
Facebook'da Paylaş