Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

25-04-2024, 12:16


Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Noosfer İctimai Elmlər Akademiyasının birinci vitse-prezidenti, Sankt-Peterburqdakı Azərbaycan diasporunun rəhbəri və fəal üzvü, professor, texnika elmləri üzrə fəlsəfə doktoru Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub.
Mükafatlandırma mərasimi Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilib. Mükafatı həmyerlimiz professor Heydər İmanova Sankt-Peterburq şəhərində yerləşən Rusiya Milli Kitabxanasında təşkil olunan “Ulu öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimat mərasimində “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli təqdim edib.
“Jurnalın redaksiya şurası və kollektivi adından “Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azərbaycanın qüruru” qızıl ordenini sizə təqdim etməkdən qürur duyuram”, – deyə bildirən baş redaktor onu da əlavə edib ki, Heydər İmanov bütün dünyada, xüsusilə də Azərbaycanda böyük populyarlığa malik şəxsiyyətdir.
Görüşdə Heydər İmanovun Azərbaycan-Rusiya elm, təhsil və mədəniyyət əlaqələrinin genişləndirilməsi, bununla da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında səmimi dostluq münasibətlərinin inkişafına və möhkəmləndirilməsinə böyük töhfə verdiyini vurğulayan Emil Nəsirli yüksək peşəkarlığa malik görkəmli şəxsiyyət olan Heydər İmanova gələcək fəaliyyətində yeni uğurlar arzulayıb. “Rusiyanın potensialı və Azərbaycanın səyləri iki ölkə arasında iqtisadi münasibətlərin inkişafı, genişlənməsi və dərinləşməsi üçün böyük imkanlar açır”, – deyə baş redaktor əlavə edib.
Professor Heydər İmanov, öz növbəsində, ona təqdim olunan mükafata görə “Azərbaycanım” beynəlxalq jurnalının kollektivinə təşəkkürünü bildirib, Rusiya və Azərbaycan arasında elm, təhsil, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əmin olduğunu bildirib. Sonra Akademik Heydər İmanov rəhbərlik etdiyi müəssisənin fəaliyyəti barədə məlumat verərək, son 25 ildə Azərbaycanda və Rusiyada gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən danışıb.
Həmyerlimiz akademik İmanov Heydər Məmmədrza oğlu, “Smolnı Universiteti” İnnovativ Elmi-Tədris Konsorsiumunun prezidenti, “Electroceramics Holding Company” MMC-nin prezidentidir. Həmçinin Humanitar Elmlər Akademiyasının müxbir üzvü, Petrovski Elmlər və İncəsənət Akademiyasının akademiki, Avropa Təbiət Elmləri Akademiyasının akademiki, İctimai Noosferik Elmlər Akademiyasının birinci vitse-prezidenti, Akmeoloji İctimai Elmlər Akademiyasının vitse-prezidenti, Rusiya Federasiyası Federal Miqrasiya Xidmətinin Sankt-Peterburq üzrə ictimai şurasının üzvü, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsinin ictimai şurasının üzvü və “Sankt-Peterburq Azərbaycan Diasporu” Regional İctimai Təşkilatının sədridir.




Facebook'da Paylaş