Nərgiz Əzizova yazır: Təhsilin Azərbaycan qızlarının müqəddəratında rolu
Hər bir yazıya başlamazdan əvvəl oxuduğum kitabları, izlədiyim filmləri, eşitdiyim maraqlı faktları göz önünə gətirirəm. Onlar yazılarım üçün əsas baza olur və hər an əlimdən tutaraq, mənə yol göstərir, zehnimi işıqlandırır, keçmişə ekskursiya etməyimə, müasir dövrü dərkimə, gələcəyə olan inamıma dəstək verir və mən düşüncəmdə olan fikirləri qətiyyətlə ağ vərəqin üzərinə ürəyimdən gələn səsləri dinləyərək yazıram...
Bu gün qələmə aldığım mözvu çox həssas və mənə yaxındır. Çünki mən də bir Azərbaycan qızıyam. Qələm əlimdə böyük düşüncələrə dalıram ... Azərbaycan qızı, görəsən sən tarixin hansı dönəmindən bu günə gəlib çatıbsan?.. Həmin an gözümün qabağına bugünkü Azərbaycan qızları ilə eyni soydan, eyni kökdən olan, düşməni öz qanında boğan Tomrisin, “Aslanın erkəyi dişisi olmaz” deyərək fateh İskəndərə ibrət dərsi verən Bərdə hökmdarı Nüşabənin, adının mənası kimi möhkəm dayanan Həcərin parlaq, parlaq olduğu qədər də zəhmli olan siması canlanır və bu məndə bir iftixar hissi oyadır. Birdən birə üzümdəki bu fəxr hissi, təbəssüm yox olur... Çünki böyük dramaturq Cəfər Cabbarlının məzlum Sevil obrazı və Sevilin simasında minlərlə Azərbaycan qızının Edilyaların, Balaşların qurbanına çevrilərək, gecəykən küçələrə atılması, övlad həsrətiylə yanması, ölümə tərk edilməsi danılmaz keçmişimiz və acı həqiqətlərdir...
Bəs nə üçün Azərbaycan qızları belə bir həyatı keçid yaşamışdırlar? Uzaq keçmişimizdən fəxrlə danışdığımız bu zərif varlıqlar müasiri olduğu dövrün qadın azadlığı əleyhinə idrakın dərk edə bilmədiyi yazılmış və yazılmamış qanunlarına, qadına olan mənfi münasibətinə, ən başlıcası isə təhsildən geri qalıb, öz hüquqlarını müdafiə edə bilməməsinə görə Sevil həyatı yaşamışlar...
Ana ! Ana ! O adın qarşısında bir qultək həmişə səcdədə olmaq mənə fəxarətdir, Onun əliylə bəla bəhrinə yuvarlansam yenə xəyal edərəm bəzmi istirahətdir. Nə gözəl demişdi Cəfər Cabbarlı... Lakin heç bir qadın övladını bəla üçün böyütmür. Lazım gələrsə onun yolunda canından belə keçir. Bugün təhsil alan körpə qız uşağı sabahın, gələcəyin anasıdır. Övladın parlaq gələcəyi, layiqli bir vətəndaş, şəxsiyyət kimi formalaşması bütövlükdə anadan asılıdır. Axı bugünün körpə fidanları sabahın sərkərdələridir.
◦ Tarixi vərəqləsəq elə də uzağa getmədən qadınların təhsildən təcrid olunma faktlarına da rast gəlirik. Bəşəriyyətin bir ana laylası ilə başlayan tarixində uzun yollar da elə ana duasıyla qısalıb. Lakin qadın təhsil anlamını birgə yox, hətta ziddiyət kimi qarşı qarşıya qoyanlar da, var. Bəzi ailələrdə qız övladına laqeyd yanaşmaq, erkən yaşda evliliyə məcbur etmək, “Əşşi qızdı da oxuyub nə edəcək?” kimi düşüncələr formalaşdıran da məhz təhsilsizlikdir. “Bir kişiyə təhsil versən təhsilli bir insan, Qadına təhsil versən təhsilli bir ailə qazanarsan”,- demişdi Hacı Zeynalabdin Tağıyev. Ona görə də, qadınların oxuması, öz hüquqlarınl bilməsi olduqca əhəmiyyətlidir. Ötən əsrin ilk illərində Qafqazda, o cümlədən Azərbaycanda başlayan maarifçilik hərəkatı qadınların da təhsilə cəlb edilməsinə səbəb oldu. Ölkəmizdə bu mövzuda ilk addımı atan xeyriyyəçi, milyonçu Tağıyev idi. Onun tərəfindən 1901-ci ildə açılan qız məktəbi 58 qız tələbə ilə tədrisə başladı. Onların arasında kasıb ailələrdən olan qızlar da var idi. Tağıyev həmin tələbələri təhsil haqqından azad edərək, onların bütün xərclərini şəxsən özü qarşıladı. Bütün çətinliklərə baxmayaraq məşəqqətlə dolu olan bu yolda Zeynalabdin Tağıyev Bakı Müsəlman Qız məktəbini açmağa nail olmuşdur. O, inandırdı ki, təhsilli qız, təhsilli ana olacaq, övladlarına daha geniş imkanlar yaradacaq və onları gələcək həyata daha yaxşı hazırlaya biləcək. Bu o dövr üçün böyük uğur idi.
Azərbaycan Müstəqillik qazandıqdan sonra, qadınlarla kişilərin hüquqları bərabərləşmiş, beləki onlara da seçki hüququ verilmişdir. Dünya elmlərindən agah olmaq, cəmiyyətdə baş verən hadisələr və müəyyən məqamda bu hadisələrə təsir etmək imkanına malik olmaq iqtidarı bu gün qadınların yüksək intelektual səviyyəsindən xəbər verir. 21-ci əsr qadınları nəinki ölkə daxilində, hətta xaricində də, öz sözlərini deməyi bacarırlar. Bunun ən bariz nümunəsi ölkəmizin birinci xanımı, birinci vitse-prezident Mehriban Əliyevadır. Mehriban xanım və onun simasında minlərlə Azərbaycan qızının səsinin dünyanın hər yerindən gəlməsi, ən yüksək kürsülərdən öz sözünü deyə bilməsi, təhsilin Azərbaycan qadınlarının müqəddəratına olan təsirinin nəticəsidir.
Nərgiz Əzizova