Xocalı şəhidlərinin qanı yerdə qalmadı

23-02-2024, 11:31


Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 32 il ötür. Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir.
Bütün dünyanın gözü qarşısında baş verən bu soyqırımının əsl mahiyyəti Ulu Öndər Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra üzə çıxmışdır. 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Ümummilli Lider bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini açaraq demişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Xocalı həqiqətlərinin, erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər görüblər. Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə Prezident İlham Əliyevin tapşırığına əsasən yenidən qurulub, ətrafında səliqə-sahman yaradılıb. Dövlət başçısı hər il fevralın 26-da dövlət və hökumət, habelə ictimaiyyət nümayəndələri ilə birgə həmin abidənin önünə gəlir, soyqırımı qurbanlarının xatirəsini yad edir.
Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması Prezident cənab İlham Əliyevin xarici siyasət kursunda mühüm yer tutur. Bu barədə həqiqətlərin, erməni vandalizminin, törətdikləri qətliamların beynəlxalq aləmə, dünya ictimaiyyətinə çatdırılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən fəal və məqsədyönlü tədbirlər həyata keçirilir. Fondun təşkilatçılığı və diaspor üzvlərinin dəstəyi ilə hər il Xocalı faciəsinin ildönümü ərəfəsində dünyanın müxtəlif ölkələrində faciə qurbanları yad edilir, sərgilər, görüşlər, icazəli aksiyalar keçirilir, xarici ölkə vətəndaşlarına soyqırımdan bəhs edən kitablar, jurnallar, bukletlər çatdırılır.
2020-ci ilin noyabrında işğalçı Ermənistan silahlı qüvvələri üzərində qazanılan qələbədən sonra faciə ilə bağlı kitablara, görüşlərə, tədbirlərə xarici ölkə vətəndaşlarının marağı daha da çoxalıb. Onuda qeyd edək ki, ermənilərin işğalçılıq siyasətinə və haqsız ərazi iddiasına qarşı çıxan insanların, ölkələrin sayı artıb. Fondun fəaliyyəti sayəsində əvvəlki illərdən fərqli olaraq, indi dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri barədə daha dolğun məlumatlandırılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə qonşu Rusiya Federasiyasında, qardaş Türkiyə Cümhuriyyətində, İsraildə, Pribaltika ölkələrində, Almaniyada, Londonda, İspaniyada, İtaliyada, hətta okeanın o tayında - uzaq Amerikanın müxtəlif ştatlarında keçirilən və bütün dünyaya səs salan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası öz fəaliyyət missiyasını ildən-ilə genişləndirir. Fondun həyata keçirdiyi “Qarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə həyata keçirilmiş söyqırımlar, mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı bir sıra əcnəbi dillərdə nəşr olunan kitab və bukletlər xarici ölkələrdə yayımlanır. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində ingilis və rus dillərində nəşr olunan “Xocalıya ədalət” kitabı bu gün dünyanın bir sıra ölkələrində sülhsevər insanların stolüstü kitabına çevrilmişdir. Kitabda faciəyə dair fotolar, hadisənin törədildiyi gecə yaşanan qanlı cinayətlərə aid faktlar təqdim edilir, həmçinin Xocalıda törədilmiş əməllərin hüquqi qiymətləndirilməsi, Ermənistanın və onun rəsmilərinin məsuliyyətsizliyi beynəlxalq hüquqi əsaslarla izah olunur.
Prezident cənab İlham Əliyevin xarici ölkə rəhbərləri ilə görüşlərində, bütün çıxış və nitqlərində dönə-dönə vurğuladığı kimi, beynəlxalq hüquq və normaları, ədalət meyarı Azərbaycanın tərəfindədir və bunu dünya ictimaiyyəti də birmənalı olaraq qəbul edir. Beynəlxalq birliyin tamhüquqlu üzvü olan Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələri üzərində qazandığı möhtəşəm qələbədən sonra yerdə qalan problemlərin sülh yolu ilə həlli üçün təşəbbüslərini davam etdirir.
Mənfur ermənilər Xocalı soyqırımını törətməklə Azərbaycan xalqının gözünü qorxutmaq istəsələr də, buna nail ola bilmədilər. Bu faciə hər birimizi dərindən yaraladı, amma milli iradəmizi, azadlıq eşqimizi, işğalla barışmaz mövqeyimizi sarsıda bilmədi. Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşdu, Xocalıda soyqırımına məruz qalanların qisası döyüş meydanında alındı, günahsız soydaşlarımızın qanı yerdə qalmadı. Bununla da həmin şəhidlərin yaxınlarının, eləcə də bütün Azərbaycan xalqının ürəyinə su çilədilər. Vətənimizin mərd oğulları döyüş meydanında Xocalı cəlladlarını məhv etdilər, faşist xislətli ermənilərə heç zaman yadlarından çıxarmayacaqları dərs verdilər.

Ayna Novruzova, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri




Facebook'da Paylaş