Aysu Abbasova yazır: "Bu gün onunla musiqi də doğdu..."

18-09-2022, 14:52

Aysu Abbasova yazır: "Bu gün onunla musiqi də doğdu..."

Aysu Abbasova


Bu gün onunla musiqi də doğdu...

Bu gün - 18 sentyabr Azərbaycan milli musiqi gününün və onun banisinin doğum günüdür Bəli! Söhbət Üzeyir Hacıbəylidən gedir. Musiqi dedikdə Üzeyir Hacıbəyli , Üzeyir Hacıbəyli dedikdə
musiqi yada düşür. İlk dəfə 1995-ci ildə Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Mədəniyyət ocaqlarında, musiqi məktəblərində, xüsusilə konservatoriyamızın-indiki Musiqi Akademiyasının qarşısında Üzeyir Hacıbəylinin şərəfinə onun ölməz əsərlərindən fraqmentlər səsləndirilərdi.
Üzeyir bəy 1885-ci ildə Qarabağ mahalının Ağcabədi şəhərində anadan olub. Onun atası Əbdülhüseyn bəy əslən şuşalı idi. Hacıbəyovların Üzeyirdən başqa iki oğlu və bir qızı da vardı...

Üzeyir ilk təhsilini Şuşadakı mədrəsədə almış, sonra maarifçı Haşımbəy Vəzirovun ikiillik rus-tatar məktəbində təhsilini davam etdirib. Burada dövrünün görkəmli ziyalısı Mirzə Mehdi İsgəndər oğlu Həsənzadə-Sarıcalının rəhbərliyi altında Şərqin böyük yazıçı və şairlərinin əsərləri ilə yaxından tanış olub. Bu əsərləri yeniyetmə Üzeyir ya orijinalda, ya da ki, Mirzə Mehdi müəllimin özünün tərcüməsində oxuyub öyrənib. Zəngin musiqi ifaçılıq ənənəsinə malik olan Şuşa mühitinin Hacıbəyovun musiqi tərbiyəsində xüsusi yeri var. Onun ilk musiqi müəllimi öz dayısı, xalq musiqisinin gözəl bilicilərindən biri olan dövrünün dəyərli ziyalısı A.Əliverdibəyov olub. 1897-1898-ci illərdə, hələ yeniyetmə ikən Üzeyir Azərbaycanın tanınmış gənc yazıçı-dramaturqu Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyevin, həmçinin görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun bilavasitə rəhbərliyi və iştirakı ilə Şuşada göstərilən “Məcnun Leylinin məzarı üstündə” adlı səhnəcikdə artıq dəfələrlə xorda iştirak etmiş, bu sahədə özünə böyük təcrübə toplamışdı.

Onun musiqi istedadı elə seminariya illərində özünü büruzə verir. Beş il burada təhsil alan Ü.Hacıbəyovun dünyagörüşünün formalaşmasında, qabaqcıl dünya ədəbiyyatı ilə tanış olmasında seminariyanın böyük rolu olub.
1904-cü ildə seminariyanı bitirən gənc Üzeyir Cəbrayıl qəzasının Hadrut, Tuğ kəndlərinə (Hadrut uçastokunda 3-cü paralel sinifə) müəllim təyin olunmuş və burada 10 aya qədər çalışıb. O, 1905-ci ilin yayında Bakıya gələrək, burada bir müddət Bibiheybətdə, sonralar isə “Səadət” məktəbində müəllim, eləcə də “Həyat” qəzetində felyetonçu, tərcüməçi kimi işləmiş, eyni zamanda “İrşad” qəzeti ilə əməkdaşlıq edib.
Bədii yaradıcılıqla məşğul olan və həm də bir naşir kimi fəaliyyət göstərən Üzeyir Hacıbəyov 1907-ci ildə Bakıda Azərbaycan dilində “Hesab məsələləri” və “Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti”ni nəşr etdirib. Üzeyir bəy Hacıbəyli haqqında yazmaq həmişə şərəflidir. Onun həyat və yaradıcılığı daim tədqiqatçıların nəzər-diqqətini cəlb etmiş, həyat və fəaliyyəti haqqında çoxlu sayda əsərlər, kitablar, oçerk və məqalələr yazılıb.Azərbaycan xalq musiqisinin bütün janrlarının (muğam, mahnı, rəqs, aşıq yaradıcılığı və s.) səciyyəvi xüsusiyyətlərini tam əhatə edərək bununla da, özünün orijinal üslubunu yaradıb.
O, əvvəllər şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa və rus bəstəkarlıq məktəblərinin nailiyyətləri səviyyəsində zənginləşdirməyə müvəffəq olub.

Hacıbəyov milli musiqi xəzinəsini yeni janr və formalarla zənginləşdirən bir sıra əsərlər, o cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan dahiyanə "Koroğlu" operasını bəstələyib. O, həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də yeni Azərbaycan Respublikasının Dövlət himnlərinin musiqisinin müəllifidir. Üzeyir bəy elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoymuş və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik edib. O, müasir bəstəkarlıq məktəbinin beşiyi başında durmuş, onun qabaqcıl dünya bəstəkarlıq məktəbləri ilə yanaşı dura bilməsi üçün fədakarcasına çalışıb. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanmış, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub. Görkəmli musiqi xadimləri onu "professional Şərq musiqisinin atası" adlandırıblar.
Qeyd etmək istərdim ki, Azərbaycan və dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Üzeyir Hacıbəyovun anadan olmasının 100 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunub.

Aysu Abbasova




Facebook'da Paylaş