Azərbaycan Ordusunun gücü

12-11-2023, 10:42

Azərbaycan Ordusunun gücü

Ali Baş Komandan: “Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmaq istəmirdi”
Ermənistan özü qurama dövlət olduğu üçün burada aparılan siyasət də qondarmadır. Bu ölkənin tarixi kökü və istinad yerini axtarsan yenə də gəlib Azərbaycana çıxır. Çox qəribədir ki, tarixi Azərbaycan ərazisində qurulan bu dövlət Azərbaycanla mehriban qonşluq etməyi belə, bacarmır. Əksinə, tarixən görümüşük ki, Ermənistan Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdüb. Bu düşmənçilik də havdarlarının hesabına Azəbaycanın əzəli topraqlarını işğal etməklə nəticələnmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Lakin Azərbaycan bu təcavükarlıqla heç zaman barışa bilmirdi. Ermənistana torpaqların sülh yolu ilə geri qaytarılması ilə bağlı xəbədarlıq edirdi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin noyabr 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda çıxışında bu haqda da danışıb: “Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmaq istəmirdi. İllər keçdikcə sülhə ümidlər tükənirdi. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul olmuş vasitəçilər faktiki olaraq vəziyyəti dondurmağa çalışırdılar, hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq”. Bu müddətdə Azərbaycan beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edirdi. Bu da tərəfdaş ölkələrin sayının artmasına səbəb olmuşdur. Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilirdi. Cənab Prezident çıxışında bu məsələyə də toxunub: “Biz 20 il ərzində bu günə doğru gedirdik, hazırlıq işləri gedirdi, beynəlxalq hüquq müstəvisində Azərbaycan mövqeləri möhkəmləndirilirdi. Siyasi müstəvidə apardığımız uğurlu fəaliyyət nəticəsində bütün dünya artıq bilməyə başlamışdır ki, haqlı tərəf bizik. İqtisadi sahədə apardığımız islahatlar imkan verdi ki, müstəqil iqtisadiyyat quraq, heç kimdən asılı olmayaq, öz həyatımızı özümüz quraq. Güclü siyasi iradə imkan verdi ki, müstəqil xarici siyasət aparaq, daxili siyasət aparaq, imkan verməyək kimsə bizim işimizə müdaxilə etsin”.
Azərbaycan üçün Qarabağ probleminin həlli ümummilli məsələ idi. Belə bir tarixi missiyanı yerinə yetirmək üçün Azərbaycan Ordusu hazırlanırdı. Nəhayət, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Xankəndi paradında Ali Baş Komandanın dediyi kimi İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi: “Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı”.
Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində sözün həqiqi mənasında peşəkarlıq, qəhrəmanlıq göstərmişdir. Bu, dünya hərb tarixinə yeni br döyüş təcrübəsi olaraq düşmüşdür. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Aparıcı Qərb mətbu orqanlarında Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. Buna görə də Prezident İlham Əliyev Xankəndindəki paradda çox böyük qürur hissi ilə Azərbaycan Ordusunun şüacətini yüəksək qiymətləndirmişdir: “Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah olan əsgərdir, zabitdir. O, sinəsini qabağa verir, ölümə getməyə hazırdır və biz bunu göstərmişik. Ən çətin, əlverişsiz coğrafi vəziyyətdə altı müdafiə zolağını yararaq, döşənmiş bir milyondan artıq minanın üzərindən keçərək, təpələrdə yerləşmiş düşmən mövqelərini məhv edərək, Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq və şücaət göstərmişdir”. Bu, Ermənistana tarix və unudulmaz bir dərs oldu. Bundan sonra Ermənistanda hakimiyyətə kim gəlsə, dönüb keçmişə baxaraq Azərbaycanla münasibətini ehtiyatla quracaq. Artıq Ermənistan rəhbərliyi və erməni xalqı Azərbaycanın gücünü gördü.

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent




Facebook'da Paylaş