Elşad Mirbəşiroğlu: “Yumşaq güc konsepsiyası qəbul olunmalıdır”

26-12-2023, 23:35

Elşad Mirbəşiroğlu: “Yumşaq güc konsepsiyası qəbul olunmalıdır”

“Bu gün həlledici məsələlər hərb meydanında deyil, əsasən informasiya platformalarında həll olunur. Müvafiq olaraq, artıq siyasət və diplomatiya müharibənin nəticələrini deyil, müharibələr siyasətin və diplomatiyanın nəticələrini ifadə və təsbit edir”.
Bu sözləri Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Deputat bildirib ki, bu baxımdan Azərbaycanın yumşaq güc konsepsiyası olmalıdır. Ölkəmiz son illərdə dünya proseslərinə təsir etmək gücünə sahib olduğunu qətiyyətlə nümayiş etdirir. Prezident İlham Əliyev də göstərdi ki, ölkəmiz özünü dünyanın supergücü hesab edən dövlət qarşısında iradə nümayiş etdirmək imkanındadır. Dövlət başçısı dünyanın gələcəyini müəyyən edən dünya liderləri ilə bir sırada dayanmaqdadır. “Bütün bunlar maraqlarımızın daha inamla qorunması, ölkəmizə qarşı qərəzli siyasi mövqelərin formalaşdırılması cəhdlərinin qarşısının alınması üçün daha sistemli şəkildə yumşaq güc siyasətinin həyata keçirilməsinin mümkünlüyünə və vacibliyinə dəlalət edir. Ölkəmiz dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşma, daxili işlərə qarışmama kimi bəşəri dəyərləri dəstəkləməklə özünün pozitiv beynəlxalq obrazını formalaşdırıb. Biz bu obrazımızı daha da gücləndirərək, onu maraqlarımızın müdafiəsi silahına çevirməyi bacarmalıyıq”, - deyə E.Mirbəşiroğlu əlavə edib.
Deputat qeyd edib ki, bunun üçün bütün magistralları dəqiq müəyyənləşdirməklə, hər bir istiqamət üzrə fəaliyyət mexanizmlərini tətbiq etməklə, yumşaq güc siyasətini həyata keçirmək lazımdır. Bunun üçün yumşaq güc konsepsiyasının qəbul olunması və ayrıca bir strukturun yaradılması məqsədəuyğundur.




Facebook'da Paylaş