Qarabağda görülən yenidənqurma işləri Meksika radiosunda

6-10-2021, 07:42

Qarabağda görülən yenidənqurma işləri Meksika radiosunda

Meksikanın milyonluq dinləyici kütləsi olan "Radio 620" kanalının “Xəbərlər” proqramında 27 sentyabr – Anım Günü, müstəqilliyimizin bərpa edilməsinin 30 illik yubileyi və 8 noyabr – Zəfər Günü, eləcə də Azərbaycan tərəfindən Qarabağda aparılan yenidənqurma işləri barədə bu ölkədəki səfirimiz Məhəmməd Talıbovun müsahibəsi efirə gedib.

Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, Azərbaycanın Anım Gününün Meksika müstəqilliyinin 200 illiyi ilə üst-üstə düşdüyünü qeyd edən M.Talıbov ötən ilin 27 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunun növbəti təxribatının qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün cavab tədbirlərinə başladığı və 44 gün davam edən Vətən müharibəsinin yekununda 30 illik erməni təcavüzünə son qoyduğunu, bu səbəbdən 27 sentyabr tarixinin ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş soydaşlarımızın Anım Günü kimi, 8 noyabr tarixininsə Zəfər Günü kimi qeyd edildiyini bildirib.

18 oktyabr tarixində isə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinin tamam olduğunu deyən səfir, əlamətdar günlərin tarixi-siyasi və mənəvi önəmindən danışıb, bu tarixlərin ölkəmizdə xüsusi diqqətlə qeyd edildiyini söyləyib.

Sonra təmsilçimiz Ermənistan tərəfindən 30 ilə yaxın hərbi işğalda saxlanılan Azərbaycan ərazilərində kütləvi minalanma aparıldığı, bu torpaqlarda yaşayış infrastrukturu, eləcə də xalqımıza aid tarixi-mədəni irsin məhv edildiyini diqqətə çatdırıb. Hazırda isə işğaldan azad olunmuş ərazilərdə ölkəmiz tərəfindən aparılan yenidənqurma və bərpa işləri haqda danışan diplomat, bu xüsusda Azərbaycan hökumətinin başlıca məqsədinin 30 il öncə bu ərazilərdən qovulmuş məcburi köçkünlərimizin ləyaqətli və təhlükəsiz şəkildə evlərinə qayıtmasını təmin etmək olduğunu, bu məqsədlə bölgədə intensiv minatəmizləmə və quruculuq işləri həyata keçirdiyini bildirib.

Bölgədə davamlı sülhün şərtləri ilə bağlı suala münasibətdə təmsilçimiz Ermənistanın ilk növbədə öz ərazi iddialarını kənara qoymalı və Azərbaycanın ərazi bütövlüyünü tanımalı olduğunu, habelə iki ölkə arasında sərhədlərin demarkasiya və delimitasiyası, eləcə də sülh sazişinin işlənib hazırlanması üzərində çalışmalı olduğunu vurğulayıb.

Sonda COVID-19 pandemiyasının ölkəmizə təsiri ilə əlaqədar suala münasibətdə isə səfir Azərbaycanın ÜST tərəfindən pandemiyanı ən optimal şəkildə idarə etmiş ölkələrdən biri kimi qiymətləndirildiyini, bu xüsusda BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusuna həsr olunmuş xüsusi sessiyasını çağırdığını, habelə bütün dünya ölkələrinin peyvəndlərə bərabər çıxışının təmin olunmasına dəstək üçün qabaqcıl qlobal təşəbbüslərə qoşulduğunu, eyni zamanda ölkə əhalisinin artıq 70%-nin peyvəndlənməsinə nail olduğunu qeyd edib.




Facebook'da Paylaş